Məhkəmə qərarları › İş №3(011)-8362/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8362/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8362/2025 10.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, X1 iştirakı ilə, X1 DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025 tarixdə barəsində İXM-nin 327.1-1-ci maddəsi əsas götürülərək İXP ******* nömrəli inzibati protokol tərtib edilib elektron kabinetinə yerləşdirilmişdir. Protokol ilə tanış olduqda aşkar etmişdir ki, iddia olunan qayda pozuntusu xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb və protokola heç bir foto/video material əlavə olunmadan, üzərindən iki həftə vaxt ötdükdən sonra tərtib edilib. Vətəndaş elektron protokol vasitəsi ilə İXM-nin 38.6-cı maddəsinə əsasən 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu maddəni əsas tutaraq və video/foto sübüt olmadığı üçün xx.xx.2025 tarixdə DİN-nin E-Polis tətbiqi vasitəsi ilə protokol üzrə 3-13/1- A-70797/2-11/2025 nömrə altında qeydiyyata alınmış şikayət ərizəsi vermişdir. Şikayət etməyinə baxmayaraq xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati protokol üzrə iştrakı olmadan TP ******* nömrəli qərar qəbul edilmişdir. Müraciətilə bağlı elektron kabinet və ya digər rabitə vasitələri ilə heç bir cavab almadığı üçün xx.xx.2025 tarixdə Bakı şəhər BDYP-si idarəsinə getmişdir. Ərizənin icraatı Fərid İldırımzadədə olduğunu öyrənib əyləşdiyi kabinetə yaxınlaşıb yuxarıda qeyd etdiyi iradları ona bildirmişdir. O, öz növbəsində qayda pozuntusu şəhər təhlükəsizlik kameraları tərəfindən qeydə alınmasına baxmayaraq şikayətçinin haqsız olduğunu bildirib, protokolun elektron olmadığını israr etdi və guya törətdiyi qayda pozuntusunun videosunu onun iş kompüterində baxmağa dəvət etdi. Videoya baxdıqda İXM-nin 327.1-1-ci maddəsinin tələbi olan 5.9, 5.10.1-5.10.3 yol nişanlarının görüntüdə olmadığını açıq- aşkar şəkildə seyr etmiş və dərhal faktla bağlı iradını bildirmiş, lakin F.İldırımzadə asfaltda olan, lakin 327.1-1-ci maddəsində adı getməyən "BUS" yazısını əsas gətirərək TP ******* nömrəli qərarın doğru olduğunu bildirmiş və xitam edilməsinə qəti sürətdə etiraz etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 xx.xx.2025-ci il tarixdə “Chevrolet Sonic” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə “Chevrolet Sonic” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmalı, ilk öncə törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağın yolun neçənci kilometrliyindən başlanması, yolda hərəkətdə olan digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olmasının yolun hansı hissəsindən başlayaraq qadağan olunması, hərəkətdə olan digər nəqliyyat vasitələrinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağın başladığı hissədə zolağı dəyişmək üçün yol nişanının olub-olmaması, olduğu təqdirdə zolağı dəyişmək üçün yerdə qırıq-qırıq nişanlanma xəttinin olub-olmaması müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayətçi barəsində qəbul edilmiş qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən (hazırkı məhkəmə qərarının təsviri - əsaslandırıcı hissəsində göstərilən hallar) araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar