Məhkəmə qərarları › İş №3(011)-863/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-863/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-863/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, Xətai rayonu, Sarayeva küçəsində yerləşən stomotoloji xidmətlər göstərir. Qeyd olunan fəaliyyəti dövlət qeydiyyatına alınmışdır. Yəni, o, sahibkar kimi vergi ödəyicisi olaraq dövlət qeydiyyatına aldıraraq bu fəaliyyətlə məşğul olur. 11 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşları onun lisenziyasız fəaliyyət göstərdiyi “aşkara” çıxarmış, nəticədə Səhiyyə Nazirliyi tərəfindən barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tələblərini pozduğu üçün 5000 (beş min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərarla razı deyil. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Lakin onun sahibkarlıq fəaliyyətində vergi orqanı tərəfindən aparılmış yoxlamanın qanuniliyi, əsaslılığı onda sual yaratmışdır. Çünki nə yoxlamanın reyestrə daxil edilməsi, nə də hansı zərurətdən belə bir yoxlama aparıldığı ona bildirilməmişdir. Həmin Qanunun 3-cü maddəsinə görə Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Onun barəsində inzibati cərimənin tətbiq edilməsi barədə qərarın qəbul edilməsinə əsas olmuş yoxlama əsaslı və qanuni formada aparılmadığından yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinin pozulması hesab olunur və ona tətbiq edilmiş cərimənin ləğv edilməsi üçün əsasdır. Qeyd etmək istərdi ki, fəaliyyət göstərdiyi stomotoloji klinika özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir. Yəni, həmin müəssisənin şəraiti, avadanlığı və digər xidmət göstəriciləri qanunvericiliyin tələblərinə cavab verir. Klinikanın, nə də mənim fəaliyyətim zamanı heç kimə heç bir zərər vurulmamışdır. Mən özüm də şəxsən müraciət edərək lisenziya əldə etmək istiqamətində tələb olunan sənədlərlə bağlı hazırlıqlar görürdüm. Bunun üçün tələb olunan rüsumu və s. xərcləri qarşılamaq məqsədilə gəlir əldə etmək məcburiyyətində idim. Buna görə də lisenziyası olan klinikada öz sahibkarlıq fəaliyyətimi də qeydiyyata aldıraraq müvəqqəti fəaliyyət göstərmişəm. Sahibkarlıq fəaliyyətimi dövlət qeydiyyatına aldırdığı, qeyri-qanuni sahibkarlıqla məşğul olmadığına görə ona inzibati xəta törətmiş vəzifəli şəxs kimi 5000 manat cərimə tətbiq edilmişdir. Belə çıxır ki, o, öz fəaliyyətini dövlət qeydiyyatına aldırmasaydı fiziki şəxs kimi 2000 manat məbləğində cərimə olunacaqdı. Hesab edirəm ki, onun vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunmağı ədalətli deyildir. Odur ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 yanvar 2023cü il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “Şəfa Dental” stomotoloji kabinetdə DYX-nin LGB-nin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı X3 lisensiya olmadan özəl tibb fəaliyyəti (stomotoloji) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Şəfa Dental” stomotoloji kabinetdə X3 lisensiya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğundan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 5000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 yanvar 2023-cü il tarixli məktubun surətindən görünür ki, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********9827 nömrəli “Operativ vergi nəzarətinin heyata keçirilməsi haqqında* Qərara əsasən fiziki şəxs X2 (VÖEN **********) fəaliyyət göstərdiyi ünvan 2 ünvanda yerləşən Şəfa dental keçirilmiş operativ vergi nəzarəti zamanı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə xüsusi razılıq (lisenziya) alınmadan stomatoloji fəaliyyəti ilə məşğul olunduğu müəyyən edilmişdir. Vergi ödəyicisi üzrə aşkar olunmuş qanun pozuntusu xx.xx.2023-cü il tarixli DVX seriyalı 000265 nömrəli “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında" Aktla rəsmiləşdirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirinə dair materillar baxılması üçün aidiyyat üçün göndərilmişdir. İş materiallarında olan X3 tərəfindən yazılmış izahatın surətindən görünür ki, X3 lisenziya olmadan stomotoloji fəaliyyətlə məşğul olmasını etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar