Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-888/2024 12.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şikayət verən şəxs - X1 iştirakı ilə, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 23 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 23 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bir dəfə bu cür qərardan şikayət etmişdir, məhkəmə şikayətini qismən təmin etmişdir, buna baxmayaraq yenidən cərimə olunmuşdur. İş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X4 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X4 İdarəsinin İXP ******* nömrəli, 17 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla bağlı 23 fevral 2024-cü il tarixdə qəbul olunmuş TP ******* nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin qanun 6-cı maddəsinin 2-ci bəndinə əsasən hər bir nişanın təsir dairəsi nəzərdə tutulduğu sürücülər üçün, hərəkət üçün açıq olan yolun hərəkət hissəsinin bütün enini əhatə edir. Lakin, nişanın təsir dairəsi hərəkət hissəsinin uzununa nişanlanma ilə işarələnmiş bir və ya bir neçə hərəkət zolağı ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 23 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməlidir. Belə ki, qərarda göstərilən GPS koordinatlar üzrə əraziyə xəritədə baxış zamanı yolun həmin hissəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərin olmadığı aşkar edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 53, 105.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət təmin edilsin. İnzibati xəta haqqında 17 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokola əsasən Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul olunmuş 23 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-888/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-888/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver