Məhkəmə qərarları › İş №3(011)-898/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-898/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-898/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs Mənzil Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 3-cü ərazi X1 İdarəsi hüquqi şəxs Şəxs Mənzil Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 13 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 13 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 ünvanında yerləşən Şəxs Mənzil Tikinti Kooperativinə məxsus obyektə keçirilən YTM zamanı “Yanğın Təhlükəsizliyi haqqında” Qanunun 8.3, 6.1, 6.5 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 3-cü ərazi X1 İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Mənzil Tikinti Kooperativinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 3-cü ərazi X1 İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Mənzil Tikinti Kooperativinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 13 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs Mənzil Tikinti Kooperativinə məxsus obyektdə keçirilən YTM zamanı “Yanğın Təhlükəsizliyi haqqında” Qanunun 8.3, 6.1, 6.5 və 10.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 08 yanvar 2025-ci il tarixli, KY242263631 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 ünvanında yerləşən Şəxs Mənzil Tikinti Kooperativinə məxsus obyektdə plan üzrə xx.xx.2025-xx.xx.2025-ci il tarixdə müayinənin aparılmasına icazə verilmişdir; xx.xx.2025-ci il tarixli “Yanğın-texniki müayinə Aktı”na və “Yoxlama suallarının Siyahısı”ndan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 ünvanında yerləşən Şəxs Mənzil Tikinti Kooperativinə məxsus obyektdə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq yaşayış binası ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmamış, su ehtiyatı ilə təmin olunmamış, obyekt işçilərinin yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılması barədə xüsusi jurnalı tərtib edilməmiş, elektrik təsərrüfatına profilaktiki baxış keçirilməmişdir və s. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Mənzil Tikinti Kooperativi tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 ünvanında yerləşən obyektdə təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələbləri yerinə yetirilməmişdir. Bununla da Şəxs Mənzil Tikinti Kooperativi İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa görə yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək və s. vəzifələri yerinə yetirməlidirlər (6-cı maddənin 2-ci hissəsi). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs Mənzil Tikinti Kooperativinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs Mənzil Tikinti Kooperativinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Şəxs Mənzil Tikinti Kooperativinə inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3– 540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bu Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd olunan Məcəllənin 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs Mənzil Tikinti Kooperativinə bu cərimə şərti olaraq tətbiq edilsin və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs Mənzil Tikinti Kooperativi bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar