Məhkəmə qərarları › İş №3(011)-8825/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8825/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8825/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin polis sahə inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EXR ******* saylı protokol əsasında tərtib edilmiş EPQ ******* saylı inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, polis əməkdaşı Əhmədli kəndində yaşadığı Xətai rayonu Əhmədli kəndi X11 küçəsi ev 44 ünvanına gələrək həyətində niyə toyuq saxladığını soruşmuş, məftil setkanın içərisində saxladığı 2 ədəd toyuq və altı ədəd ördəyi görüb bildirmişdir ki, öz həyətinizdə niyə quş saxlayırsınız, şikayətçi bildirmişdir ki, 67 ildir ki, bu ünvanda yaşayır və öz həyətində həmişə toyuq saxlamışdır. Sahə inspektoru demişdir ki, sizdən qonşuda yaşayan qardaşı arvadı Tünzalə Cəfərova iştirak edir ki, toyuq saxlayırsınız, toyuqların səsini xoşlanmır. Fərqli insanların adlarını çəkərək torpağını əlindən alacağı, onun başına bir iş gələrsə oğlunun başına çox pis oyun açacağı barədə hədə qorxu gəlmişdir. Sahə müvəkkilinə bildirmişdir ki, ona həyətyanı sahəni də özü vermişdir, evini satıb küçədə qalmışdı. Tünzalə Cəfərova adlı şəxs həmçinin yaşadığı özünəməxsus həyətinə iki pəncərə açmışdır və bu pəncərələri bağlamasını bildirdikdə bağlamayacağı barədə ona hədə-qorxu gəlmişdir. Sahə müvəkkili şikayətçini həmin gün saat 12 radələrində 34-cü polis bölməsinə aparmışdır, axşam saat 17:00-a kimi 5 saat qanunsuz həbs etmişdir, təzyiq göstərmişdir ki, sənə protokol tərtib etmişəm, 200 manat məcburi olaraq verməlisən yoxsa burdan gedə bilməzsən. Şikayətçi böyrə xəstəsi olduğu üçün həyat yoldaşı gəlmişdir, onu da saxlamış və buraxmamışlar, həyat yoldaşı da vəziyyəti onların təzyiqlərindən pisləşdiyi üçün təcili tibbi yardım briqadasına polis bölməsinə oğlu Cəfər dəvət etmiş və təcili yardım həkimləri polis bölməsinin qarşısındakı küçədəki təcili tibbi yardım maşınında həyat yoldaşına iynə dərman verərək vəziyyətini sabitləşdirmişlər. Həmin gün saat 17:00 radələrində də həyat yoldaşı və qohumları 15 dəfə 102 xidmətinə zəng vurduqdan sonra şikayətçini buraxmışlar. Şikayətçinin həyat yoldaşı əsəb ruhi dispanseri və onkoloji mərkəzində qeydiyyatda olsa da polis sahə müvəkli buna əhəmiyyət verməyərək qeyri-insanı davranışı ilə naqis, qanunsuz hərəkətlərini davam etdirmişdir, hətta hansı əsasla protokol tərtib etməsi barədə heç bir qeydiyyat aparmamış əsassız və qanunsuz olaraq şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinin tələblərinin pozmağını qeyd etməklə hansı inzibati hüquq pozuntusu törətməyi əsaslarını göstərməmişdir. Şikayətçi hüquqşünas qohumlarına zəng vuraraq bu maddənin hansı hallarda tətbiq edilməsi barədə sorğu etdikdə məlumatlı olmuşdur. O, sahə müvəkkilinə deyəndə ki, sən quşla heyvanı tanımırsan ki? Hər gün 102 xidmətinə zəng vuraraq qərar və protokolu ona verməməsindən şikayət etmişdir. 37 dəfə 102 xidmətinə zəng vurduqdan sonra nəhayət xx.xx.2025-ci il tarixdə sahə müvəkkili qərar və protokolu ona verməyə məcbur olmuşdur. Ona bildirəndə ki, bu inzibati ptotkol heyvanlara görə tərtib edilə bilər quşlara görə yox? Sahə müvəkkili şikayətçi ilə bu barədə heç vaxt profilaktik söhbət aparmamış və qonşuluq munasibətlərinin yaxşılaşdırılmasında heç bir izahedici və xəbərdaredici tədbirlər həyata keçirməmiş, öz vəzifəsinin icrasını layiqincə yerinə yetirməmiş, qanunvericiliyin tələblərini pozmaqla əsassız protokol tərtib etməklə vətəndaşın polisə olan inam və etimadını sarsıdaraq ümumilikdə vətəndaşlarımızın Dövlətə olan münasibətdə mənfi rəyin formalaşmasına əsassız olaraq zəmin yaratmışdır. 34-cü Polis Bölmənin rəisi X5 tabeçiliyində olan sahə müvəkkilinin qanunsuz və əsassız fəaliyyətinin qarşısının alınmasına heç bir təşəbbüs göstərməmiş, şikayətçinin və həyat yoldaşının bölmədə qanunsuz saxlanılmasına və təzyiqlərə və kobud davranışlara yol verilməsinə rəvac verməklə qanunsuz və əsassız tərtib edilmiş protokol əsasında qərar qəbul etməklə onu 200 manat cərimə etmişdir. Ona görə də Bakı şəhəri, Xətai RPİ 34-cü Polis bölməsinin polis sahə inspektoru X7 tərəfindən xx.xx.2025-ci il tarixli EXR ******* saylı protokolu əsasında tərtib edilmiş EPQ ******* saylı inzibatı qərarın ləğv edilməsi qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, həmin yaşayış sahəsi texniki pasport əsasında ona məxsusdur və o, hazırda həmin sahədə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin xx.xx.2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 290.1.1-ci maddəsinə əsasən it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni: ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın qəbuluna əsas olan hal şikayətçinin ev heyvanları qadağan edilmiş yerlərdə saxlaması, qidalandırması, gəzdirməsi və ya yetişdirməsi olmuşdur. Şikayətçinin təqdim etdiyi texniki pasportdan görünür ki, qeyd edilən ünvan ona məxsudur, hazırda da şikayətçi həmin ünvanda yaşayır. Qeyd edilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, şikayətçinin Xətai rayonu Əhmədli kəndi X11 küçəsi ev 44 ünvanına dair gözlənilən mülkiyyət hüququ vardır. Şikayətçinin yaşadığı və ona məxsus olan evin həyətində ev heyvanlarını saxlaması, qidalandırması, gəzdirməsi və ya yetişdirməsi şikayətçi barəsində İXM-nin 290.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, protokolda X3 qadağan edilmiş yerdə ev heyvanları saxlaması qeyd edilsə də, yerin hara olması, hansı əsaslara görə heyvan saxlamaq üçün qadağan edilmiş ərazi olması əsaslandırılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməli və icraata xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Xətai Rayon Polis İdarəsi 34-cü Polis bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayəti təmin edilməli, barəsində Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar