Məhkəmə qərarları › İş №3(011)-8757/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8757/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8757/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, X1 Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli AR DİN BDYPİ İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində İXP №7452512 nömrəli protokola dair inzibati xəta haqqında iş üzrə TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərarla barəsində inzibati xəta törətməyi barədə inzibati məsuliyyət tədbiri tətbiq olunmuşdur. Lakin bu qərar qanunsuz və əsassız hesab olunduğundan, eləcə də aşağıda qeyd olunmuş əsaslar nəzərə alınmaqla ləğv edilməlidir: İnzibati xəta haqqında protokolda göstərilir ki, guya xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsində Kia Sportage markalı, 90KM689 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfimdən inzibati xəta törədilmişdir. Xüsusilə vurğulamalıyam ki, həmin tarixdə qeyd olunan nəqliyyat vasitəsi ilə qeyd olunan ünvanda ümumiyyətlə hərəkət etməmişəm və nəqliyyat vasitəsi başqa şəxs tərəfindən sözügedən ərazidə istifadə edilməmişdir. (bununla bağlı olaraq müvafiq anten məlumatları məhkəmə tərəfindən əldə edilərək bu fakt təsdiqlənə bilər) Qərardan da göründüyü kimi, iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ümumiyyətlə inzibati xətanın araşdırılması ilə bağlı mən müvafiq qurum tərəfindən rəsmi qaydada çağırılmamışdır. Protokolun surətinə, eləcə də "asanpay" şəxsi portalıma inzibati xətanın törədilməsini təsdiqləyən foto və ya video material əlavə edilməmişdir, bu isə inzibati xətanın sübuta yetirilməməsi deməkdir. Qeyd olunanlara əsasən hesab edir ki, TP7371887 saylı qərar tamamilə hüquqi əsassız olaraq tərtib edilmişdir və ləğv edilməlidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması da müəyyən edilmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin, İXM-in 122.1-ci maddəsinə görə, 327.2-ci maddədə nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməli, real vaxt rejimində elektron formada müvafiq informasiya sisteminə ötürülməli və elektron qərar çıxarılmalıdır. Lakin bu tələblər yerinə yetirilməmişdir. Bundan başqa, inzibati xətanın törədilmə vaxtı ilə (xx.xx.2025) inzibati protokolun tərtib edildiyi vaxt (xx.xx.2025) arasında qanunla müəyyən olunmuş müddətdən artıq vaxt keçmişdir, bu da İXM-in 101.1-ci maddəsinə ziddir. Belə ki, həmin maddəyə əsasən, İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında iş baxılarkən prosessual müddətlər pozula bilməz. İXM-in 126.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında qərar rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət edilə bilər. Qərar 24 sentyabr 2025-ci il tarixində tərtib edilmişdir. İXMin 126.2-ci maddəsinə əsasən, yuxarı səlahiyyətli orqan videomüşahidə qeydlərini araşdıraraq qərarın ləğv edilməsi və ya saxlanması barədə qərar qəbul etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, barəmdə tətbiq olunan inzibati cərimə və cərimə balı digər nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı səhv oxunmuş və ya səhv tərtib edilmişdir ki, bu da DYP kimi nüfuzlu dövlət orqanının profilinə ciddi zərər vura biləcək kobud səhvdir. Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi və şikayətçi X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 8777/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhər BPİ-nin X7 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin X7 İdarəsinə göndərilmiş və qalan hissədə şikayət təmin edilməmişdir. Göründüyü kimi, şikayətçinin hazırkı protokoldan verdiyi şikayətə məhkəmə tərəfindən artıq mahiyyəti üzrə baxılmış və qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X2 hazırkı şikayəti təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar