Məhkəmə qərarları › İş №3(011)-9147/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9147/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9147/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, maşın ustası işləyən, Ağdam rayonu, Bağbanlar Ə/D, Saybalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı Emil Mirzəyevin 18 sentyabr 2025-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, “E200” modeli, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin boyasının zədələnməsi nəticəsində ona 4270 manat maddi ziyan dəymişdir. Lakin qüvvədə olan AR CM-nin 186-cı maddəsinin tərkib əlamətinin yaranması üçün 5000 manatdan yuxarı məbləğ lazım olduğundan qeyd olunan hadisə AR CM-nin 186-cı maddəsinin tərkib əlamətlərini yaratmasa da, əməldə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 9 ay bundan əvvəl İmran adlı şəxslə tanış olmuşdur. İmran onun işlədiyi avtoservisə “Mercedes” markalı, “E200” modeli, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobiliri təmir üçün gətirmişdir. İmran özünü ona vəzifəli şəxs kimi təqdim etmiş və hüquq sahəsində hər hansı çətinliyi olduqda müraciət edə biləcəyini demişdir. Söhbət əsnasında məlum olmuşdur ki, o, Ağdam rayonundan məcburi köçkündür, hərbi xidmətə getməmişdir. İmran ona əlillik düzəldə biləcəyini və Ağdam rayonunda ona fərdi ev ala biləcəyini bildirmişdir. O, bu təkliflə razılaşmışdır. İmran həmçinin özünə məxsus “Mercedes E20” markalı avtomobilinin təmir işlərinin görülməsini xahiş etmişdir. Bunun qarşılığında isə gördüyü işlərin pulunu ödəyəcəyini və əlillik düzəldilməsi məsələsində köməklik göstərəcəyini demişdir. Təxminən 9 ay ərzində o, İmranın avtomobilini təmir etmiş, tələb olunan materialları isə öz cibindən qarşılamışdır. İmran isə yalnız 100 manat ödəmiş, qalan hissəsini isə işlər tam başa çatdıqdan sonra ümumi şəkildə verəcəyini söyləmişdir. Bundan əlavə, ona ev alacağı və əlillik düzəldəcəyi barədə vəd vermişdir. Lakin o, avtomobili təmir etdikdən sonra ödəniş tələb etdikdə, müxtəlif bəhanələrlə pul verməkdən imtina etmişdir. O, İmran üçün ümumilikdə 2500 (iki min beş yüz) manat dəyərində xidmət göstərmişdir. O, pulu geri qaytarmadığı təqdirdə polis orqanlarına müraciət edəcəyini desə də, İmran ona heç nə edə bilməyəcəyini bildirmişdir. O da İmranın hərəkətlərinə əsəbləşərək, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Yağmur” mebel mağazasının qarşısında İmranın park etdiyi “Mercedes” markalı, “E200” modeli, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə boya sökücü maddə tökərək qəsdən zədələmişdir. Həmin maddəni daha əvvəl təmir etdiyi hissələrə tökmüşdür. Daha sonra həmin yerdən uzaqlaşaraq yaşadığı ünvana qayıtmışdır. Beləliklə göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ilə təxminən 1 il 6 ay öncə atası vasitəsilə tanış olmuşdur. Həmin zaman avtomobilində yüngül zədə olduğu üçün Vasifin yanına aparmışdır. Lakin bu proses həddən artıq uzanmışdır. 8 ay ərzində yalnız avtomobilinin səthini parlatmış, ön qanadı rəngləmiş və keçid vermək üçün sol arxa qapını yalnız laklamışdır. Bu proses bitdikdən sonra sol arxa qapının rəngi ilə ümümi avtomobilin boyasında gözəçarpan fərqlər yaranmışdır. O, bundan narazı qalmışdır. Vasif, atası və qardaşı onu yenidən bərpa üçün çağırmışlar. Lakin o, narazı qaldığı üçün oraya getməmiş və Vasifin telefon zənglərinə cavab verməmişdir. Vasif onun “WhatsApp” tətbiqinə dəfələrlə yazaraq onun üçün iş gördüyünü telefonu niyə açmadığını demişdir. X1 zəng edərək oğlunun telefonunu niyə açmadığını soruşmuşdur. Lakin atası onun doğru etdiyini, vaxtı ilə oğlunun da telefon zənglərini açmadığını bildirmişdir. Oğlu Vasif zənglərini açmamağı səbəbindən qəzəblənmişdir. xx.xx.2025-ci il tarixdə, saat 22:05-də “**********” mobil nömrəsindən ona zəng gəlmiş və ona tülkü sözü deyilmişdir. Bundan sonra Asifə zəng edib nömrənin kimə məxsus olduğunu soruşmuşdur. Asif ona tanışı Araz adlı şəxsin olduğunu demişdir. Araz yanında oduğundan telefonu götürmüş və həmin zaman telefonla danışan şəxsin Vasif olduğunu vurğulamışdır. xx.xx.2025-ci il tarixdə, saat 01:06-da Vasifin qardaşı Asif ona zəng etmişdir. Daha sonra “WhatsApp” tətbiqinə mesaj ataraq Vasifin ona video göndərdiyini, baxmağını bildirmişdir. O, bloka atdığı üçün videonu görməmişdir. Səhər radələrində yaşadığı ünvanın yaxınlığındakı mebel salonunda işləyən şəxs ona zəng edərək, avtomobilinin zədələndiyini bildirmişdir. O da bu barədə dərhal “102” Zəng Xidmətinə məlumat vermişdir. Daha sonra avtomobilin yanına düşdükdə, üzərində yandırıcı maddə olan sulfat turşusunun olduğunu, həmçinin avtomobilin müxtəlif detallarında cızıqların olduğunu aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 4270 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə o, ona qarşı şikayətçi olduğundan və ona dəymiş maddi zian ödənilmədiyindən barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Volt Avto” Servis tərəfindən verilmiş zərər aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz E class 200” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın və görülmüş işlərin ümumi məbləği 4270 manat təşkil etmişdir. Azərbaycan Respublikası Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı Emil Mirzəyevnin 18 sentyabr 2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Ramin Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilə boya tökərək maddi ziyan vurduğundan və törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 4270 (dörd min iki yüz yetmiş) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar