Məhkəmə qərarları › İş №3(011)-8785/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8785/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8785/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 07 oktyabr 2025-ci il tarixli, 13000-01422/2025 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına göndərilən və şirkət tərəfindən **********5296 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə 30 yer, 1062 m2, brutto çəkisi 52150 kq, invoys dəyəri 7140 ABŞ dolları olan “qranit daşlar” adlı yükə keçirilən yoxlama zamanı 860.54 m2 yükün “mərmər” daşı olduğu aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən 29167.92 manat dəyərində “mərmər daşlar” yükü Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyərək keçirilmiş və İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxsin barəsində qanunamüvafiq qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2846 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 2 adda tədqiqat obyektlərinin (daşların) qeyri-üzvü tərkibi “Spektro X-Sort-2 Combi System” markalı XRF cihazı ilə yoxlanılmışdır. Nümunələrin qeyri-üzvü tərkibi kalsium, silisium, kükürd, dəmir və s. elementlərinin oksidlərindən ibarətdir. Ayrı-ayrılıqda nəticələr (keyfiyyət göstəriciləri) cədvəllərdə göstərilmişdir. Təqdim edilmiş tədqiqat obyektlərinin (daşların) (cədvəllərə əsasən) əsas (kalsium) qeyri-üzvü oksid tərkibi mərmərə uyğundur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 249 saylı ekspert rəyindən görünür ki, xx.xx.2025-ci il tarixli qərardada əsasən ekspertiza tədqiqatına təqdim edilən 860.54 m2 “mərmər” yükünün 1m2-nin və ümumilikdə xx.xx.2025-ci il tarixinə olan orta bazar qiymətinin 41305.92 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş 07 oktyabr 2025-ci il tarixli, 13000-01422/2025 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına göndərilən və şirkət tərəfindən **********5296 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə 30 yer, 1062 m2, brutto çəkisi 52150 kq, invoys dəyəri 7140 ABŞ dolları olan “qranit daşlar” adlı yükə keçirilən yoxlama zamanı 860.54 m2 yükün “mərmər” daşı olduğu aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən 29167.92 manat dəyərində “mərmər daşlar” adlı yük Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyərək keçirilmiş və İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilən və şirkət tərəfindən **********5296 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə 30 yer, 1062 m2, brutto çəkisi 52150 kq, invoys dəyəri 7140 ABŞ dolları olan “qranit daşlar” adlı yükə keçirilən yoxlama zamanı 860.54 m2 yükün “mərmər” daşı olduğu aşkar edilmiş və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 249 saylı ekspert rəyinə əsasən 860.54 m2 “mərmər” yükünün 1m2-nin və ümumilikdə xx.xx.2025-ci il tarixinə olan orta bazar qiymətinin 41305.92 manat müəyyən edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən 29167.92 manat dəyərində “mərmər daşlar” adlı yük Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyərək keçirilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 29167.92 (iyirmi doqquz min yüz altmış yeddi manat doxsan iki qəpik) manat təşkil edən malların dəyərinin 30 (otuz) faizi miqdarında, yəni 8750.37 (səkkiz min yeddi yüz əlli manat otuz yeddi qəpik) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar