Məhkəmə qərarları › İş №3(011)-870/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-870/2022

05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-870/2022 05.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 07.12.2021-ci il tarixdə 07:50 radələrində Bakı şəhəri DYPİ YPX inspektoru X3 avtomobilini M.Hadi küçəsində saxlayaraq yol hərəkət qaydasını pozduğunu iddia etdi. Mahmudov yol patrul maşınını digər avtomobillərin arasında saxlayıb radarlarını, işıqlarını söndürüb telefonla çəkiliş aparırdı (buna ixtiyarı yoxdur). O, Mahmudova yolu boşaldıqdan sonra hərəkətə başladığını desə də, onun sol tərəfindən hərəkət edən Kia Picanto avtomobilinin bir dəfə əyləci basdığını dedi. Barəsində İXP ******* nömrəli protokol yazdı. O, protokolla razı olmadığını yazdı. Bununla bağlı Bakı şəhəri X6 İdarəsinə dəvət olundu. Zaur Quliyev adlı zabit onu qəbul etdi. Mahmudovun telefonla çəkdiyi videoya baxdılar. Amma qərarda yazılıb ki, patrul avtəmobilində quraşdırılmış kamera vasitəsilə qeydə alınıb. Bu isə tamamilə səhv məlumatdır. Maşın və onun kameraları, işıqları sönmüş şəkildə maşınların arasında gizlənib telefonla çəkiliş aparırdı. O, onun insani baxımdan düz olduğunu qeyd etsə də, qərarın polisin xeyrinə çıxaracağını dedi. bir neçə dəfə müraciət etsə də, qərar ona göndərilmədi, ona görə dəftərxanaya gedib qərarı tələb etdi. Qərarın surətini alan kimi şikayət etdi, müddəti ötürməmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri X6 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 17.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 “Mercedes 180” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan yolayrıcını keçmə qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş materiallarında olan 07.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamış, sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və s. göstərilməmişdir. X2 barəsində Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Hadisədən sonra tərtib edilmiş protokolda xətanın faktiki nədən ibarət olması belə göstərilməmişdir. X1 hansı xətanı törətdiyi və bunu hansı sübutla müəyyən edildiyi protokolda göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X6 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X6 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar