Məhkəmə qərarları › İş №3(011)-899/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-899/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-899/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs icraçı direktoru X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 13 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, Yaşıl Ada 2 ünvanında 13 fevral 2023-cü il tarixdə saat 15:00-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs icraçı direktoru X4 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 26 yanvar 2023-cü il tarixli, 11-3-1-2/01-04-243/- saylı “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstərişdən görünür ki, sözügedən İdarə tərəfindən ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektin üzərində "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyinin aşkar edildiyinə və bu barədə 13.01 2023cü il tarixdə akt tərtib olunduğuna istinad olunaraq həmin aktda qeyd olunan qanun pozuntularının 5 (beş) gün ərzində aradan qaldırılması, eləcə də icrası məcburi olan göstərişi aldıqları vaxtdan 5 gün ərzində açıq məkanda yerləşən reklamın yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam idarəsinə müraciət etməkləri və ya icazəsiz reklam yayımını dayandırmaqları tələb olunmuşdur. Daha sonra sözügedən göstərişdə qeyd olunmuşdur ki, həmin göstərişdə qeyd olunanlara əməl edilmədiyi təqdirdə barələrində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta üzrə icraat başlanacaqdır. Həmin göstərişə xx.xx.2023-cü il tarixli aktın surəti, eləcə də fotoşəkillər əlavə olunmuşdur. Tərəflərindən İdarənin yuxarıda sözügedən məktubuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 09/23 nömrəli məktublarında İdarənin diqqətinə çatdırılmışdır ki, 29 avqust 2022-ci il tarixində də həmin İdarənin əməkdaşları tərəfindən eyni əsaslarla, eyni fotoşəkillərdə əks olunan halla bağlı Şəxs MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdiriİməsi faktının müəyyən olunduğuna istinad edilməklə həmin tarixdə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Reklam İdarəsi tərəfindən eyni ünvan üzrə, eyni əsaslarla tərtib olunmuş 29 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati protokol üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3428/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci ildə aşkar edilən fakt Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin tərkibini yaratmadığından sözügedən məhkəmə qərarı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş uzrə icraata sözügedən Məcəllənin 53.1.2-ci və 105.1-ci maddələrinin tələblərinə əsasən xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-3428/2022 saylı qərarı hazırda qanuni qüvvəsindədir. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə obyektin üzərinə vurulan vinilin reklam hesab edilmədiyinin müəyyən olunduğunun İdarənin diqqətinə çatdırılmasına baxmayaraq həmin İdarə tərəfindən Azərbaycan Dövləti adından qəbul edilən məhkəmə aktı heçə sayılaraq, subyektiv və hüquqi əhəmiyyəti olmayan formal mülahizələrə istinad edilməklə ünvanlarına göndərilmiş xx.xx.2023-cü il tarixli, 11-3-1/2-528/2023 saylı məktubda göstərilmişdir ki, guya Şəxs MMC tərəfindən obyektin üzərinə vurulan vinillər reklam hesab edilir ki, bununla da həmin vinilin obyektin üzərinə vurulması üçün həmin İdarədən icazənin alınması təmin edilməlidir. Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ünvanlarına göndərilmiş və idarənin əməkdaşına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-3428/2022 saylı qərarının surəti təqdim edilərək eyni əsaslarla tərtib olunmuş protokolla barələrində başlanmış inzibati xəta üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verildiyi onun da nəzərinə çatdırılsa da həmin əməkdaş İdarə rəhbərinin tapşırığını icra etməyə gəldiyini bildirərək Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibatı xəta haqqında” protokolu tərtib etmişdir. Sözügedən İdarənin əməkdaşı Şəxs MMC-nin barəsində qeyd olunan maddənin tələbinə istinadən protokol tərtib edərkən Şəxs MMC tərəfindən sözügedən maddədə ehtiva olunmuş inzibati xəta hadisəsinin törədilməsi faktının həmin protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edildiyinə əsaslanmışdır. Reklam əmtəə barədə məlumatları əks etdirməlidir. Əmtəə barədə istehlakçının diqqətini əmtəəyə cəlb edən, eləcə də onda rəy formalaşdırmaqla əmtəəyə tələbatı yaradan, əmtəəni bazarda tanıtmağa, eləcə də onun satışını stimullaşdırma məqsədi ilə məlumatların yayılması reklam hesab olunur. Hazırki işin materiallarına əlavə edilən fotoşəkillərdən görünür ki, heç bir əmtəə Şəxs MMC tərəfindən reklam edilməmiş və hər hansı əmtəə barəsində reklam hesab edilə biləcək məlumatlar yayılmamışdır. İşin faktiki hallarına əsasən Şəxs MMC tərəfindən nəinki Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində təsbit edilən inzibatixəta hadisəsi törədilməmiş, hətta inzibati xəta hadisəsi belə mövcud deyildir. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, Yaşıl Ada 2 ünvanında 13 fevral 2023-cü il tarixdə saat 15:00-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyini bildirərək barələrində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs 14 yanvar 2009-cu il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ 1033, ünvan 7 Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X3 tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, Yaşıl Ada 2 ünvanında 13 fevral 2023-cü il tarixdə saat 15:00-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda Şəxs tərəfindən reklam yerləşdirilmişdir. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 13 yanvar 2023-cü il tarixli aktdan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 13 fevral 2023-cü il tarixdə saat 15:00-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC-dən ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektin üzərində "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edildiyinə və bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib olunduğuna istinad olunaraq həmin aktda qeyd olunan qanun pozuntularının 5 (beş) gün ərzində aradan qaldırılması, eləcə də icrası məcburi olan göstərişi aldıqları vaxtdan 5 gün ərzində açıq məkanda yerləşən reklamın yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam idarəsinə müraciət etməkləri və ya icazəsiz reklam yayımını dayandırmaqları tələb olunmuş, əks təqdirdə barələrində İXM-nin 428.7.1-ci maddəsinə əsasən protokol tərtib olunacağı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, Yaşıl Ada 2 ünvanında 13 fevral 2023-cü il tarixdə saat 15:00-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar