Məhkəmə qərarları › İş №3(011)-8836/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-8836/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-8836/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə 13 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus Neapol marketdə keçirilən YTM zamanı məlum olmuşdur ki, obyekt daşınmaz əmlakın istismarı ilə bağlı “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən mülki məsul icbari sığorta növündə sığortalanmamışdır. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə portalından əldə olunmuş vergi ödəyicilərinin məlumatları haqqında çıxarışın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs hüquqi ünvanı AZ1040, ünvan 234-dür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. 114.3-cü maddəsinə əsasən işə baxılarkən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.3-cü və 469-1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarına əsasən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Beləliklə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs hüquqi ünvanının ünvan 234 olduğunu, ehtimal olunan inzibati xətanın Xətai rayonu ərazisində deyil, məhz Sabunçu rayonu ərazisində törədildiyini nəzərə alaraq, hesab edir ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə tərtib olunmuş 13 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar