Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8372/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Vəzifəli şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, İİ qrup Qarabağ qazisidir. Nərimanov rayonu ərazisində yerləşən “Qazilər kafesi” adı ilə tanınan obyekti əvvəllər icarəyə işlətmişdir. Sonralar o, obyekti təhvil vermişdir. Həmin vaxtlarda obyektə Ekologiyanın işçiləri gəlib orada baxış keçirmişlər. Keçirilən baxış zamanı orada manqalın tüstüsü olduğunu demişlər, o isə orada manqal işlətmədiyini bildirsə də, ona və sözünə məhəl qoymamışlar. Sonra ona ərizə yazdırıb bildirmişlər ki, ona tüstüyə görə qurğu göndərəcəklər, lakin ona nə qurğu göndərmişlər, nədə ki, məlmat vermişlər. Sonra o, cərimə yazıldığını öyrənmişdir. Onun bu cəriməyə etirazı var. Özü əlil və İİ qrup Qarabağ qazisidir. Bir ayağı da yoxdur. Obyekt onun deyil, sadəcə icarəçi olmuşdur. İcarə müqaviləsi adında qaldığına görə ona yazıblar cəriməni. Orada heç vaxt manqal yanmayıb, manqal olub, ancaq orada pivə verilib. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək barəsində barəsində qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, yoxlamaya gələn zaman manqal işləmirdi, çay verilirdi. Həmin kafeni o, idarə etməmişdir, sadəcə olaraq 3 illik icarə müqaviləsi bağlanmış və o, fikirləşmişdir ki, təzə icarəçi gəlsə müqaviləni təzələyəcək, bu səbəbdən müqaviləni ləğv etdirməmişdir. Onun inzibati xətaya heç bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək vəzifəli şəxs X4 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirməklə, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli, 002782 nömrəli aktdan görünür ki, ETSN-nin çağrı mərkəzinə daxil olmuş vətəndaş tərəfindən ünvanlanmış “binanın zirzəmisində kafe var, iy-qoxu əlindən dayanmaq mümkün deyil” mövzulu müraciətə əsasən qeyd olunan ünvanda 11 saylı REİSİ-nin müfəttişləri kafenin icarədarı Göyüşov Rafael ilə birgə monitorinq keçirmişlər. Monitorinq zamanı şikayətçi ilə telefon əlaqəsi saxlanılmış və iştirak üçün dəvət olunmuş, lakin şikayətçi işdə olduğu üçün iştirak edə bilməyəcəyini bildirmişdir. Araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən ünvanda yaşayış binasının birinci mərtəbəsində “Qazilər” adlı kafe fəaliyyət göstərir və mətbəxdə manqaldan istifadə edilir, lakin tüstü bacasında qaz toz tutucu təmizləyici qurğu quraşdırılmamışdır. Havalandırma sistemi yaşayış binasının dam örtüyünə qədər quraşdırılmışdır. Tərəflərindən kafe fəaliyyətdə olduğu zaman yaşayış binasının həyətində havalandırma sisteminin ətrafında (tüstü bacanın) səyyar cihaz SKY 2000-RS vasitəsilə ölçmə işləri aparılmışdır. Ölçmə nəticəsi dəm qazının CO-6.1 mq/m3 (norma 5.0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən normadan artıq olduğu müəyyən edilmişdir. Monitorinq zamanı icarədar Rafael Göyüşov iştirak etsə də, monitorinq aktının tərtibatında iştirak etmədiyi üçün akta imza atmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 12 fevral 2025-ci il tarixli, MN ¹ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən Nərimanov rayonu, Ağa Nemətulla 20 ünvanında “Qazilər” kafesinin fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olması, qaztoztutucu qurğu ilə təmin olunmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Qazilər” adlı kafedə yoxlama keçirilmiş, kafedə manqaldan istifadə edilməsi nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarı səyyar cihaz vasitəsi ilə ölçülmüş və normadan artıq olması müəyyən edilmişdir. X3 ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Sərxan Musayevə icarəyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 12 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X4 tərəfindən Nərimanov rayonu, Ağa Nemətulla 20 ünvanında “Qazilər” kafesinin fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olması, qaz-toztutucu qurğu ilə təmin olunmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçi X4 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında “Qazilər” adlı kafedə manqalın olmasına baxmayaraq həmin manqaldan istifadə olunmadığını qeyd etsə də, iş materiallarında olan və səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərə və sənədlərə baxış keçirdikdə müəyyən olmuşdur ki, “Qazilər” adlı kafedə yoxlama keçirilmiş, yoxlama zamanı kafedə manqalın olması və həmin manqaldan istifadə edilməsi nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarı səyyar cihaz vasitəsi ilə ölçüldükdə normadan artıq olması müəyyən edilmişdir. Bundan əlavə X4 “Qazilər” adlı kafenin hadisə baş verən ərəfədə tərəfindən idarə olunmadığını, sadəcə olaraq icarə müqaviləsi onun adında qaldığından barəsində cərimə cəzasının tətbiq edildiyini qeyd etmiş və inzibati xətaya heç bir aidiyyətinin olmamasını qeyd etmişdir. Bu halla bağlı məhkəmə qeyd edir ki, X3 ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, həmin tarixdən etibarən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Sərxan Musayevə icarəyə verilmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, “Qazilər” adlı kafenin icarəçisi X4 tərəfindən ünvan 2 ünvanında yerləşən “Qazilər” adlı kafenin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olmuş, qaz-toztutucu qurğunun istismar qaydası pozulmuş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8372/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8372/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver