Məhkəmə qərarları › İş №3(011)-884/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-884/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-884/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə1, Azərbaycan Respublikası Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankın 08 fevral 2024-cü il tarixli, EP0140569 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 08 fevral 2024-cü il tarixli, EP0140569 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bununla bildirmək istərdik ki, X8 qardaş Türkiyə Respublikasının hüquqi şəxsi olan "X5 eşyaları San.ve TİC.A.Ş" Azərbaycan Respublikasında rəsmi distributorudur. Əsas fəaliyyəti "Fales" brendinə məxsus malları Azərbaycan Respublikasına idxal edib satışını təmin etməkdir. "X5 eşyaları San.ve TİC.A.Ş" isə öz növbəsində Azərbaycan Respublikasında olan rəsmi distributoru X6 "Fales" brendinə məxsus malların satışını artırmaq məqsədilə brendin tələblərinə uyğun reklam və marketinq xidmətlərində dəstək göstərir. X8 xx.xx.2021-ci il tarixdə "X5 eşyaları San.ve TİC.A.Ş" 44738.98 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Həmin məbləğdə "X5 eşyaları San.ve TİC.A.Ş"dən reklam və marketinq xidmətləri göstərilmişdir. Bununla bağlı "X5 eşyaları San.ve TİC.A.Ş" ilə X8 arasında distributor müqaviləsi mövcuddur və xidmətin göstərilməsinə dair akt təqdim edilmişdir. Bununla bağlı sənədlər müvafiq Banka təqdim edilmişdir. Lakin həmin sənədlər əsassız olaraq nəzərə alınmadan X4 barəsində EP № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Həmin qərar rəsmi qaydada xx.xx.2024-cü il tarixdə şikayətçiyə poçt vasitəsilə təqdim edilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında da qeyd edilmişdir ki, Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları" ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Göründüyü kimi X2 pul vəsaitinə uyğun xidmətlər almışdır. Belə olan halda İXM 430.4-cü maddəsinin tərkibi yaranmır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə müvafiq olaraq barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP № ******* saylı xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini və inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X4 etibarnamə üzrə nümayəndəsi, Bakı Şəhəri 9 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 şikayətin məzmununa izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsin vəkili əlavə olaraq bildirmişdir ki, onun təqdim etdiyi bəyannamələr Mərkəzi Bankın qərarının əsassız olmasını bir daha təsdiq edir və həmin bəyannamələrin "xxxx" ASC tərəfindən möhürlənməsi ilə bağlı heç bir qanuni tələb yoxdur. Bundan başqa "xxxx" ASC-nin Nurlan adlı əməkdaşı ilə əlaqə saxladıqda Nurlan ona bildirmişdir ki, onların gömrük bəyannaməsinə möhür vurmaq səlahiyyətləri yoxdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 sənədlər təqdim edərək bildirmişdir ki, verilmiş şikayət tam əsassızdır. Belə ki, şikayətdə göstərilən müqavilə çərçivəsində müxtəlif məbləğdə pullar köçürülmüşdür. Şikayət vermiş şəxsin məhkəməyə təqdim etdiyi bəyannamələr həmin köçürməyə aid deyil. Həmin bəyannamələr "xxxx" ASC tərəfindən möhürlənərək bağlanmalı idi. Bu səbəbdən hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 08 fevral 2024-cü il tarixli, EP0140569 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 08 fevral 2024-cü il tarixli, EP0140569 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 44738.98 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 4478.98 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; 430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X7 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X4 şikayətinin əsasını təşkil edən hallar əsassız olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X8 qanunvericiliyin tələbini pozmuş, 44738.98 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 4478.98 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclas zalında şikayət vermiş şəxsin vəkili bəyannamələr təqdim etmiş olsa da, həmin bəyannamələrin heç birini "xxxx" ASC tərəfindən möhürlənməmişdir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Mərkəzi Bankın08 fevral 2024-cü il tarixli, EP0140569 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar