Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-921/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 40008.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" QSC-də olan hesabından 07 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 40008.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 23 fevral 2022-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 protokola etiraz edərək göstərmişdir ki, Şəxs MMC ilə "TİANJİN YİEN DECORATİON MATERİAL" CO LTD arasında 01.04.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Şəxs MMC 07 yanvar 2020-ci il tarixində 40008.00 ABŞ dolları məbləğində ödəniş etmiş, 28.02.2020-ci il tarixində mallar gömrükdə bəyan edilməklə ölkəyə idxal olunmuşdur. Bu, **********5341 nömrəli gömrük bəyannaməsi ilə təsdiq edilmişdir. Həmin bəyannamədə invoys sənədinin nömrəsi də qeyd olunmuş, sadəcə olaraq nömrənin əvvəlinə müqavilənin adı əlavə edilmişdir. mövcud halı aydınlaşdırmaq məqsədilə satıcı şirkətə müraciət olunmuş və 04.03.2022-ci il tarixdə tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, "TİANJİN YİEN DECORATİON MATERİAL" CO LTD 08 yanvar 2020ci il tarixdə edilən 40008.00 ABŞ dolları məbləğində ödənişə görə 41000.00 ABŞ dolları məbləğinndə malları alıcı Şəxs MMC-ə tədarük etmişdir. Tərəflər təsdiq etmişlər ki, "TİANJİN YİEN DECORATİON MATERİAL" CO LTD 992.00 ABŞ dolları məbləğində malları səhvən artıq tədarük etmişdir, bu səbəbdən köçürmə orderində qeyd olunmuş məbləğlə gömrük bəyannaməsində qeyd olunmuş məbləğlər fərqlənir. Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi olmadığından inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "TİANJİN YİEN DECORATİON MATERİAL" CO LTD şirkətinə 07 yanvar 2020-ci il tarixində 40008.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş **********5341 nömrəli, 28.02.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 40008.00 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar 28.02.2020-ci il tarixində ölkəyə idxal olunmuşdur. İş materiallarında olan 04 mart 2022-ci il tarixli aktdan görünür ki, satıcı "TİANJİN YİEN DECORATİON MATERİAL" CO LTD 08 yanvar 2020-ci il tarixdə edilən 40008.00 ABŞ dolları məbləğində ödənişə görə 41000.00 ABŞ dolları məbləğinndə malları alıcı Şəxs MMC-ə tədarük etmişdir. Tərəflər təsdiq etmişlər ki, "TİANJİN YİEN DECORATİON MATERİAL" CO LTD 992.00 ABŞ dolları məbləğində malları səhvən artıq tədarük etmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiaallarına əlavə edilmiş gömrük bəyannaməsi ilə sübuta yetirildi ki, Şəxs MMC 40008.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" QSC vasitəsilə 07 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına alınan mallar 02 il tamam olmadan ölkəyə idxal etmişdir. Buna görə də hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-921/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-921/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver