Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8545/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan MR, Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 07 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs üzərinə düşən öhdəliyi heç bir üzürlü səbəb göstərmədən icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, Şəxs izahatı alınmışdır. Lakin Şəxs uşağın anası ilə görüşməsinə şərait yaratmamışdır. Belə ki, sonuncu dəfə o, uşağı İcra Şöbəsinə gətirməmiş və bu halı uşağın anası ilə görüşmək istəməməsi ilə əsaslandırmışdır. Bununla da borclu Şəxs barəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, borclu Şəxs icra sənədini icra etmədiyini və onun qanuni tələblərini yerinə yetirmədiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o qeyd etmişdir ki, əvvəllər bir neçə dəfə uşağı anasına verməyə çalışmışlar, lakin uşaq qəti olaraq imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən xəbəri olmuşdur. İcra sənədini icra etməkdən boyun qaçırmamışdır. İcra sənədində tələbkarın görüş günlərində uşağı gəlib onun yaşadığı ünvandan götürməsi və daha sonra yenidən həmin ünvana gətirməsi qeyd edilmişdir. İcra məmuru tərəfindən o, qanunsuz olaraq İcra Şöbəsinə çağırılmışdır. Bundan əlavə o, dəfələrlə övladı ilə müəyyən danışıqlar aparmasına baxmayaraq, qızı anası ilə ünsiyyətdə olmaqdan və onunla görüşməkdən imtina etmişdir. Bundan əlavə, məhkəmə qətnaməsinə əsasən övladı ilkin olaraq anasının himayəsinə verilmişdir, lakin onunla birlikdə qalmaq istəmədiyindən daha sonra həmin qətnamə ləğv edilmişdir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X1 xx.xx.2015-ci il təvəllüdlü X9 ilə ünsiyyət hüququ müəyyən edilmiş, iddiaçı X1 xx.xx.2015-ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olması üçün görüş vaxtı atanın iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaq şərti ilə, bazar günü saat 14:00-dək, övladının doğum günündə (19 dekabr) saat 12:00-dan saat 18:00-dək və 3 gündən artıq davam edən bayram günlərinin ilk 2 günü ərzində (ilk gün saat 10:00-dan gecə qalmaq şərti ilə ikinci gün saat 20:00-dək) təyin edilmiş, uşağın görüş günlərində və görüşün başlama vaxtında cavabdehin yaşayış yeri üzrə cavabdeh Şəxs tərəfindən iddiaçı X2, görüşün bitmə vaxtında isə eyni ünvanda iddiaçı X4 tərəfindən cavabdeh Şəxs təhvil verilməsi qət edilmişdir; icraata başlama haqqında 15 avqust 2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5406/2025 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 04 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5406/2025-016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası lə əlaqədar xx.xx.2025-ci il tarixə Xətai rayon İcra Şöbəsinin inzibati binasında icra tədbiri təyin olunmuşdur. Borclu Şəxs keçirilən icra tədbiri barəsində qabaqcadan (xx.xx.2025-ci il tarixdə) məlumat verilsə də, o, uşaq İnci Məmmədovanı təyin olunan vaxtda şöbəyə gətirməmiş və bu səbəbdən ünsiyyət baş tutmamışdır. Şəxs bildirmişdir ki, uşağı ilə aparılan söhbətlər zamanı o, şöbədə bir neçə dəfə olduğunu və tədbirdə iştirak edərək anası ilə ünsiyyətdə olmaq istəmədiyini bildirmiş və bu səbəbdən bu gün şöbəyə gəlməmişdir. Qarşı tərəf, yəni Zülfüqarlı Mələkxanım bildirmişdir ki, uzun müddətdir uşağını görmür və bununla bağlı mənəvi sıxıntılar keçirdir. Həmçinin Bakıya gəlmək üçün müəyyən maddi xərclər çəkir və əgər uşaq ünsiyyətdə iştirak etmək üçün şöbəyə gəlmirsə bununla bağlı borclu tərəfindən qabaqcadan məlumat verilməlidir. Borclu tərəfindən uşağın təyin olunan vaxtda şöbəyə gətirilməməsi səbəbdən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5406/2025-016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddiaçı X1 xx.xx.2015-ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olması üçün görüş vaxtı atanın iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaq şərti ilə, bazar günü saat 14:00-dək, övladının doğum günündə (19 dekabr) saat 12:00-dan saat 18:00-dək və 3 gündən artıq davam edən bayram günlərinin ilk 2 günü ərzində (ilk gün saat 10:00-dan gecə qalmaq şərti ilə ikinci gün saat 20:00-dək) təyin edilmiş, uşağın görüş günlərində və görüşün başlama vaxtında cavabdehin yaşayış yeri üzrə cavabdeh Şəxs tərəfindən iddiaçı X2, görüşün bitmə vaxtında isə eyni ünvanda iddiaçı X4 tərəfindən cavabdeh Şəxs təhvil verilməsi qət edilmişdir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində X7 iddiaçı tərəfindən görüş günlərində cavabdehin yaşayış yerindən götürülməsinin və görüş müddəti bitdikdən sonra onun yenidən həmin ünvanda təhvil verilməsinin qeyd edilməsinə baxmayaraq, iddiaçı X4 tərəfindən həmin şərtə əməl edilməmiş və uşaqla ünsiyyətin təmin edilməsi məqsədilə cavabdeh Şəxs əsassız olaraq Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə çağırılmışdır. Bundan əlavə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5406/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən məlum olduğu kimi Culfa Rayon Məhkəməsinin 2(089)-68/2024 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X7 anası Zülfüqarlı (Məmmədova) Mələkxanım Rasim qızının yanında qalması qət edilmiş, lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən X9 anası ilə getmək istəmədiyindən, uşağın psixoloji vəziyyəti və mənafeləri üstün tutularaq, Culfa Rayon Məhkəməsinin 2(089)-68/2024 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi icrası mümkün olmayan sənəd kimi məhkəməyə qaytarılmışdır. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə sübut qismində təqdim etdiyi 01 ədəd fleşkartda olan səs yazılarına baxış zamanı X7 anası ilə görüşmək və onunla qalmaq istəməməsini bildirməsi müəyyən edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8545/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8545/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver