Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8380/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, şikayətçi X1 nümayəndəsi X2 iştirakları ilə, «X17» MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: «X17» MMC-nin direktoru X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi «X17» MMC-nin direktoru X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, AR ƏƏSMN yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin 26 iyul 2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarı ilə vəzifəli şəxs kimi AR İXM 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. İnzibati araşdırma direktor kimi çalışdığı “X16” MMC barəsində aparılmış, araşdırmanın əsası DİN tərəfindən təqdim edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız halda X5 adlı şəxslə “Əmək və məşğulluq” alt sistemində də qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi ilə bağlı olmuşdur. “X16" MMC işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan bir çox layihədə Podratçı kimi xidmət göstərir. Yuxarıda adı keçən şəxs “X16” MMC-nin əməkdaşı olmuş onunla əmək müqaviləsi bağlanmışdır. Ona Podratçı kimi çıxış etdikləri layihələrdə işləmək məqsədi ilə işğaldan azad edilmiş ərazilərdə iş üçün müvafiq portaldan Sifarişçi (Azərişıq ASC) vasitəsi ilə iş icazəsi alınmışdır. Lakin sonradan həmin əməkdaşla əmək müqaviləsinə xitam verilmiş və işğaldan azad edilmiş ərazilərə iş icazəsi xitam verilməsi üçün siyahı həmin iş icazəsini alan Sifarişçiyə təqdim edilmişdir. Sistemdə baş vermiş xətaya görə həmin şəxsin adının siyahıda deaktiv edilməsi Sifarişçi tərəfindən mümkün olmamışdır (lakin sonradan həmin şəxsin adı portalda deaktiv edilmişdir). Bir daha qeyd edilməlidir ki, adıkeçən şəxs əmək müqaviləsinə xitam verildikdən sonra hər hansı işə cəlb edilməmişdir (bu faktı həmin şəxs özü də təsdiq edə bilər). Lakin qeyd edilənlərə baxmayaraq, AR ƏƏSMN yanında X10 Xidməti Bakı Şəhər İdarəsi inzibati araşdırmanı düzgün aparmamış, “X16” MMC barəsində əsassız protokol tərtib edərək inzibati tənbehin verilməsi üçün Xətai Rayon Məhkəməsinə göndərmiş, vəzifəli şəxs kimi onun barəsində isə özü qanunsuz qərar qəbul edərək 3000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil, hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən ləvğ edilməlidir. İnzibati orqan öz icraatını düzgün aparsaydı ƏMAS sistemində görə bilərdi ki, adı keçən şəxslə vaxtilə əmək müqaviləsi mövcud olmuş və ona xitam verilmişdir. Həmçinin orqan həmin şəxsi dəvət edib izahatını alsaydı məlum olacaqdı ki, əmək müqaviləsinə xitam verildikdən sonra o, hər hansı işə cəlb edilməmişdir. Həmçinin araşdırma düzgün aparılsaydı, onun adının DİN portalında işğaldan azad edilmiş ərazilərə iş icazəsi aktiv statusunda olması həmin şəxsin əmək müqaviləsiz işə cəlb edilməsi anlamına gəlmədiyi aydın olacaqdır. Eyni inzibati icraatın nəticəsində, AR ƏƏSMN yanında X10 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən “X16” MMC barəsində 192.1ci maddəsi ilə tərtib edilmiş 12 iyul 2024-cü il tarixli MN1933299 saylı protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-3101/2024 saylı və xx.xx.2024-cü il tarixli 3(011)_5511/2024 saylı qərardadları ilə protokol və ona əlavə edilmiş sənədlər orqana geri qaytarılmışdır. Məhkəmə tərəfindən protokolun geri qaytarılmasının səbəbləri inzibati araşdırmanın orqan tərəfindən natamam aparılması və protokolda adı keçən şəxsin əmək müqaviləsi olmadan şirkət tərəfindən işə cəlb edilməsinin sübut olunmaması olmuşdur. 12 iyul 2024-cü il tarixli MN ******* saylı protokol sonuncu dəfə məhkəmə tərəfindən orqana geri qaytarıldıqdan sonra, inzibati orqan yenidən məhkəməyə müraciət etməmiş, həmin protokola xitam verilməsi barədə Şirkətə məlumat verilməmişdir. 12 iyul 2024-cü il tarixli MN ******* saylı protokolun təqsirin sübuta yetirilməsi ilə bağlı nəticəsi olmadığından və vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilmə barədə hazırkı mübahisəli qərar da həmin protokol əsasında qəbul edildiyindən, hesab edirəm ki, bir əmələ (X3 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi) iki cür (şirkət barəsində təqsirsizlik, vəzifəli şəxs barəsində məsuliyətə cəlb etmə barədə) hüquqi qiymət verilə bilməz. Göründüyü kimi, inzibati xəta hadisəsinin olması sübuta yetirilmir və onun əməllərində AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta tərkibi və əməldə onun təqsiri yoxdur. Tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin, AR ƏƏSMN yanında X10 Xidməti Bakı Şəhər İdarəsi bu faktı nəzərə almamış və o, X4 vəzifəli şəxs kimi AR İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə iclasında şikayətçi X1 nümayəndəsi X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin direktoru olduğu hüquqi şəxs «X17» MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmələrinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Beləliklə o, X1 heç bir inzibati xəta hadisəsi törətmədiyini bildirərək barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, «X17» MMC-nin direktoru X6 tərəfindən vətəndaş X9 xx.xx.2024-cü il tarixindən hazırki dövrədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə cərimə cəzası tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən o, şikayətçi «X17» MMC-nin direktoru X6 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, əvvəllər «X17» MMC-də elektrik vəzifəsində işləmiş, lakin xx.xx.2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verildikdən sonra o, həmin şirkətdə hər hansı əmək funksiyasının yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə iş materiallarını, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin rəis müavini X7 tərəfindən tərtib olunmuş 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X9 xx.xx.2024cü il tarixindən hazırki dövrədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 354 nömrəli əmrdən görünür ki, “X17” Məhdud Məsuliyyətli Cəmiyyətində “elektrik” vəzifəsində işləyən X9 ilə bağlanılmış1B1DR7X000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3101/204 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, hüquqi şəxs “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5511/204 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, hüquqi şəxs “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X9 xx.xx.2024-cü il tarixindən hazırki dövrədək «X17» MMC-nin direktoru X6 tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3101/204 saylı, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5511/204 saylı, xx.xx.2024-cü il tarixli qərardadlarına əsasən hüquqi şəxs “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılmasına baxmayaraq, səlahiyyətli orqan tərəfindən qərardadlarda qeyd olunan natamamlıqlar aradaan qaldırılmaqla yenidən məhkəməyə müraciət olunmamış və hüquqi şəxs “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola heç bir hüquqi qiymət verilməmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində izahatı alınmış X9 izahatında bildirmişdir ki, o, əvvəllər «X17» MMC-də elektrik vəzifəsində işləmiş, lakin xx.xx.2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verildikdən sonra o, həmin şirkətdə hər hansı əmək funksiyasının yerinə yetirilməsinə cəlb edilməmişdir. Yuxarıda qeyd olunan hallar və şikayətçinin ərizəsində göstərdiyi xüsusatlar araşdırılmadan, X3 izahatı alınaraq zəruri araşdırma aparılmadan, həmin vətəndaşın əmək müqaviləsinə xitam verildikdən sonra «X17» MMC ilə arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilmədən, şəxsin həqiqətən işğaldan azad edilmiş rayonlara gedib-getməməsi, həmin rayonlara getmişsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmaması araşdırılmadan, bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmadan vəzifəli şəxs X1 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs «X17» MMC-nin direktoru X6 tərəfindən şəxsin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən hüquqi şəxs «X17» MMC-nin direktoru X1 barəsində qəbul edilmiş 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 26 iyul 2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8380/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8380/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver