Məhkəmə qərarları › İş №3(011)-872/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-872/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-872/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 iştirakı ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində (25 dekabr 2024-cü il tarixli MN №2122924 saylı inzibati xəta haqqında protokol əsasında) AR İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimə olunmasına dair 08 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, X8 Xidmətinin 08 yanvar 2025-ci il tarixli, MN ******* №-li “inzibati tənbeh vermə haqqında” qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə əsaslanaraq, barəsində 3000 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, X8 Xidmətinin 08 yanvar 2025-ci il tarixli, MN ******* №-li «inzibati tənbeh vermə haqqında» qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, həmin qərarda müəyyən edilmişdir ki, guya ona məxsus olan «Dolu Store» mağazasında vətəndalar X4, X13 və X3 əmək müqaviləsi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmiş və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Aşağıdakı səbəblərə görə, hesab edir ki, X6 sözügedən qərarı tamamilə qanunsuz və əsassız olduğundan, məhkəmə tərəfindən ləğv olunmalı və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir:

1. Belə ki, yuxarıda adları çəkilən üç şəxs birlikdə ona məxsus olan «Dolu Store» mağazasına (ünvan: Sarayevo küçəsi 18) yaxınlaşaraq işsiz olduqlarını bildirmiş və işlə təmin olunmalarını xahiş etmişlər. Həmin şəxslər yaxın tanış və ya qohum olduqları üçün iş prosesi ilə tanış olmaları üçün müxtəlif gün və saatlarda mağazaya dəvət olunmuşlar. İşlə tanışlıq üçün dəvət olunmalarına baxmayaraq dəvət olunan vaxta riayət etməmiş, işlə tanışlıq müddətində işi öyrənmələrində, şəxsi keyfiyyətlərində və davamiyyətlərində nöqsanlar olduğu üçün işə qəbul olunmağa uyğun görülməmişlər. Onlar işə qəbul edilmədikləri üçün onlarla əmək münasibətləri yaranmamışdır. Əlavə olaraq bildirir ki, Sarayevo küçəsi 18 ünvanında yerləşən «Dolu Store» mağazası 01 noyabr 2024-cü il tarixdən fəaliyyətini dayandırmışdır. Buna baxmayaraq, Dövlət Əmək X1, X13 və X2 əsassız iddialarına və böhtan xarakterli şikayətlərinə əsaslanaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir.

2. X8 inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən prosessual normaları kobud şəkildə pozmuşdur. Bildirdiyi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinə 2024-cü ilin iyul ayında edilən son dəyişikliklərdən sonra bütün ölkə üzrə əmək müqavilələrinin elektron formada bağlanması təsbit edilmişdir. Buna baxmayaraq X8 də əmək müqavilələrinin elektron formada bağlandığını bildiyi halda, vətəndaşların əmək müqavilələrinin surətlərini kağız daşıyıcıda hansı səbəbdən ondan tələb etdiyi qeyri- müəyyəndir. Beləliklə, X8 ehtimal olunan pozuntunu (vətəndaşların qüvvədə olan əmək müqavilələrinin mövcud olmamasını) elektron informasiya sistemləri vasitəsilə aşkar etdiyinə baxmayaraq elektron protokol tərtib etmək və elektron qərar qərar qəbul etmək əvəzinə, İXM-nin 127-4-cü maddəsinin normalarını pozaraq müvafiq protokol və qərarı kağız daşıyıcıda tərtib etmiş və onun ünvanına kağız daşıyıcıda göndərmişdir. Qeyd etdiyi prosessual pozuntu da özlüyündə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd olunan əsaslara görə də hesab edir ki, X8 Xidmətinin 08 yanvar 2025-ci il tarixli, MN ******* №-li «inzibati tənbeh vermə haqqında» qərarı qeyd olunan hüquq normalarının pozulması ilə qəbul edildyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatınlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin rəis müavini X10 tərəfindən tərtib edilmiş 08 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 tərəfindən vətəndaş X4, X13 və X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəl edildiyi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, X12 izahatında bildirmişdir ki, Sarayevo küçəsi 18 ünvanında yerləşən «Dolu Store» mağazası 01 noyabr 2024-cü il tarixdən fəaliyyətini dayandırmışdır. Buna baxmayaraq, Dövlət Əmək X1, X13 və X2 əsassız iddialarına və böhtan xarakterli şikayətlərinə əsaslanaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, X7 izahatında göstərdiyi hallar şikayət ərizəsinə əlavə olunmuş sənədlərlə, onun məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edilən halları 101-ci maddəsində nəzərdə tutulmuş müstəsna halların olub-olmamasını, MMC-nin 107-ci maddədə nəzərdə tutulmuş fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri ilə məşğul olubolmamasını araşdırılmasını zəruri hesab edir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

X7 şikayəti qismən təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar