Məhkəmə qərarları › İş №3(011)-8443/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8443/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8443/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs QSC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs QSC tərəfindən 40000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 14 sentyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 40000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 15 sentyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla bağlı 01 oktyabr 2025-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2025-ci il tarixli EP ******* nömrəli Protokolla "xxxx" QSC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsini bildirmiş və müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət etmişdir. "xxxx" şirkəti tərəfindən hər hansı inzibati xəta törədilməmiş, müqavilə üzrə mallar tam həcmdə ölkə ərazisinə gətirilmiş və dəyəri müvafiq qaydada ödənilmişdir, lakin xidmət göstərən bank və Mərkəzi Bank tərəfindən bu hallar ətraflı araşdırılmamış və düzgün qiymət verilməmişdir. Belə ki, "xxxx" QSC ilə "X2" şirkəti arasında xx.xx.2023-cü il tarixli İOSC-FR0084 nömrəli satış müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 0001 saylı xx.xx.2023-cü il tarixli əlavəsinə əsasən Tərəflər arasında Kalsium Xlorid (Calcium chloride 94-96%) adlı malın alınması razılaşdırılmış, dəyəri ümumilikdə 222,500.00 ABŞ dolları olaraq müəyyən edilmişdir. Əlavədə, ödənişlərin Satıcı tərəfindən mallar Alıcıya təhvil verildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu şərtə uyğun olaraq, malın dəyərinin 40,000.00 ABŞ dolları məbləğində hissəsi 14 sentyabr 2023-cü il tarixində, 100,000.00 ABŞ dolları məbləğində hissəsi isə 19 sentyabr 2023-cü il tarixində "xxxx" vasitəsilə "X2" şirkətinin bank hesabına köçürülmüşdür. Qalan məbləğlər üzrə ödənişlərin 45,000.00 ABŞ dolları məbləğində hissəsi 20 sentyabr 2024-cü il tarixində və 37,500.00 ABŞ dolları məbləğində hissəsi isə 07 oktyabr 2024-cü il tarixində "Turan Bank" vasitəsilə həyata keçirilmişdir. Mallar ölkə ərazisinə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli 20 Gömrük Bəyannaməsi əsasında hər birində 11,125.00 ABŞ dolları məbləğində yük olmaqla (20 × 11,125.00-222,500.00 ABŞ dolları) idxal edilmişdir. Bütün gömrük bəyannamələrində ödəniş kodu "120" (sonradan ödəniş, yəni "post payment") kimi göstərilmişdir ki, bu da malların dəyərinin müqavilə əlavəsində nəzərdə tutulduğu kimi, mallar ölkə ərazisinə gətirildikdən sonra ödənildiyini göstərir. Bununla belə, Yelo Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədə texniki səhvə yol verilmiş, ödənişin təyinatı mətnində sonradan ödəniş əvəzinə, ingilis dilində "prepayment" olaraq qeyd edilmişdir. Ödəniş tapşırığındakı digər detallar 40,000.00 ABŞ dolları həcmində ödəniş məbləği, benefisların adı (X2), benefisların bankı (Agricultural Bank of China), xx.xx.2023-cü il tarixli İOSC-FR0084 nömrəli müqavilə, bu ödəniş tapşırığının təqdim edilmiş gömrük bəyannamələri əsasında ölkəyə idxal edilmiş malların ödənişi olduğunu təsdiq edir. Ödəniş tapşırığındakı bütün detallar gömrük bəyannaməsindəki mallarla üst-üstə düşsə də, ingilis dilində qeyd edilmiş termində texniki yanlışlığa yol verilməsi inzibati orqanın protokol tərtib etməsinə səbəb olmuşdur. Lakin bu texniki yanlışlığın olması sahibkarlıq subyekti üçün xeyli miqdarda cərimənin tətbiq edilməsi ilə nəticələnməməlidir. Əks halda, bu ölkədəki biznes subyektlərinin inkişafı üçün mütənasib olmayan və əsassız maddi yük yaradar. İş üzrə sübutlar birgə araşdırıldıqda aydın olur ki, malların çatdırılmasını təsdiq edən gömrük bəyannamələrində (GB) də qeyd edilən tərəflər, malın adı, daşıyıcının adı, qısaca bütün detallar ödənişin ediliyi mallar ilə eynilik təşkil edir və eyni alğı-satqı əməliyyatına məxsusdur: GB, 2-ci xana: Təqdim edilən müqavilədə olduğu kimi göndərən şirkət "X2" şirkətidir; GB, 8-ci xana: Malı qəbul edən "xxxx" QSC-dir, GB, 20-ci xana: Çatdırılma şərti 120 (sonradan ödəmə) olaraq qeyd edilmişdir; GB, 31-ci xana: İnvoysda olduğu kimi idxal edilən mal kalsium xloriddir; GB, 33-cü xana: Malın kodu invoysda qeyd edildiyi kimi 282720 nömrəli təsnifata uyğundur, GB, 42-ci xana: Hər gömrük bəyannaməsi üzrə malların invoys dəyəri 11,125.00 ABŞ dolları olmaqla, ümumilikdə 20 bəyannamə üzrə 222,500.00 ABŞ dolları təşkil edir. Beləliklə, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 va xx.xx.2023-cü il tarixli 20 Gömrük Bəyannaməsindən xx.xx.2023-cü il tarixli **********3636 va **********4025 nömrəli, xx.xx.2023-cü il tarixli **********5491 və **********5496 nömrəli bəyannamələr üzrə hər birində 11,125.00 ABŞ dolları məbləğində yük olmaqla mal idxal edilmiş və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə malların ödənişi icra edilmişdir. Nəticə etibari ilə, alğı-satqı əməliyyatı üzrə ödənişin tamamilə sonradan köçürmə növündə olması və bu münasibətlərin, ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyası ilə uyğunluq təşkil etmədiyi aydın olur. Həmçinin nəzərə alınmalıdır ki, vahid məhkəmə praktikasında ödəniş tapşırığı və gömrük bəyannamələrində yol verilən texniki səhvlər inzibati xətanın törədilmiş hesab edilməsi üçün yetərli hesab edilmir və icraata xitam verilir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-5303/2025 nömrəli qərarı ilə oxşar iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş sənədləri birgə araşdırmış və texniki səhvə yol verildiyinə görə inzibati xətanın tətbiqini əsassız hesab etmişdir. Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin texniki vasitələrdən istifadə etməklə nümayəndənin mövqeyi öyrənilmiş, nümayəndə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan ödəniş tapşırığı surətindən görünür ki, Şəxs QSC tərəfindən 14 sentyabr 2023-cü il tarixində "xxxx" ASC vasitəsilə 40000.00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs QSC tərəfindən 14 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş bəyannamələrdən görünür ki, Şəxs QSC tərəfindən 40000.00 ABŞ dolları məbləğində vəsaitin qarşılığında alınmış mallar ölkəyə daxil olmuşdur. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən 14 sentyabr 2023cü il tarixində 40000.00 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüş, həmin məbləğ müqabilində olan mallar ölkəyə idxal olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar