Məhkəmə qərarları › İş №3(011)-825/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-825/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-825/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 29 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5180/2020 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-918/2023 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-7393/2014 saylı icra sənədləri Şəxs tərəfindən tam olaraq icra olunmamış və o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2023-cü il tarixli icra sənədlərindən xəbəri vardır və borcunu ödəməkdən imtina etmir. Lakin maddi vəziyyəti aşağı olduğundan icra sənədləri üzrə olan borcunu tam olaraq ödəyə bilməmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, borcunu hər ay hissəhissə olmaqla ödəyəcəyini bildirərək barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5180/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs ümumilikdə 6030 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək ödənilməmişdir. Artıq uzun müddətdir Şəxs tərəfindən icra sənədi üzrə olan borc məbləği ödənilmədiyindən o, məcbur qalıb qərarın icrası ilə əlaqədar icra məmuruna müraciət etmişdir. Beləliklə o, Şəxs məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5180/2020 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 6000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2(011)-918/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə görə 1920 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1970 manat pulun və 35.55 manat ödənilmiş dövlət rüsumunun Şəxs alınaraq X2 xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9.45 manat hissəsinin ididaçıya aid edilməsi qət edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-7393/2014 saylı icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X1 əsas kredit borcu üzrə 767.27 manat, faiz borcuna görə 66 manat, dəbbə borcu 30 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 893.27 manat müştərək qaydada pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5180/2020 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-918/2023 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-7393/2014 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdeh Şəxs 6000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı X4 xeyrinə; xx.xx.2019-cu il tarixli müqaviləyə görə 1920 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1970 manat pulun və 35.55 manat ödənilmiş dövlət rüsumunun X2 xeyrinə; X5 ilə müştərək qaydada əsas kredit borcu üzrə 767.27 manat, faiz borcuna görə 66 manat, dəbbə borcu 30 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 893.27 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasının qət edilməsinə baxmayaraq, Şəxs tərəfindən bugünədək icra sənədi üzrə olan borcdan heç bir ödəniş edilməmişdir ki, qeyd olunan hal onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnamələrinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Həmçinin məhkəmə qeyd edir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar