Məhkəmə qərarları › İş №3(011)-92/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-92/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-92/2024 26.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon prokurorluğunun nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Oğuz rayonu, Padar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Oğuz rayonu, Padar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində yerləşən fərdi tikilmiş evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs özgənin əmlakını talama məqsədi ilə 2023-cü ilin yanvar ayından 12 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində xadimə işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 E, mənzil 14-dən ümumi dəyəri 295 manat olan əşyaları gizli talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs barəsində 26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada evlərə təmizliyə gedir. Zərərçəkmiş şəxs ilə onu Reyhan adlı qadın tanış etmişdir. Belə ki, o, Reyhanın evində təmizlik işləri ilə məşğul olmuş və 2022-ci ilin təxminən noyabr ayında Reyhan ona Yelena adlı tanışının olduğunu, onun evinə təmizliyə gedə bilib-bilməyəcəyini soruşmuşdur. O da münasib qiymətə olarsa gedə biləciyini demişdir. Bundan sonra o, Yelenanın yaşadığı ünvan 1 ünvanına getmiş və orada Yelena ilə görüşmüşdür. Yelena ona həftədə 2 dəfə gələrək evləri təmizləməyini bunun qarşılığında ona hər dəfə 50 manat pul verəcəyini bildirmişdir. O da Yelena ilə razılaşmış və həmin vaxtdan başlayaraq o, Yelenanın yaşadığı evə hər həftənin 2 və 5-ci günləri gedib, təmizlik etməyə başlamışdır. Yelenanın əri təxminən 1 il bundan əvvəl rəhmətə getmişdir. Təxminən 2023-cü ilin may ayının əvvəllərində o, evi təmizləyən zaman Yelenaya ərinin əşyalarını bir yerə yığmaq istədiyini demiş, Yelena da ona icazə verib bir yerə yığmağını dəhlizdəki dolaba qoymağını demişdir. O, həmin əşyaları ora yığan zaman dolabın küncündə 2 ədəd kişi qol saatı və 1 ədəd eynək olduğunu görmüşdür. 2023-cü ilin may ayının sonlarında yenə də dolabı təmizləyən zaman küncdə həmin 2 ədəd kişi qol saatı və 1 ədəd eynəyi görüb oğurlamaq qərarına gəlmişdir. Buna görə də o, bir ədəd göy rəngli kəməri olan saatı, bir ədəd qara rəngli saatı və 1 ədəd qara rəngli qabın içərisində olan gözlüyü götürüb özünə məxsus çantanın içərisinə qoymuşdur. O, həmin əşyaları yaşadığı evə gətirib qoymuşdur. Daha sonra onu Xətai RPİ-nin 37-ci PŞ-dən zəng edib çağırmışlar və həmin məsələ ilə əlaqədar olduğunu başa düşüb, həmin əşyalarla birlikdə polis şöbəsinə getmiş və əşyaları təqdim etmişdir. O, Zərərçəkmiş şəxs evindən başqa heç bir əşya oğurlamamış, yaşadığı ünvandan aşkar olunmuş əşyaları isə Yelena ona özü vermişdir. Həmin oğurluq hadisəsini törətməkdə ona heç kim köməklik göstərməmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, X1 2022-ci ilin payız aylarında tanımışdır. Belə ki, həmin vaxtlar o, yaşadığı evi təmizlətmək üçün xadimə axtarmış, bu barədə tanışlarından maraqlanmış və tanışı Reyhan ona Nərgiz adlı qadın olduğunu və evləri gəlib təmizləyə biləcəyini demişdir. 2022-ci ilin noyabr ayının sonlarında o, Nərgizi yaşadığı evə dəvət etmiş və Nərgizlə söhbət edərək, Nərgizin evləri təmizləməsi və həftədə iki dəfə olmaqla hər dəfə 50 manat pul verəcəyi barədə razılaşmışlar. Bundan sonra Nərgiz həftənin 2 və 5-ci günləri gələrək evləri təmizləmişdir. 2023-cü ilin aprel ayından o, Nərgizin bəzi xırda əşyaları ondan icazəsiz götürdüyünü bilmiş, lakin buna fikir verməmişdir. Onun əri Tərlan rəhmət getdikdən sonra onun bütün əşyalarını dəhlizdə olan dolaba yığmış və həmin dolaba tez-tez baş çəkmişdir. 12 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində o, yaşadığı evdə uşaq otağında olan siyirməyə baxan zaman oradan özünə məxsus 45 ədəd ətirlərin bəzilərinin qutularının içərisinin boş olmasını, bəzilərinin isə ümumiyyətlə yerində olmadığını görmüşdür. Bundan sonra evi axtarmağa başlamış və yataq otağındakı dolabdan mayka, köynək və cins şalvarlarını, rəhmətə getmiş əri Tərlanın əşyalarını yığdığı dolabdan isə 1 ədəd qara kəmərli “Omega” markalı, 1 ədəd göy rəngli kəmərli “Ulyesse Nardin” markalı, 1 ədəd qəhvəyi rəngli “Ulyesse Nardin” markalı, 1 ədəd “Patek Philippe” markalı kişi qol saatlarının, 1 ədəd “Cerruti” markalı gün eynəyinin, şampunlar və başqa əşyaların oğurlanmasını aşkar etmişdir. O, bu barədə Nərgizdən şübhələnmiş və Nərgizin yaşadığı evə getmişdir. O, Nərgizin yaşadığı evdə bəhanə ilə hamama getmişdir. O, orada şampunların olmasını görmüş və Nərgizin oğurlamasını dəqiq bilmişdir. O, Nərgizin əri Elşadı kənara çəkib söhbət etmiş və Elşada Nərgizin əşyaları qaytarmasını bildirmişdir. Lakin Nərgiz ona "whatsapp" proqramı vasitəsi ilə səs ataraq ətirləri, şampunları götürdüyünü etiraf etsə də saat və eynəyi görmədiyini, etdiyi əməldən peşman olduğunu bildirmişdir. O, Nərgizin əşyaları qaytarmaq fikri olmadığını başa düşüb 15 sentyabr 2023-cü il tarixdə hadisə barədə ərizə yazmışdır. Daha sonra o,. Nərgizin onun evindən müxtəlif geyim əşyaları, qadın və kişi ətirləri oğurladığını da aşkar etmişdir. O, hərdən Şəxs geyim əşyaları vermişdir, lakin Nərgizin yaşadığı evdən aşkar olunan əşyaları və oğurlanmış digər əşyaları o, Nərgizə verməmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirərək onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon prokurorluğunun nümayəndəsi Nümayəndə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında 26 dekabr 2023-cü il tarixli qərarın məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqındaiş üzrə icraatın başlanılması qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli 3-16-16/2-9/7370/2023 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilə olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 295,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qərarda göstərilən, lakin təqdim edilməyən 02 ədəd dərman preparatı haqqında ətraflı məlumat (markası, ölçüsü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Təqdim etmə və götürmə barədə 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs təqdim etdiyi 1 ədəd “Ulyesse Nardin” markalı kişi qol saatının içərisi göy rənglidir, içərisində “Ulyesse Nardin” yazısı vardır, kəmər göy rəngdədir, 1 ədəd “Omega” markalı kişi qol saatının içərisi ağ rənglidir, saatın kəmərləri qara rənglidir, 1 ədəd qara rəngli qabın üzərində “Cerutti 1881” sözləri yazılmışdır, qabın içərisində olan eynəyin sağ üst hissində “Cerutti 1881” yazıları vardır. Həmin əşyalar sübut əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış həmin 1 ədəd “Ulyesse Nardin” markalı göy kəmərli kişi qol saatının, 1 ədəd “Omega” markalı qarankəmərli kişi qol saatının və 1 ədəd qara rəngli qabın içərisində “Cerutti 1881” markalı gün eynəyinin ona məxsus olduğunu və həmin əşyaları formasından, firmasından, rəngindən tanıdığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olan ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş və xırda talamağa görə barəsində inzibati icraatın başlanılması üçün materialın Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilməsi qərara alınmış, 26 oktyabr 2023-cü il tarixli 3-16-16/2-9/7370/2023 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Ulyesse Nardin” markalı göy kəmərli kişi qol saatı, 1 ədəd “Omega” markalı qara kəmərli kişi qol saatı, 1 ədəd qara rəngli qabın içərisində “Cerutti 1881” markalı gün eynəyi və qabı, 1 ədəd yastıq, 16 ədəd geyim əşyaları, 2 ədəd bıçaq və 1 ədəd termos sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə geri qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar, inzibati xətanı törətmiş şəxsin, səlahiyyətli orqanın nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs özgənin əmlakını gizli olaraq talayaraq ona maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, iş materiallarında olan izahatları və iş üzrə digər sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs təyin edilmiş inzibati tənbehin müddətinin əvvəli onun çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrasına nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar