Məhkəmə qərarları › İş №3(011)-860/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-860/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-860/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxsnə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinin 15(112)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə edilmiş xəbərdarlığa əsasən tələb təmin edilməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxsnə yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu hüquqi şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin o, əlavə olaraq qeyd etmişdir ki, hal-hazırda məhkəmə qərarına əsasən “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” 08 dekabr 2022ci il tarixli, 15(112)-27/2022 saylı qərardad ləğv edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında (ünvan 2nın qarşısında müfəssəl ara məsafəsi və digər tələblər nəzərə alınmadan) 11 mərtəbəli binanın tikintisinə Tİ-30/22 nömrəli 10 mart 2022-ci il tarixli icazə sənədi əsasında tikintinin müvəqqəti dayandırılmasının Şəxs KM-nin üzərinə vəzifə kimi qoyulmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15(112)-27/2022 saylı 8 dekabr 2022-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında 11 mərtəbəli binanın tikintisinə verilmiş Tİ-30/22 nömrəli 10 mart 2022-ci il tarixli icazə sənədi əsasında tikintinin əsas iddia tələbinə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmasının Şəxs KM-nə qadağan edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Sonradan Şəxs KM vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmənin 8 dekabr 2022- ci il tarixli 15(112)-27/2022 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 15(112)-27/2022 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” 8 dekabr 2022-ci il tarixli 15(112)-27/2022 saylı qərardadı ləğv edilmişdir. Daha sonra iddiaçı Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 15(112)- 27/2022 nömrəli qərardadının ləğv edilməsini və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 15(112)-27/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul etməyini xahiş etmişdir. Lakin məhkəmə xx.xx.2023-cü il tarixli, 15(112)- 27/2022 saylı qərardadını dəyişdirmədən qüvvəsində saxlamışdır. Yəni, protokolun əsasını təşkil edən qərardad qanuni qüvvəsini itirmişdir. Məlumdur ki, qanunun ağırlaşdırıcı hallarda geriyə qüvvəsi yoxdur. Odur ki, o, hal-hazırda sözügedən icra sənədinin ləğv olunmasını əsas gətirərək hüquqlarını müdafiə etdiyi Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinin 15(112)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə edilmiş xəbərdarlığa əsasən tələb təmin edilməmişdir; Bakı İnzibati Məhkəməsinin 15(112)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov 12 ünvanında 11 mərtəbəli binanın Tİ-30/22 nömrəli, xx.xx.2022-ci il tarixli icazə sənədi əsasında aparılan tikintisinin əsas iddia tələbinə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması Şəxsnə qadağan edilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı İnzibati Məhkəməsinin 15(112)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxsnə göndərilmişdir; xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı İnzibati Məhkəməsinin 15(112)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü olaraq icra etmədiyi təqdirdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur; Bakı İnzibati Məhkəməsinin 15(112)-27/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs vəsatəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” 08 dekabr 2022-ci il tarixli, 15(112)-27/2022 saylı qərardadı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun çıxışını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin icra edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımi zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 15(112)- 27/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov 12 ünvanında 11 mərtəbəli binanın Tİ-30/22 nömrəli, xx.xx.2022-ci il tarixli icazə sənədi əsasında aparılan tikintisinin əsas iddia tələbinə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması Şəxsnə qadağan edilmişdir. Lakin iş materiallarına əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin 15(112)- 27/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs vəsatəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” 08 dekabr 2022-ci il tarixli, 15(112)-27/2022 saylı qərardadı ləğv edilmişdir. Bununla da, Şəxs üzərinə qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov 12 ünvanında yerləşən 11 mərtəbəli binanın tikintisinin dayandırılması vəzifəsinin icra edilməsi zərurəti aradan qalxmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə icra sənədi ləğv olunduğundan və borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar