Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8539/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X2, Bakı şəhər BPİ-nin X15 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Qızmeydan Ərazi Dairəsi, Qızmeydan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhər BPİ X15 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:35 radələrində «BYD QİN PLUS DMİ Plug-İN Hibrid minik» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtoxuliqanlıq inzibati xətasını törtəmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisə qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə avtomobilini sərxoş vəziyyətdə idarə etdiyindən həyəcanlanmış və bu səbəbdən YPX əməkdaşları onu saxlayan zaman onların qanuni tələblərinə tabe olmamışdır. Lakin onlara qarşı hər hansı bir nalayiq ifadə işlətməmişdir. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol veməyəcəyini bildirərək yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X6 protokolların məzmunlarına uyğun izahat verərək Şəxs İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli protokolların tərtib olunduğunu bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X15 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru polis mayoru X4 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci tarixdə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi 8 küçəsində «BYD QİN PLUS DMİ Plug-İN Hibrid minik» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını pozmuşdur. Daha sonra sürücünün polis əməkdaşları tərəfindən saxlanılması təmin edilmiş və barəsində müvafiq olaraq İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X15 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmış, avtoxuliqanlıq və polisə tabesizlik etmiş sürücü Şəxs idarə etdiyi avtomobil tərəflərindən axtarılmışdır. Daha sonra həmin avtomobil M.Hadi küçəsi, bina 21 ünvanının qarşısında dayanmış şəkildə müəyyən olunmuşdur. Tərəflərindən əldə olunmuş məlumata əsasən avtomobildə 3 nəfər şəxs, yəni Şəxs Alim oğlu, X5, X9 olmuşlar və onlar açarı təhvil verməyə gələn zaman üzərlərindən kəskin alkoqol iyisi gəlmişdir. Həmin şəxslər polisin ünvanına nalayiq ifadələr işlədərək gcənin qaranlığında ictimai qaydanı pozmuşlar. Onları dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini davam etdirmişlər. Daha sonra həmin əraziyə CPA-nın əməkdaşları çağırılmış və həmin şəxslər onlara qarşı da nalayiq sözlər istifadə edərək tələblərinə tabe olmamışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin 07 oktyabr 2025-ci il tarixli, 3670 saylı narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktdan görünür ki, Şəxs sidiyində BAR aşkar olunmuşdur; sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 07 oktyabr 2025-ci il tarixli, 1/10686 saylı aktdan görünür ki, müayinə nəticəsində Şəxs ayıq olması aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 07 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 10:00-da tutulmuşdur; Bakı şəhər X15 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X3 tərəfindən tərtib olunmuş 07 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:35 radələrində «BYD QİN PLUS DMİ Plug-İN Hibrid minik» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş avtoxuliqanlıq inzibati xətasını törətmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Ramin Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisə qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xuliqanlıq etmiş və bununla da AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Ramin Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmiş və bununlada AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, səlahiyyətli nümayəndələrin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hadisənin görüntüsünü özündə əks etdirən videogörüntüyə baxış keçirilərkən də Şəxs avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq inzibati xətasının tərkibini yaradan hərəkətlərə yol verməsi öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən inzibati həbs və müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirləri tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə uyğun olaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3 maddəsinə əsasən 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirləri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8539/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8539/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver