Məhkəmə qərarları › İş №3(011)-8261/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8261/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8261/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsinin 12 sentyabr 2025-ci il tarixli, İQ7134191 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin 12 sentyabr 2025-ci il tarixli, İQ7134191 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 18 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 3(011)- 4327/2025 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 18 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Lakin 12 sentyabr 2025-ci il tarixində Baş Dövlət Yol Polis İdarəsinin İnzibati Təcrübə üzrə qrupun inspektoru, polis kapitanı X4 tərəfindən yenidən qərar qəbul edilmiş və barəmdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat cərimə edilmişdir. Hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli İQ7134191 nömrəli inzibati tənbeh barədə çıxardığı qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Qərar qəbul olunarkən onun iştirakı təmin edilməmiş, ona məlumat verilməmiş və heç bir video görüntü təqdim edilməmişdir. Qeyd etməlidir ki, səlahiyyətli orqanın elektron sistemində fotoşəkillər mövcud deyildir, eləcə də protokolun tərtib edildiyi tarixdə (xx.xx.2025) o və onun avtomobili Bakı şəhərində olmuş, protokolla tanış olunmadan cərimə olunmuşdur. Eyni zamanda bildirir ki, xx.xx.2025-cı il tarixdə **-MA-*** qeydiyyat nişanlı avtomobili satdığı üçün, ona yazılmış qanunsuz protokolun 160 (yüz altmış) manat məbləğində cəriməsini dəbbə pulu daxil olmaqla ödəmişdir. Halbuki, həmin dövr ərzində Xətai Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli 3(011)-4327/2025 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş və Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 18 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən sübutlar ona təqdim edilməmiş və inzibati icraat zamanı onu iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 12 sentyabr 2025-ci il tarixli, İQ7134191 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 15:59-da Şəki-Qax yolu 29-cu km “Toyota Corolla minik” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 sentyabr 2025-ci il tarixli, İQ7134191 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2025-ci il tarixdə, saat 15:59-da Şəki-Qax yolu 29-cu km “Toyota Corolla minik” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması göstərilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 bildirmişdir ki, inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən sübutlar ona təqdim edilməmiş və inzibati icraat zamanı onu iştirakı təmin edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 12 sentyabr 2025-ci il tarixli, İQ7134191 nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2025-ci il tarixli, İQ7134191 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2025-ci il tarixli, İQ7134191 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetmədiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar