Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8791/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-162388 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X5 İdarəsinin İnzibati xəta haqqında iş üzrə № 16/1-162388 saylı 10 sentyabr 2025-ci il tarixli qərarının, Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 27 iyun 2025-ci il tarixli, EQ seriyalı 28885109 haqqında protokol əsasında tərtib edilmiş 28 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və X2 barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 28 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında EQ seriyalı 28885109 saylı elektron qərarın ləğv edilməsi ilə bağlı şikayətçi tərəfindən Xətai Rayon Məhkəməsinə edilmiş xx.xx.2025-ci il tarixli şikayəti, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-4667/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 27 iyun 2025-ci il tarixli, EQ seriyalı 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 28 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması barədə qərar qəbul edilmişdir. Ancaq bu günə qədər, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən şikayətçi dəvət olunmamış, araşdırma aparılmamış, hətta araşdırma belə birtərəfli aparılıbsa nəticəsi barədə şikayətçiyə rəsmi məlumat verilməmişdir. Buna görə də şikayətçi xx.xx.2025-ci il tarixində yenidən Baş X5 İdarəsinə ərizə ilə müraciət edərək inzibati xəta ilə bağlı araşdırmanın nəticəsi barədə şikayətçiyə rəsmi məlumat verilməsini xahiş etmişdir. Şikayətçinin müracətindən sonra cavabdeh orqan tərəfindən İnzibati xəta haqqında iş üzrə № 16/1-162388 saylı 10 sentyabr 2025-ci il tarixli qərarı şikayətçiyə göndərilmişdir. Cavabdeh orqanın № 16/1-162388 saylı 10 sentyabr 2025-ci il tarixli qərarı ilə X2 barəsində yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati tənbeh növü seçilmişdir. Cavabdeh orqanın № 16/1-162388 saylı 10 sentyabr 2025-ci il tarixi qərarını rəsmi qaydada 15 oktyabr 2025-ci il tarixində almışdır. Qərardan da göründüyü kimi protokolu tərtib edən orqan araşdırma aparmamış, şikayətdə qeyd edilən qaranlıq məqamlara münasibət bildirməmişdir. Buna görə də şikayətin tam təmin olunması üçün yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2025-ci il tarixində şəxsi istifadəsində olan Toyota Venza markalı **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax istiqamətində hərəkətdə olan zaman, həmin yolun 116-cı km hissəsində yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşdığına görə, Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol əsasında barəsində 28 iyun 2025-ci il tarixli EQ seriyalı 28885109 saylı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Aşağıda qeyd edilənlərə əsasən, Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 28885109 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı məhkəmə tərəfindən ləğv edilməli və şikayət təmin edilməlidir. xx.xx.2025-ci il tarixli EQ seriyalı 28885109 saylı elektron qərarın surətindən də göründüyü kimi, inzibati xətanın hansı xüsusi texniki cihaz (radar) vasitəsi ilə qeydə alınması, sözügedən radar cihazının istehsalçı adı və modeli, son texniki baxış və kalibrasiyası tarixi barədə məlumatlar yoxdur. Azərbaycan Respublikasının Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanununa əsasən, ölçmə cihazları (o cümlədən sürətölçən radarlar) vaxtaşırı sertifikatlaşdırılmalı və kalibirlənməlidir. Amma ictimayyət üçün hər radarın dövri yoxlama cədvəli əlçatan deyil. Bu bir daha haqlı olaraq şəxslərdə ölçmə cihazlarının müayinədən keçib keçməməsi barədə əsaslı şübhələr yaradır. Radar cihazlarının istismarı DİN-in BDYPİ-nin nəzarətindədir. Onların istifadəsində olan radarların sertifikatlı və düzgün işləməsi hüquqi əsas tələbdir. Əks halda şəxs cəriməni şübhə altına ala bilər. Həmin ərazidə hərəkət surətinin 60 km/saat olmasını təsdiq edən yol nişanı mövcud deyil. Foto və video ilə şəxsin inzibati xəta törətməsini müəyyən etmək qeyri mümkündür. Tutalım ki, həmin ərazidə yol nişanı ilə surət həddi 90km/saatdır. Əgər proqram təminatı 60 km/saat verilibsə inzibati xəta törətməmək mümkün deyil. Hərəkət surətinin texniki cihaz vasitəsi ilə 79, 80 km/saat kimi yox, məhz 81 km/saat kimi qeydə alınması da şübhəli məqamlardan xəbər verir. Bu bir daha sürətölçən radarın düzgün işləməməsi ilə bağlı əsaslı şübhələr yaradır Çünki Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin tələbinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat məbləğində cərimə nəzərdə tutulduğu halda, hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə isə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Tutalım ki, həmin ərazidə hərəkət surəti 60 km/saatdır. Xususi texniki cihazların ±3% xətasını da nəzərə alsaq, şəxsin Azərbaycan Respublikası İXM-nin 328.2ci maddəsi ilə xəta törətmədiyi sübut olunur. Daha sonra şikayətçi dəqiqləşdirmə ərizəsi təqdim edərək Baş DYPİ-nin inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, 16/1-162388 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin müvafiq görüntülər məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən məhkəmə qərarından şikayət olunan orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə, saat 14:18-də “X4 minik” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Şikayətçi həmin qərardan məhkəməyə şiakyət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-4667/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmışdır. İşə yenidən baxılması nəticəsində Baş X5 İdarəsi tərəfindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli, 16/1-162388 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçinin müraciəti əsasında məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərar yenidən baxılması üçün həmin quruma göndərilmiş, lakin yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 şikayət ərizəsində və izahatında göstərdiyi xüsusatlar araşdırılmadan, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun tərəfindən törədilməsini təsdiq edən sübutlar ona təqdim edilmədən, onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində qərar qəbul edilmiş və ona cərimə cəzası tətbiq edilmişdir. Səlahiyyətli orqan yenidən araşdırma nəticəsində eyni nəticəyə gəlməsini elektron qərar üzrə foto görüntülərlə əsaslandırsa da, həmin görüntülərin səlahiyyətli orqan tərəfindən qeydə alınması və qeydə alınarkən hansı texniki vasitədən istifadə edilməsi barədə əsaslandırılmış məlumatlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-162388 nömrəli qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-162388 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-162388 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-8791/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8791/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver