Məhkəmə qərarları › İş №3(011)-8551/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8551/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8551/2025 30.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 03 oktyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 100000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2025-ci il tarixli EP ******* nömrəli protokolla Şəxs QSC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsini bildirmiş və müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunması üçün məhkəməyə müraciət etmişdir. Şəxs şirkəti tərəfindən hər hansı inzibati xəta törədilməmiş, müqavilə üzrə mallar tam həcmdə ölkə ərazisinə gətirilmiş və dəyəri müvafiq qaydada ödənilmişdir, lakin xidmət göstərən bank və Mərkəzi Bank tərəfindən bu hallar ətraflı araşdırılmamış və düzgün qiymət verilməmişdir. Belə ki, Şəxs QSC ilə “X4” şirkəti arasında xx.xx.2023-cü il tarixli İOSC-FR0084 nömrəli satış müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 0001 saylı xx.xx.2023-cü il tarixli əlavəsinə əsasən tərəflər arasında Kalsium Xlorid (Calcium chloride 94-96%) adlı malın alınması razılaşdırılmış, dəyəri ümumilikdə 222,500.00 ABŞ dolları olaraq müəyyən edilmişdir. Əlavədə, ödənişlərin Satıcı tərəfindən mallar Alıcıya təhvil verildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu şərtə uyğun olaraq, malın dəyərinin 40,000.00 ABŞ dolları məbləğində hissəsi 14 sentyabr 2023-cü il tarixində, 100,000.00 ABŞ dolları məbləğində hissəsi isə 19 sentyabr 2023-cü il tarixində "xxxx" vasitəsilə “X4” şirkətinin bank hesabına köçürülmüşdür. Qalan məbləğlər üzrə ödənişlərin 45,000.00 ABŞ dolları məbləğində hissəsi 20 sentyabr 2024-cü il tarixində və 37,500.00 ABŞ dolları məbləğində hissəsi isə 07 oktyabr 2024-cü il tarixində “Turan Bank” vasitəsilə həyata keçirilmişdir. Mallar ölkə ərazisinə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli 20 Gömrük Bəyannaməsi əsasında hər birində 11,125.00 ABŞ dolları məbləğində yük olmaqla (20 x 11,125.00 = 222,500.00 ABŞ dolları) idxal edilmişdir. Bütün gömrük bəyannamələrində ödəniş kodu “120” (sonradan ödəniş, yəni “post payment”) kimi göstərilmişdir ki, bu da malların dəyərinin müqavilə əlavəsində nəzərdə tutulduğu kimi, mallar ölkə ərazisinə gətirildikdən sonra ödənildiyini göstərir. Bununla belə, "xxxx" tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədə texniki səhvə yol verilmiş, ödənişin təyinatı mətnində sonradan ödəniş əvəzinə, ingilis dilində “prepayment” olaraq qeyd edilmişdir. Ödəniş tapşırığındakı digər detallar - 100,000.00 ABŞ dolları həcmində ödəniş məbləği, benefisiarın adı (X4), benefisiarın bankı (Agricultural Bank of China), xx.xx.2023-cü il tarixli İOSC-FR0084 nömrəli müqavilə, bu ödəniş tapşırığının təqdim edilmiş gömrük bəyannamələri əsasında ölkəyə idxal edilmiş malların ödənişi olduğunu təsdiq edir. Ödəniş tapşırığındakı bütün detallar gömrük bəyannaməsindəki mallarla üst-üstə düşsə də, ingilis dilində qeyd edilmiş termində texniki yanlışlığa yol verilməsi inzibati orqanın protokol tərtib etməsin səbəb olmuşdur. Lakin bu texniki yanlışlığın olması sahibkarlıq subyekti üçün xeyli miqdarda cərimənin tətbiq edilməsi ilə nəticələnməməlidir. Əks halda, bu ölkədəki biznes subyektlərinin inkişafı üçün mütənasib olmayan və əsassız maddi yük yaradar. İş üzrə sübutlar birgə araşdırıldıqda aydın olur ki, malların çatdırılmasını təsdiq edən gömrük bəyannamələrində (GB) də qeyd edilən tərəflər, malın adı, daşıyıcının adı, qısaca bütün detallar ödənişin ediliyi mallar ilə eynilik təşkil edir və eyni alqı-satqı əməliyyatına məxsusdur: GB, 2-ci xana: Təqdim edilən müqavilədə olduğu kimi göndərən şirkət “X4” şirkətidir; 8-ci xana: Malı qəbul edən Şəxs QSC-dir; 20-ci xana: Çatdırılma şərti 120 (sonradan ödəmə) olaraq qeyd ediın 31-ci xana: İnvoysda olduğu kimi idxal edilən mal kalsium xloriddir; GB, 33-cü xana: Malın kodu invoysda qeyd edildiyi kimi 282720 nömrəli təsnifata uyğundur; 42-ci xana: Hər gömrük bəyannaməsi üzrə malların invoys dəyəri 11,125.00 ABŞ dollarıolmaqla, ümumilikdə 20 bəyannamə üzrə 222,500.00 ABŞ dolları təşkil edir. Beləliklə, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli 20 Gömrük Bəyannaməsindən xx.xx.2023-cü il tarixli **********5500, **********5505, **********5507, **********5509, **********5512, **********5514, **********5518 nömrəli və xx.xx.2023-cü il tarixli **********7229, **********7271 nömrəli bəyannamələr üzrə hər birində 11,125.00 ABŞ dolları məbləğində yük olmaqla mal idxal edilmiş və xx.xx.2023cü il tarixli ödəniş tapşırığı ilə malların ödənişi icra edilmişdir. Nəticə etibari ilə, alqı-satqı əməliyyatı üzrə ödənişin tamamilə sonradan köçürmə növündə olması və bu münasibətlərin, ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyası ilə uyğunluq təşkil etmədiyi aydın olur. Həmçinin nəzərə alınmalıdır ki, vahid məhkəmə praktikasında ödəniş tapşırığı və gömrük bəyannamələrində yol verilən texniki səhvlər inzibati xətanın törədilmiş hesab edilməsi üçün yetərli hesab edilmir və icraata xitam verilir. Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-5303/2025 nömrəli qərarı ilə oxşar iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş sənədləri birgə araşdırmış və texniki səhvə yol verildiyinə görə inzibati xətanın tətbiqini əsassız hesab etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 12-ci maddəsinə əsasən, inzibati xəta dedikdə bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. İlk növbədə, əməlin inzibati xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlik əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Digər bir məqam isə, məhz hüquqi və ya fiziki şəxsin ictimai münasibətləri pozmağa yönəlmiş niyyətinin olub-olmamasıdır. Niyyət o zaman mövcud olur ki, planlaşdırılmış şəkildə və israrlı olaraq hər hansı bir əməlin baş verilməsi üçün daimi olaraq aktiv və ya passiv bir hərəkət həyata keçirilir. Xətanın əsas əlaməti olan subyektiv tərkibin mövcudluğu üçün Cəmiyyətin avans ödəniş həyata keçirdiyi mallar ölkəyə gəlməmiş, yəni idxal edilməmiş olmalı, Cəmiyyət bunu arzulamalı və könüllü şəkildə xətanı törətməlidir. Lakin yuxarıda göstərilən işin hallarından aydındır ki, Cəmiyyətin belə bir niyyəti mövcud olmamış, ödənişi həyata keçirilmiş mallar ölkəyə gəlmiş və idxal edilmişdir. Beləliklə o, tərəflərindən heç bir qanun pozuntusuna yol verilmədiyini, həmçinin bu halın malların idxal edilməsinə dair gömrük bəyannamələri ilə də öz təsdiqini tapmasını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 100000.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 19 sentyabr 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 23 sentyabr2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 oktyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 100000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; iş materiallarında olan **********3636 saylı, **********4025 saylı, **********5491 saylı, **********5496 saylı, **********5500 saylı, **********5505 saylı, **********5507 saylı, **********5509 saylı, **********5512 saylı, **********5514 saylı, **********5518 saylı, **********7229 saylı, **********7271 saylı, **********7726 saylı, **********7727 saylı, **********8753 saylı, **********8756 saylı, **********8761 saylı, **********7374 saylı və **********8039 saylı gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X2 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin hesabından Azərbaycan Respublikasından kənara 100000.00 ABŞ dolları ödəniş edilmiş və 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış məhsullar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 100000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara ödəniş etməklə köçürdükdən sonra 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların idxal edilməsi barədə gömrük bəyannamələrini təqdim etməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar