Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8262/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərarının (protokolun) qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 15 mart 2025-ci il tarixdə təqribən saat 15:30-15:40 aralığında Bakı şəhəri, Neftçilər prospektindən Ağ Şəhər Bulvarı istiqamətində hərəkət edərkən, Hökumət evini keçdikdən sonra, “Marriott Abşeron” oteli keçərkən, arxadan X10 əməkdaşlarının xidməti avtomobillərindən gücləndirici səs vasitəsilə etdikləri “sola çək, saxla” deyə bir neçə müraciətlərindən sonra idarə etdiyi **-TL- *** dövlət nömrə nişanlı avtomobili Keykab xanım Safaraliyeva küçəsi ilə Neftçilər prospektinin kəsişən hissəsində solda avtomobillərin hərəkət zolağından kənarda saxlamışdır. Arxadan polis əməkdaşları məcburi şəkildə saxlamağı tələb etdikləri üçün saxladığı hissə həmin yolda avtomobillərin hərəkətinə mane olmayan ən uyğun yer olmuşdur. Bunu xəritədən mübahisəsiz görmək mümkündür. X9 əməkdaşları ona səsgücləndirici vasitəsilə dəfələrlə solda saxlamağa məcbur etdikləri üçün həmin sahənin avtomobil saxlamaq üçün qadağan olubolmadığını düşünmək imkanı olmamışdır. Halhazırda görüntü təqdim olunmadığından da dəqiq olaraq saxladığı yerin görüntüsünü görmək də mümkün deyildir. Qeyd etdiyi kimi, həmin əməkdaşlar onu məcburi olaraq yolun sol kənarında saxlatmış və yaxınlaşan polis əməkdaşı bildirmişdir ki, arxada “Marriot Abşeron” otel hissəsində qayda pozuntusu edərək xətti tapdalamış, buna görə 80 manat və iki bal cərimə olunmalıdır. O, bu cür pozuntu etmədiyini bildirərək görüntünü təqdim etmələrini xahiş etmişdir. Həmin polis əməkdaşı xidməti avtomobillərinə yaxınlaşaraq digər əməkdaşla birlikdə nə isə telefonlarında etdikdən sonra ona yaxınlaşmış və şəxsi mobil telefonundan ona bir görüntü göstərmişdir. Lakin, həmin görüntüyə baxmaq imkanı vermədən də geri çəkmişdir. O, ona öz avtomobillərindən bu cür çəkilişin qanuni olubolmadığını soruşan kimi də, dərhal əsəbləşərək, “sizə protokol tərtib edəciyik” deyib xidməti avtomobilinə tərəf getmişdir. Bundan sonra o, dərhal avtomobillə həmin yerdən getdiyi istiqamətdə hərəkətə başlamışdır. Üzərindən bir neçə dəqiqə keçəndən sonra (saat 15:46) telefonuna SMS.Radar.az-dan İXM-nin 327.1-ci maddəsi ilə 40 Azn cərimə olunması barədə mesaj gəlmişdir. Daha sonra SMS.Radar mobil tətbiqinə daxil olaraq bunun nə olduğunu öyrənmək istədikdə, məlum olmuşdur ki, Zorge Neftçilər (polis əməkdaşlarının onu saxlamağa məcbur etdikləri yer) kimi qeyd olunan və əlavə olunan xəritədə yer məlumatında saxladığı yeri göstərən yerdə saxladığı üçün onu cərimə ediblər. Həmin məlumatda video görüntü yerləşdirməli olduqları halda bunu etməmiş, sadəcə xəritədə yeri işarələmişlər. Hesab edir ki, görüntülərdə onu DYP əməkdaşlarının saxlatdırdıqları görünəcəyi üçün bu görüntüləri yerləşdirməli olduqları halda bunu etməmişlər. Göründüyü kimi, DYP əməkdaşları onu qanunsuz olaraq saxlamış (əksi olsaydı həmin inzibati xəta ilə cərimə olunardı), qanunsuz və məcburi saxlatdırdıqları ərazidə saxladığı üçün də qanunsuz olaraq cərimə etmiş və bunun ondan asılı olmayan səbəbdən - DYP əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində məcburi olaraq baş verdiyini aşkara çıxartmamaq üçün cərimə barədə bildirişlərdə video görüntü yerinə xəritədə yer görüntüsünü yerləşdirmişlər. İnzibati xəta yeri kimi xəritə üzərində işarələnən yerin avtomobil saxlanılması üçün qadağan olunan yer olub-olmaması barədə məlumatlı deyiləm, sadəcə xəritədən də göründüyü kimi, həmin sahə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmamış və bu cür hərəkət zolağının kənarında əlavə sahə kimi göstərilmişdir. Hesab edir ki, inzibati olaraq cərimələndiyi xəta barəsində hansısa görüntüyə əsasən inzibati protokol tərtib olunmalı idi. Belə bir görüntü var idisə, onu mobil tətbiqdə yerləşdirməli, bu mümkün olmadıqda isə onu dəvət edərək, bu barədə qərar tərtib olunmamışdan əvvəl tanış etməli idilər. Bu səbəbdən barəsində tərtib olunnuş hazırkı mübahisəli protokol və bu barədə qərar qanunsuz və əsassızdır. Barəsində mübahisəli protokol və qərar İXM-nin 327.1-ci maddəsinə əsasən tərtib olunmuşdur. Hazırkı mübahisəli aktlardan onun bu maddədə sadalanan konkret olaraq hansı qaydanı pozduğu görünmür və sübut olunmur. Hazırkı işdən göründüyü kimi, onun barəsində çıxarılmış hazırkı inzibati tənbeh vermə haqqında elektron qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətaya görədirsə, o zaman bu görüntü elektron informasiya sisteminə yerləşdirilməli və o, bu sistemə daxil olan zaman xəritədə yeri deyil, məhz bu görüntüləri görməli idi. Lakin hazırkı işdən mübahisəsiz göründüyü kimi, bu belə olmamışdır. Əlavə olaraq, o, onu sola çəkib saxlamağı tələb edən DYP əməkdaşlarının buna “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin tələblərinə əsasən səlahiyyətləri olduğu üçün, onların tələblərinə uyğun olaraq sola çəkib saxlamışdır. Saxlamaqlarının qanunsuz olduğunu dialoqdan sonra bilmiş və bundan sonra avtomobilini sürüb həmin ərazidən getmişdir. Yəni, o, avtomobil sürücüsü kimi, səlahiyyətli polis əməkdaşının “sola çək saxla deyə tələbinə” əməl etmişdir. Lakin hazırkı işin hallarından göründüyü kimi, onun mübahisəli qərar və protokolda göstərilmiş inzibati xətanı törətmədiyi mübahisəsiz haldır. Məlum olduğu kimi, sözügedən inzibati xəta barədə verilmiş qərarlar tərəfimdən iki dəfə mübahisələndirilmiş, hər iki iş üzrə məhkəmə tərəfindən inzibati xəta haqqında qərar ləğv olunaraq yenidən baxılması, araşdırılması üçün səlahiyyətli orqana (şəxsə) göndərilmiş, lakin, hər iki dəfədə də heç bir araşdırma aparılmadan, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarına məhəl qoyulmadan qanunsuz və əsassız mövqe təkrarlamışdır. Hesab edir ki, məhkəmə artıq üçüncü dəfə baxacağı halda bu kobud pozuntuya hüquqi qiymət verəcək, vətəndaşın hüququnun pozması ilə bərabər, dövlətin adından çıxarılan məhkəmə qərarına bu cür davrananlar barəsində xüsusi qərardad çıxarılmasını təmin edəcəkdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən digər sübutlar ona təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2524/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib olunmuş 28 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4556/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, Bakı şəhər X10 İdarəsi tərəfindən 15 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 27 may 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Bakı şəhər X10 İdarəsinin polis kapitanı X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 15:41-də “BMW 530 Xİ minik” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilmiş, şikayətçinin müraciəti və məhkəmənin qərarı əsasında inzibati təənbeh vermə haqqında qərar yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilmişdir. Lakin səlahiyyətli orqan heç bir sübuta istinad etmədən, əlavə araşdırma aparmadan və hadisənin baş vermə anını özündə əks etdirən vidoegörüntünü təqdim etmədən yenidən eyni məzmunlu qərar qəbul etmişdir. Odur ki, məhkəmə yuxarıda istinad olunanlara əsasən hesab edir ki, qərarın daha öncə 2 dəfə ləğv edilib yenidən araşdırılması üçün göndərilməsi fərqli nəticə vermədiyindən, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-8262/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8262/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver