Məhkəmə qərarları › İş №3(011)-8850/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8850/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8850/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi müfəttiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə 10 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 nvanında yerləşən «Azure Biznes» mərkəzinin generator və havalandırma sistemlərindən ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən barələrində əsassız olaraq 10 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, şikayət edilən bina Şəxs MMC-yə aid deyil. Həmin sahə onlara məxsus deyil və tərəflərindən hər hansı bir özbaşınalıq edilə bilməz. Aktda adıçəkilən Rəşad Kərimov qazanxanada çalışır. “Azure Residence” yaşayış və qeyri-yaşayış sahələrindən ibarətdir və onlara heç bir aidiyyəti yoxdur. Şəxs MMC fərqli ofislərnən müqavilə bağlayıb sırf müqavilə bağladığı hüquqi və fiziki şəxslərə xidmət göstərir. Onların öhdəlikləri bağladıqları müqavilələr əsasında müəyyən olur və onların binanın idarəsi ilə heç bir əlaqələri yoxdur. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi müfəttiş X5 Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, araşdırma zamanı binanın ərazisinə yaxınlaşanda nümayəndənin iştirakını tələb etmişlər və bu zaman Rəşad Kərimov onlara yaxınlaşaraq açarla qapını açmış və səs gələn əraziyə aparmışdır. Həmçinin “Park Azure” binasının qeydiyyat şöbəsinə yaxınlaşanda sözügedən binanın Şəxs MMC tərəfindən idarə edilməsi bildirilmişdir. Rəşad Kərimov da həmin ərazinin Şəxs MMC-yə məxsus olmadığını bildirməmişdir. Rəşad həmin ərazinin havalandırma sisteminə nəzarət edir. Yoxlama aparılan zaman Rəşad ona nömrə vermiş və o, hüquqi şəxslə əlaqə yaradaraq məlumat vermişdir. Bundan əlavə hüquqi şəxsə rəsmi qaydada məlumat verilmiş, həm faktiki, həm hüquqi ünvanlarına, həm elektron poçt ünvalarına səlahiyyətli nümayəndənin inzibati icraat zamanı iştirakının təmin edilməsi barədə bildiriş göndərilmişdir. Bundan əlavə o qeyd etmişdir ki, yoxlama zamanı həyata keçirilmiş video çəkilişi məhkəməyə təqdim edə bilmir. Həmçinin ölçmə cihazının üzərində ölçmə nəticələrini əks etdirən daha keyfiyyətli fotoşəkilləri məhkəməyə təqdim edə bilmir. Beləliklə o, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Şəxs MMC-də qazanxana işçisi kimi çalışır. Yoxlama aparılan zaman o, səlahiyyətli orqanın nümayəndələrini həmin əraziyə gətirmişdir, lakin həmin binada işləyən kondisionerlərə o və ya Şəxs MMC nəzarəti həyata keçirmir. Həmin binada açarın öz yeri var, belə ki lazım olanda həmin yerin açarını axtarmamaq və kimisə çağırmamaq üçün onlar açarı müəyyən yerdə saxlayırlar. Həmin vaxt da o, açarı götürmüş və qapını açaraq ekologiya naziliyinin əməkdaşlarına həmin yeri göstərmişdir. Yəni açar onda olmamışdır, həmin səs gələn yerə binanın hər sakini keçə bilir. O yerə nəzarəti Şəxs MMC həyata keçirtmir. Aktı o imza etməmişdir, çünki həmin yerə onların heç bir aidiyyəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi müfəttiş X5 tərəfindən tərtib olunmuş 10 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən «Azure Biznes» mərkəzinin generator və havalandırma sistemlərindən ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması faktı aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 003510 nömrəli aktda qeyd edilmişdir ki, XKEMİ-nə ünvan 2 ünvanında yaşayan sakinin “Azure Biznes” Mərkəzinin generator və havalandırma sistemindən gələn səs küyün sakinləri narahat etməsi və binaya bitişik quraşdırılmasına dair daxil olmuş müraciətlə bağlı sözügedən ünvanda tərəflərindən monitorinq keçirilmişdir. Monitorinq XKEMİ-nin mühəndisi Telman İsmayılov, aparıcı mühəndis Rəşad İbrahimov, 11 saylı RETSİ-nin məsləhətçisi müfəttiş Emin Hüseynli və “Azure Biznes” Mərkəzinin nümayəndəsi Rəşad Kərimovun iştirakı ilə keçirilmişdir. Monitorinq zamanı havalandırma fəaliyyətdə olduğu zaman şikayətçinin evinin ətraf ərazilərində sabit hava şəraitində saat 15:00-16:00 radələrində ölçmə işləri aparılmışdır. Ölçmə işləri səyyar cihaz PCE-322A vasitəsilə keçirilmişdir. Nəticədə 64-67 dBA (norma 60 dBA). Əldə olunmuş nəticə ətraf mühit üçün yol verilən hədd daxilindən artıqdır. Bundan əlavə olaraq vibrasiya SVANTEK cihazı ilə ölçülmüşdür. Nəticə 65-70 dBA (norma 77dBA) vibrasiya norma daxilində olmuşdur. Vibrasiya üzrə ölçmələr yalnız qapalı ərazidə aparılır. “X9”nin nümayəndəsi Rəşad Kərimov monitorinqdə iştirak etmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 93117 nömrəli aktda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yaşayan vətəndaş tərəfindən daxil olan xx.xx.2025-ci il tarixli, İD-30799 nömrəli “Azure Biznes” mərkəzinin generator və havalandırma sistemindən çıxan səs küyün narahatlıq yaratması ilə bağlı müraciətə əsasən qeyd olunan “Azure Biznes” mərkəzinin Şəxs MMC-nin nümayəndəsi Rəşad Kərimovun və XKEMİ-nin əməkdaşlarının iştirakı ilə birgə araşdırm aparılmışdır. Ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə Biznes Mərkəzinin havalandırma sistemi fəaliyyətdə olan zaman şikayətçinin evinin ətraf ərazilərində PCE- 322 A cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticəyə əsasən səs-küy səviyyəsi 64-67 dBA (norma 60dBA) təşkil edərək ətraf mühit üçün yolverilən normadan artıq olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı barələrində aparılan inzibati araşdırmada iştirak etməsi və səlahiyyətli nümayəndəsini göndərməsi məqsədilə Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, 6-BM/2625-732 saylı bildiriş məktubu ünvanlansa da idarəyə bu məsələ ilə əlaqədar heç bir yazılı və ya şifahi məlumat daxil olmamışdır. Araşdırma nəticəsində “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 30, 31 və 32-ci maddələrinə, eləcə də “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli fərmanında göstərilən normalara riayət edilmədiyi müəyyən edilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, monitorinq zamanı səyyar cihazı vasitəsilə səs-küy çirklənməsi ölçülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 275.2-ci maddəsinə əsasən, traf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Həmin Normaların 1.3-cü bəndinə əsasən bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən «Azure Biznes» mərkəzinin generator və havalandırma sistemindən ətraf mühitə yayılan səs küy səviyyəsinin yolverilən normadan artıq olması və bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi X7 və Təbii Sərvətlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək «Azure Biznes» mərkəzinin generator və havalandırma sistemindən gələn səs-küyün bina sakinlərinə yaratdığı narahatlığın aradan qaldırılması üçün tədbir görülməsini xahiş etmiş, daha sonra həmin müraciət əsasında ətraf ərazilərdə səs-küy çirklənməsini ölçən səyyar cihaz PCE-322A vasitəsi ilə ölçmə analiz işləri aparılmış və nəticədə səs-küy səviyyəsinin 64-67 dBA (norma 60 dBA), yəni ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olması əsas gətirərək hüquqi şəxsin barəsində qanunun tələblərinə riayət olunmadan əsassız olaraq 10 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən barələrində əsassız olaraq 10 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, şikayət edilən bina Şəxs MMC-yə aid deyil. Həmin sahə onlara məxsus deyil və tərəflərindən hər hansı bir özbaşınalıq edilə bilməz. Aktda adıçəkilən Rəşad Kərimov qazanxanada çalışır. “Azure Residence” yaşayış və qeyri-yaşayış sahələrindən ibarətdir və onlara heç bir aidiyyəti yoxdur. Şəxs MMC fərqli ofislərnən müqavilə bağlayıb sırf müqavilə bağladığı hüquqi və fiziki şəxslərə xidmət göstərir. Onların öhdəlikləri bağladıqları müqavilələr əsasında müəyyən olur və onların binanın idarəsi ilə heç bir əlaqələri yoxdur. Bundan əlavə, məhkəmə iclasında şahid qismində izahatı alınmış X2 izahatında bildirmişdir ki, Şəxs MMC-də qazanxana işçisi kimi çalışır. Yoxlama aparılan zaman o, qapını açaraq ekologiya naziliyinin əməkdaşlarına həmin yeri göstərmişdir. Açar onda olmamışdır, həmin səs gələn yerə binanın hər sakini keçə bilir. O yerə nəzarəti Şəxs MMC həyata keçirtmir. Aktı o imza etməmişdir, çünki həmin yerə onların heç bir aidiyyəti yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə göndərilmiş protokol və ona əlavə edilmiş sənədlərə Şəxs MMC tərəfindən “Azure Residence”-in yaşayış və qeyriyaşayış sahələrinin idarə edilməsini təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş aktlara əlavə edilmiş fotoşəkillərdən ümumiyyətlə ölçmə işlərinin hansı ərazidə aparılmasını, ölçmə nəticəsində səs-küy səviyyəsinin neçə dBA təşkil etməsini müəyyən etmək qeyrimümkündür. Məhkəmə araşdırması zamanı səlahiyyətli orqanın nümayəndəsinə monitorinq keçirilərkən apaılmış video və ya foto çəkilişlərin məhkəməyə təqdim edilməsi təklif edilsə də, nümayəndə bunun qeyri mümkün olduğunu qeyd etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, inzibati xəta haqqında protokoldan göstərilən halların hüquqi şəxs tərəfindən törədilməsini təsdiqləyən kifayət qədər sübut səlahiyyətli orqan tərəfindən toplanılmadığından, hüquqi şəxsin öz təqsirsizliyini sübuta etmək məcburiyyəti olmadığından, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar