Məhkəmə qərarları › İş №3(011)-8673/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8673/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8673/2025 30.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMM-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, hüquqi şəxs Şəxs MMM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb Şəxs MMM tərəfindən vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim olunması ilə bağlı 3-17-5/2-54932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubuna cavab verilməməsi və sənədlərin təqdim edilməməsi olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMM tərəfindən 3-17-5/2-54932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubuna cavab verilməməsini və sənədlərin təqdim edilməməsini bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, 3-17-5/2-54932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubunun hüquqi şəxsin ünvanına göndərilməsini və onlara çatdırılmasını təsdiqləyən sənədləri hal-hazırda təqdim edə bilmir. Məhkəmə iclasında Şəxs MMM-nin etibarnamə üzrə nümayəndəsi X3 barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, tərəflərindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, səlahiyyətli orqanın qeyd etdiyi göstəriş onların ünvanına çatdırılmamış və onlardan hər hansı bir sənədin təqdim edilməsi tələb olunmamışdır. Odur ki, göstərilənlərə əsasən o, hüquqi şəxsin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş 06 oktyabr 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMM tərəfindən vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim olunması ilə bağlı 3-17-5/2-54932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubuna cavab verilməmiş və sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 3-17-5/2- 54932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 müraciətinə əsasən 7 iş günü ərzində məzuniyyət hüququndan istifadə etməsinə dair sənədlərin (ərizə, əmr, məzuniyyət haqqlarının hesablanması və ödənilməsi sənədləri və s.), iş vaxtının uçotu cədvəllərinin, əmək haqqlarının və son haqq-hesabın hesablanma cədvəlinin və ödənilməsini təsdiq edən sənədlərin (ödəniş tapşırığı və bank çıxarışı) təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMM tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin yerinə yetirilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs MMM-yə barələrində başlanmış inzibati iş üzrə icraatda səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsinə dair məktubun göndərilməsini və tərtib olunmuş inzibati xəta haqqında protokolun hüquqi şəxsə çatdırılmasını təsdiqləyən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMM tərəfindən 3-17-5/2-54932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubuna cavab verilməməsini və sənədlərin təqdim edilməməsini, lakin 3-17-5/2- 54932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubun hüquqi şəxsin ünvanına göndərilməsini və onlara çatdırılmasını təsdiqləyən sənədləri hal-hazırda təqdim edə bilmədiklərini qeyd etmişdir ki, bununla da məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMM-nin səlahiyyətli orqanın göstəriş məktubunu qəbul etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə göstəriş məktubunun hüquqi şəxsin ünvanına çatdırılmadığını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMM-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar