Məhkəmə qərarları › İş №3(011)-84/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-84/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-84/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 sentyabr 2024-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində X2 məxsus Honda markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.3 üfüqi nişanlanma xəttinin tələbininin pozulması ilə bağlı barəsində 17 oktyabr 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda "X8" Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin tələblərinin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət qeyd edilmişdir. AsanPay sisteminə foto və ya video sübut əlavə olunmadığına görə Protokola rəsmi elektron məktubla etirazını bildirsə də, heç bir sübut təqdim olunmadan barəsində İXM-nin 327.2.-ci maddəsinin tələblərini pozmaqla 100 (bir yüz) manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində qərar çıxarılmışdır. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki AR İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2.-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan əlavə, DYP əməkdaşı telefon zəngi vasitəsilə qayda pozuntusunun Təhlükəsiz şəhər kamerası vasitəsilə qeydə alındığını, həmin kameraların isə DYP-nin sisteminə inteqrasiya olunmadığını və bu səbəbdən foto və video sübutların AsanPay sisteminə əlavə oluna bilmədiyini bildirdi. Qeyd edir ki, İXM-nin 122-ci maddəsinə əsasən bu şəkildə protokol tərtib edilməsi qeyriqanunidir. Həmçinin, sənədlərdən aydın olur ki, qayda pozuntusu xx.xx.2024-cü il tarixində qeydə alınsa da protokol xx.xx.2024-cü il tarixində tərtib edilmişdir. Bu isə, İXM-nin 101- ci İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri adlı maddəsinin tələblərinə ziddir. Protokolun sonradan tərtib edilməsi yalnız hər hansı fiziki və ya hüquqi şəxsin (idarə və təşkilatın) şikayət ərizəsi əsasında, TŞ kameralarına baxış keçirməklə baş tuta bilər. Şikayətçi olmadığı təqdirdə və bununla yanaşı sübut olmadığı təqdirdə protokol tərtib oluna bilməz. Həmçinin bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X5 işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Qərar ona rəsmi qaydada xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Odur ki, barəsində tərtib edilmiş 17 oktyabr 2024-cü il tarixli İXP ******* saylı protokola Bakı şəhəri BPİ DYPİ tərəfindən çıxarılmış 27 oktyabr 2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi, hesablanılmış cərimə və dəbbə məbləğlərinin silinməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş X4 məhkəmə iclasına gəlməmişdir, lakin 09 yanvar 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə yerləşdirərək, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar X5 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, X5 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X4 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən X1 xx.xx.2024-cü il tarixdə, saat 09:07-də “Honda Accord minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Qərardan şikayət edən X4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli qərarda göstərilən inzibati xətanın X4 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X1 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 30 sentyabr 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar