Məhkəmə qərarları › İş №3(011)-908/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-908/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-908/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 00100-03545/24 saylı, 19 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli **********3831 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Bas Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 1100/012/031888 nömrəli raporta əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin ünvanına 01CE069/99ZB117 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Dövləl Gömrük Komitəsinin «X1 Sistemi» informasiya resursundan «malın çatdırılması və bosaldılması»na dair çıxarışdan görünür ki, Q1CE069/99ZB117 nömrəli nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 03:11-də Tovuz Gömrük İdarəsinin «Qırmızı körpü» gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Dövlət Gömrük Komitəsinin «X1 Sistemi» informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********3831 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 01CE069/99ZB117 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 03:11-də Tovuz Gömrük İdarəsinin «Qırmızı körpü» gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, lakin xx.xx.2024-cü il tarixli **********3831 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********8559 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətiriləndən sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 15:52 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. İnzibati protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək özlərini təqsirli bildiklərini, daxili təlabata aid operativ qaydada gətirilməsi nəzərdə tutulan məhsul olduğunu və xarici ölkədən gəldiyini bildirmişdir. Lakin xarici hüquqi şəxslər onlara lazımi məlumatları vermədikləri üçün onlar da yanlış məlumat verməmək üçün qısa idxal bəyannaməsini vaxtında yükləyə bilməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Marketinq və İqtisadi Əməliyyatlar» İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi (VÖEN: **********) tərəfindən **********3831 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələtinin bir qisminə görə xx.xx.2024-cü il tarixli **********8559 nömrəli qısa idxal bəyannaməsi tərtib edilmişdir. Başqa bir qisminə görə **********3831 nömrəli qısa idxal bəyannaməsi yük gömrük sərhəddini keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixində saat 15:52-də tərtib edilmişdir. Vaqonların yerdə qalan qisminə görə isə, qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar