Məhkəmə qərarları › İş №3(011)-8365/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8365/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8365/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə 25 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, 25 sentyabr 2025-ci il tarixdə, saat 14:39-da ünvan 1ov küçəsi, ev 1156, məhəllə 3, m ünvanında yerləşən "xxxx" MMC-yə məxsus obyektdə keçirilən plandankənar yoxlama zamanı dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkar edilmişdir. Nəticədə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 221.1-ci maddəsi ilə tərtib edilmiş protokolun əsasını dövlət qeydiyyatından keçirilməmiş dərmanların aşkar edilməsi faktı təşkil etməlidir. Lakin aparılan yoxlama zamanı ümumiyyətlə həmin dərmanlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər sübut növü kimi qiymətləndirilə bilməz, belə ki yoxlama zamanı yalnız dərman qutularının aşkar edilməsi, həmin dərmanların istifadə edilməsi və satılması anlamına gəlmir. Bundan əlavə, səlahiyyətli orqan tərəfindən aparılan yoxlama zamanı nümayəndənin iştirakı təmin edilməmiş və onun hadisəyə münasibəti öyrənilməmişdir. İnzibati xəta haqqında protokolda aşkar edilən dərmanların adı qeyd edilməmişdir. "xxxx" MMC ilə Koreada fəaliyyət göstərən şirkət arasında dərmanların alqı-satqısı ilə bağlı müqavilə vardır. Dolğu dərman olmasa da, botoks dərman vasitəsi hesab edilir. Bu qaydadan sonra onlar Koradan dərman alışını dayandırmışlar və dekabr ayına qədər müqavilənin müddətini uzadaraq dərmanların dövlət qeydiyyatından keçirilməsini təmin etdikdən sonra yenidən alışını həyata keçirməyi planlaşdırmışlar, bu səbəbdən iş materiallarında olan qaimələr yazılmışdır. Həmçinin, qaimələri tərtib edən şəxsin adı və imzası da yoxdur. Yoxlama zamanı aşkar edilmiş dərman qutuları dərman vasitələrinin tərkiblərinin öyrənilməsi üçün əldə edilmişdir, lakin həmin qutularda hər hansı bir dərman vasitəsi olmamışdır. Odur ki, göstərilənlərə əsasən o, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X7 "xxxx" MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, plandankənar yoxlama aparılarkən "xxxx" MMC-yə məxsus obyektdə dövlət qeydiyyatından keçməyən dərman vasitələrindən istifadə olunması faktı aşkar edilmişdir. Beləliklə o, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, yoxlama hüquqi şəxsin nümayəndəsi X1 iştirakı, müşayiəti və təqdim etdiyi sənədlər və sahələr əsasında keçirilmişdir, həmçinin onun həmin şirkəti təmsil etmək hüququnun olmasını təsdiqləyən nümayəndəlik müqaviləsi də iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X11 Şəxsinin baş direktor müavini X14 tərəfindən tərtib olunmuş 25 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 sentyabr 2025-ci il tarixdə, saat 14:39-da ünvan 1ov küçəsi, ev 1156, məhəllə 3, m ünvanında yerləşən "xxxx" MMC-yə məxsus obyektdə keçirilən plandankənar yoxlama zamanı dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkar edilmiş, nəticədə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 25 sentyabr 2025-ci il tarixli, 2-263 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, kütləvi informasiya vasitəsində yayılmış məlumata əsasən 25 sentyabr 2025-ci il tarixdə ünvan 2ov, ev 1156, məhəllə 3, m ünvanında yerləşən "xxxx" MMc-yə məxsus obyektdə plandankənar yoxlama keçirilmişdir. Yoxlamanın birinci sualı üzrə qeyd edilməlidir ki, nöqsan aşkar edilmişdir. Aidiyyəti sübutlar yoxlanış materiallarına əlavə edilmişdir. Yoxlamanın ikinci sualı üzrə nöqsan aşkar edilməmiş, üçüncü, dördüncü və beşinci suallara baxılmamışdır. Yoxlama nümayəndə X1 iştirakı, müşayiəti və təqdim etdiyi sənədlər və sahələr əsasında keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3- 28-1/3-2-1097/2025 saylı qərardan görünür ki, ünvan 2ov, ev 1156, məhəllə 3, m ünvanında yerləşən "xxxx" MMC-yə məxsus əczaçılıq təşkilatında AEM-nin Mülki dövriyyəsi məhdudlaşdırılmış dərman vasitələri ilə iş sektorunun müdiri qrup rəhbəri X8, AEM-nin Mülki dövriyyəsi məhdudlaşdırılmış dərman vasitələri ilə iş sektorunun müfəttişi X10, AEM-nin Keyfiyyətli idarəetmə şöbəsinin müdiri X4, AEM-nin Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X5, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X2 tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY252371885 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ünvan 2ov, ev 1156, məhəllə 3, m ünvanında yerləşən "xxxx" MMC-yə məxsus əczaçılıq təşkilatında xx.xx.2025-ci il tarixli Qərar əsasında plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. “İnstagram” sosial şəbəkəsində müxtəlif səhifələr tərəfindən edilmiş paylaşımlardan və yoxlama zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət qeydiyyatından keçməyən “Red Tox” və “One Tox” adlı dərman vasitələrinin satışı həyata keçirilmiş və əczaçılıq obyektində aparılan yoxlama zamanı həmin dərman vasitələrinə məxsus qutuların olması da aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli ******* nömrəli və xx.xx.2025-ci il tarixli ******* nömrəli qaimə fakturalardan görünür ki, hüquqi şəxs tərəfindən “Red Tox” və “One Tox” adlı dərman vasitələrinin satışı həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarında dərman vasitələrinin dövlət qeydiyyatı üçün müraciət edilməsi qaydası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ixtisaslaşdırılmış ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin əlavə ixtisaslaşdırılmış ekspertizası və əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə qərarın qəbul edilməsi qaydaları müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə özlərini təqsirliyi bilməyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə nümayəndənin qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Belə ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillər və qaimələrlə hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışının və istifadəsinin həyata keçirilməsi sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 25 sentyabr 2025-ci il tarixli, 2-263 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 25 sentyabr 2025-ci il tarixdə, saat 14:39-da ünvan 1ov küçəsi, ev 1156, məhəllə 3, m ünvanında yerləşən "xxxx" MMC-yə məxsus obyektdə keçirilən plandankənar yoxlama zamanı dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin istifadəsi faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXMnin 221.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə ºikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar