Məhkəmə qərarları › İş №3(011)-9117/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9117/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9117/2025 30.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx xxxx 1992-ci ildə Qəbələ rayonu, Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qəbələ rayonu, Zirik Ərazi Dairəsi, Zirik kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 30 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, polis əməkdaşları tərəfindən saxlanılmış və ona dövlət qeydiyyat nişanının istifadəyə yararsız olduğu bildirilmişdir. O isə təmir işi ilə məşğul olduğundan müştərinin onu gözlədiyini bildirdikdə polis ona avtomobilin ekskavatorla duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Daha sonra o, özü maşını duracağa aparmış və orada 102 xidmətinə zəng edərək polisin hərəkətlərindən şikayət etmişdir. Həmin vaxt hətta polis əməkdaşı onun kəmərindən tutaraq onu iki dəfə maşına çırpmışdır. Nəticədə o, 37-ci Polis Bölməsinə aparılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, himayəsində talassemiya xəstəliyindən əziyyət çəkən övladının olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş eytenantı X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyini bildirmiş və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti baş inspektoru polis mayoru X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 10:10 radələrində **-YP-*** çağırışlı avtopatrul maşını ilə Kövkab Səfərəliyeva küçəsində xidmət apararkən **-FA-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin həmin küçədə 2-ci sırada dayandığını görüb sürücüyə yaxınlaşmış və özünü təqdim edərək qayda pozuntusu etdiyini bildirdikdə müştəri gözlədiyini bildirmişdir. Nəqliyyat vasitəsinin xarici görkəminə baxış keçirərkən arxada nömrəyə müdaxilə edilməsini və rənglə rəqəmlərin yazıldığını müəyyən etmişdir. Həmçinin alın şüşəsi çat olmuş, avtomobildə tibbi yardım çantası və yanğınsöndürən olmamışdır. O, sürücüyə hüquq və vəzifələrini izaht etmiş və avtomobilin müvəqqəti olaraq duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Sürücü getməkdən boyun qaçıraraq heç yerə getməyəcəyini bildirmiş və Nəsimi RPİ-nin PPX-nin əməkdaşları yaxınlaşdıqdan sonra o, polisə tabe olaraq duracağa getmişdir. Duracağa gəldikdə aralarında sözlə mübahisə olmuş və bu səbəbdən ona 37-ci PB-nə getməli olduqları bildirilmişdir. Bu zaman vətəndaş ucadan səs-küy salaraq ictimai asayişi pozmuş və onlara şər atmağa başlamışdır. daha sonra şəxs yenidən onlarla getməkdən imtina edərək onların qanuni tələblərinə tabe olmadığından məcburi qaydada polis bölməsinə aparılması təmin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İnzibati qaydada tutma haqqında 30 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 11:55-də tutulmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş eytenantı X3 tərəfindən tərtib edilmiş 30 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə xırda xuliqanlıq etdiyindən və polisin qanuni tələbinə tabe olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin məhkəmə iclasında verdiykləri izahatları, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı övladının olmasını (İXM-32.2) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 31.4-1 və 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar