Məhkəmə qərarları › İş №3(011)-88/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-88/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-88/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X1 İdarəsindən daxil olmuş 15 noyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyək, 15 noyabr 2023-cü il tarixdə, istifadəsində olan nəqliyyat vasitəsini idarə edərkən, yol polisi xidmətinin əməkdaşı onu saxlamış və sərxoşluq vəziyyətini müəyyən etmək istəmişdir. O isə bildirmişdir ki, artıq uzun illərdir ki, alkoqoldan istidadə etmir, polis əməkdaşı isə bildirmişdir ki, yoxlamalıdır. O uzun illər xaricdə yaşadığı üçün və qanunu bilmədiyindən xüsusi aparatdan istifadə edilməsinə etiraz etməmiş və heç onun nəticəsini də ona göstərməmişlər, bildirmişlər ki, neçəsə promil çıxıb. O isə bildirmişdir ki, alkoqoldan 5 ildən artıqdır ki, istifadə etmir, polis əməkdaşı isə demişdir ki, ola bilər mədədə xəstəlik var, ona görə çıxıb. Sənədləri imzalayıb, hazırlayıb həkim yoxlanışına getməyini bildirdi, orda daha aydın bilinir və nəticədə heç nə çıxmasa bütün sənədləri ləğv edəcəklər. Həmin şəxsə inanaraq və onun bildirdiyi yerləri imzalamış və həkimə getmişdir. İmzaladığı sənədlərin surətini istəsə də verməmişlər. O oradan birbaşa həkimə getmiş və sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu verilmiş və orada göstərilmişdir ki, sərxoşluq müəyyən edilməyib. O həmin sənədi götürüb polisə getmişdir, orada isə ona demişdirlər ki, əgər maşını saxlayan zaman sənədə qol çəkilibsə, artıq məsələ bitib və həkimin sənədini qəbul etməmişlər. Baxmayaraq ki, onu həkim müayinəsindən keçmək üçün onu saxlayan polis əməkdaşı göndərmişdir. Qeyd edilənlərə əsasən barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 noyabr 2023-cü il tarixdə saat 07:40-da «HYUNDAİ ACCENT» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli, İN:642042 nömrəli sərxoşluq vəziyyətinin müəyyən edən alkotestrin cavab qəbzindən görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti saat 07:23-də xüsusi texniki vasitə ilə müəyyən edilərkən, sonuncuda alkoqolun konsentrasiyası 0.369 % promil həddində müəyyən olunmuşdur. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli, 2/45751 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə saat 09:56-da aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə hesab edir ki, tibbi müayinə zamanı məlum olmuşdur ki, Şəxs ayıqdır, onda alkoqol qəbulu əlamətləri yoxdur. Bu səbəbdən, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə başlanılmış inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar