Məhkəmə qərarları › İş №3(011)-849/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-849/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-849/2021 12.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, X1 və onun müdafiəçisi X4 iştirakı ilə, X3 Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X6 məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Fərman İsmayılov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, xx.xx.2020-ci il tarixdə saat 13:40 radələrində X5 (ünvan:Xətai rayonu, Nobel prospekti 15) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus KFC restoranında nahar fasiləsi zamanı həmin obyektə polis əməkdaşları daxil olmuş və orada olan Cəmiyyətin dörd əməkdaşını 37-ci Polis Şöbəsinə aparmışlar. X5 yerləşən KFC restoranında təmir işləri aparıldığından həmin gün orada olan əməkdaşlar Cəmiyyətin İT mütəxəssisi və texniki şöbənin əməkdaşları olmuşlar. Obyektin videokameraları tərəfindən çəkilmiş və şikayətə əlavə olunmuş videogörüntüdən də görünür ki, saxlanılaraq PŞ aparılmış əməkdaşların hər birinin ağzında gigiyenik maska olmuş və həmin şəxslərdən bəziləri hətta yemək masasının arxasından yenicə qalxmışlar. Həmin vaxt orada olan Cəmiyyətin əməkdaşı X6 gigiyenik maskada olmuş, sosial məsafəyə riayət etmiş və ən əsası da onun vəzifəsinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar hər hansı inzbati xətaya yol verməmişdir. 37-ci PŞ əməkdaşları Polis Şöbəsinə apardıqları dörd əməkdaşın 3-cü barəsində İXM- nin 211.2-ci maddəsi ilə inzibati xəta haqında protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə edilmiş və onlar cərimələri ödədikdən sonra yalnız onları buraxmışlar. Halbuki həmin əməkdaşlar da karantin rejiminin pozulmasına yol verməmişlər, inzibati cərimənin ödənilməsinə yumşaq formada desək təhrik edilmişlər. Ən əsası isə 37-ci PŞ əməkdaşları X6 barəsində qərəzli mövqe tutaraq onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək onu vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimələmişlər. Qeyd etmək lazımdır ki, ilk növbədə Samir Mahmudovun vəzifəli şəxs olub-olmaması, onun vəzifə səlahiyyətlərinə daxil olan hansı vəzifələrin yerinə yetirilməməsi polis əməkdaşları tərəfindən müəyyənləşdirilməmiş, barəsində qərəzli şəkildə İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə videogörüntülərdən göründüyü kimi, Samir Mahmudov polislər içəri daxil olarkən gigiyenik maskada olmuş, hətta özü onlara ilk olaraq yaxınlaşmışdır. Bundan başqa 37-ci PŞ əməkdaşlarının Samir Mahmudova qarşı qərəzli mövqeyi onunla sübut olunur ki, Samir Mahmudov barəsində inzibati xəta haqqında protokol təxminən saat 14:30 radələrində tərtib olunsa da (37-ci PŞ-nə aparıldığı vaxtdan, inzibati xəta haqqında protokol elektron sistemə yerləşdirilmişdir) o axşam saat 20:00-dək qanunsuz olaraq PŞ-də saxlanılmışdır. Samir Mahmudovun PŞ-də qanunsuz saxlanılması ilə bağlı özü 2 dəfə 102 xidmətinə, “xxxx” MMC hüquqşünası Gülay Səfərova 4 dəfə müraciət etsə də DİN çağrı mərkəzi tərəfindən sorğuları qeydiyyata alınmış, lakin hər hansı tədbir görülməmişdir. Bundan başqa vəkili və eyni zamanda Cəmiyyətin nümayəndəsi Gülay Səfərova 37-ci PŞ növbəçi hissəsi, Xətai Rayon Polis İdarəsinin rəisinin otaq nömrəsi ilə əlaqə saxlamış əməkdaşının 37-ci PŞ əməkdaşları tərəfindən qanunsuz saxlanılması barəsində 4000 manat cərimə edilməsinə dair inzibati xəta haqqında protokolun günorta tərtib olunub sistemə yerləşdirilməsinə baxmayaraq onun hələ də buraxılmamasını bildirmiş və bu məsələdə köməklik göstərilməsini xahiş etmişdir. Lakin bu kimi müraciətləri nəticə vermədiyindən xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində Gülay Səfərova DİN rəsmi saytından e-müraciət bölməsindən cənab Nazirin adına online müraciət ünvanlamış və X3 37-ci PŞ də qanunsuz saxlanılması barədə məlumat vermişdir. Qeyd olunan bütün bu hallar X3 nahar fasiləsi zamanı, tibbi gigiyenik maskada olmasına baxmayaraq, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar olmayan və ümumiyyətlə törətmədiyi inzbati xətaya görə qərəzli olaraq inzibati məsuliyyətə cəlb edilməsini sübut edir. Videogörüntüdən də göründüyü kimi, polis əməkdaşları içəriyə daxil olduqda, Samir Mahmudov və içəridə olan əməkdaşlar hamısı tibbi maskada olmuş, hər hansı sıxlıq yaşanmamışdır. Hətta nahar fasiləsi olduğundan müəyyən şəxslər masa arxasında nahar edirlər, naharlarını bitirən şəxslər isə masa arxasından duran kimi tibbi maskalarını taxırlar. Bütün bunlar hamısı restoranın video kamerasina qeydiyyata alınmışdır və şikayətə əlavə olunur. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin rəisi Elsevər Qədirovun xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 və onun müdafiəçisi X8 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞnin rəisi Elsevər Qədirovun xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37ci Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı oladan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞnin rəisi Elsevər Qədirov tərəfindən ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Xətai rayonu, A.Cəlilov küçəsi 26 saylı ünvanda xüsusi karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə iclasında müəyyən olundu ki, X6 “xxxx” MMC-yə məxsus KFC restoranının direktor müavinidir. X6 hər hansı vəzifəli şəxs deyil, lakin vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilmiş, onun barəsində xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən X3 izahatı alınmamışdır. Həmin protokol əsasında xx.xx.2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə hesab edir ki, X6 barəsində tərtib edilmiş protokol və qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib və qəbul olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. X9 Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən edilərək, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar