Məhkəmə qərarları › İş №3(011)-9260/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9260/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9260/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* saylı protokolun və həmin protokola əsasən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 18 iyul 2025-ci il tarixində Bakı şəhəri, Yusif Səfərov küçəsində 15:20 radələrində özünə məxsus olan 85CT369 dövlət qeydiyyat nişanlı “X5” markalı avtomobili ilə bərəkətdə olan zaman həmin ünvanda hərəkətdə olan 99YP449 qeydiyyat nişanlı YPX avtomobili ona «saxla» əmri vermişdir. O, qanuna əsasən onun «saxla» əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini avtomobilin arxasında olan qoşqu yeri (farkop) olduğunu demişdir. İnzibati xəta haqqında məlumatların mərkəzi informasiya sisteminə vaxtında, tam və düzgün daxil edilməməsinə görə inzibati-təcrübə üzrə inspektorlar və operatorlar-məsuliyyət daşıyırlar. YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. O isə öz növbəsində ona etirəz edərək bildirmişdir ki, adı keçən qurğu (farkop) kustar üsulla hazırlanmamışdır. Bu avtomobil üçün nəzərdə tutulub və standartlara uyğundur və avtomobil 2014-cü ildə Azərbaycana idxal edilən zaman üzərində mövcud olub və indiyə qədər hər zaman (çox zaman qoşqu istifadə etdiyi üçün) üzərində mövcud olub. Ondan adı keçən YPX avtomobilində oturan YPX inspektorura yaxınlaşmağını istəmişdir. YPX avtomobilində əyləşən YPX inspektoru YPX avtomobilinə əyləşməyini ondan istəmişdir. YPX avtomobilində də orada əyləşən inspektora eyni şəkildə eyni etirazını bildirmişdir. Onun etirazına cavab olaraq aqressiv va kobud səkildə inspektor eyni avtomobildə birlikdə xidmətdə olan YPX nəfərinə əmr etmişdir ki, “bunun maşınını cərimə meydançasına aparın!” Nəticədə avtomobili Xətai rayonunda Qənimətlər parkı ilə üzbəüz yerləşən cərimə meydançasına aparmaq üçün, əmri alan YPX nəfərinə onun avtomobilinin ön sərnişin oturacağına oturmuşdur. Yola düşərək Xətai rayonunda Qənimətlər parkı ilə üzbəüz yerləşən cərimə meydançasına gəlmişlər və avtomobilini dayanacağa yerləşdirmişlər. Heç bir sənəd, akt vermədən. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir. Akt təqdim etməli idilər. Və bildirmişdir ki, indi Badamdar da yerləşən BDYPİ-də 30-cu otağa yaxınlaşın. O, dərhal deyilən ünvana getmişdir. Uzun növbədən sonra otağa qəbul edilmişdir. Daxil olarkən içəridə (qapıdan girən kimi qapının qarşısında oturan) polis məmuru çox normal, insana, Azərbaycanlıya, Azərbaycan polisinə yaraşan şəkildə qarşılamış və şikayətini dinləməyə başlamışdır. Bir müddət sonra sol tərəfdə oturan (sarışın) polis məmuru serjant (Rzayev Zaur özünü belə təqdim etmişdi) söhbətə müdaxilə edərək aqressiv şəkildə "ver mən həll edərəm" demiş və şikayətini bu məmura izah etməyə başlamışdır ki, tam araşdırmadan, dinləmədən, qərəzli olaraq, kobud şəkildə göstəriş vermişdir ki, (yuxarı da adı keçən məmurlar Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərini kobud səkildə pozaraq) “dərhal bunun cəriməsini yazın” və İXP7278411 protokol tərtib olunmaqla barəsində 150 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır, (saxlanılma səbəbinə edilən iddia ilə deyil başqa iddia ilə. Protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyi qeyd olunmuşdur. Polis əməkdaşı tərəfindən yalnız vizual formada nəqliyyat vasitəsinə baxış keçirilməklə kifayətlənərək, öz mülahizəsi əsasında, nəqliyyat vasitəsini normativ tələblər pozulmaqla avadanlığını dəyişdirməklə və mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə idarə etməsi qənaətinə gəlinərək, hansı sübutla müəyyən edildiyi göstərilməmiş, barəsində əsassız, qərəzli və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İnzibati xətanın konkret nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddələri qeyd olunmaqla kifayətlənmişdir. Heç bir sübuta istinad edilmədən qərar qəbul edilmiş, həmçinin həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətam törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edm biitün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin aşağıdakı bəndləri ilə təqsirli olduğunu iddia edirlər: 342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə. Qeyd: Dövlət qeydiyyat nişanlarının standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ***-**** standartı ilə müəyyən edilir. 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar: 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. "Yol hərəkəti haqqında" qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. “X5 B10” 2006- 2012 illərdə istehsal olunub. Bu protokolun əvvəlki qərarları haqda Bakı şəhəri Xətai Rayon Məhkəməsi məhkəmə iclasında müəyyən edilmişdir ki, sitat: "Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanıldıqdan sonra müvafiq qaydada müayinə aparılmalı, habelə nasaz nəqliyyat vasitələri xüsusi cihazlardan istifadə olunmaqla yoxlanılmalı olduqları halda, polis əməkdaşı tərəfindən yalnız vizual formada nəqliyyat vasitəsinə baxış keçirilməklə kifayətlənilərək, öz mülahizəsi əsasında X2 nəqliyyat vasitəsini normativ tələblər pozulmaqla avadanlığını dəyişdirməklə və mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə idarə etməsi qənaətinə gəlinərək, hansı sübutla müəyyən edildiyi göstərilməmiş, barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır". Göründüyü kimi inzibat xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 75 və Maddə 93 tələblərinə riayət edilmədən, tələblər pozularaq qəbul edilmişdir. Məhkəmənin də onun tələb etdiyinə baxmayaraq, avtomobilə baxış, mütəxəssis, ekspert rəyi, sübut təqdim edə bilmirlər. Göründüyü kimi, əllə tutulan, qanuna söykənən heç bir dəlil sübut gətirə bilmirlər. Beləliklə, polis əməkdaşı iddia edilən İXM-nin 342.1.3. və 342.2.2 maddələrinin tələblərinin pozulduğunu qanuni qaydada sübuta yetirə bilmədiyindən, deməli inzibati xəta tərkibi və hadisəsi mövcud deyil. Həmin məcəllənin 8.1 maddəsi ilə təqsirsiz hesab edilir. Məhkəmə iclasında X4 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsinin polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 15:21-də Bakı şəhəri, Xətai rayonu ərazisində idarə etdiyi “X5 minik” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsi və mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə idarə edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.1.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarla X2 İXM-nin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanıldıqdan sonra müvafiq qaydada müayinə aparılmalı, habelə nasaz nəqliyyat vasitələri xüsusi cihazlardan istifadə olunmaqla yoxlanılmalı olduqları halda, polis əməkdaşı tərəfindən yalnız vizual formada nəqliyyat vasitəsinə baxış keçirilməklə kifayətlənilərək X2 nəqliyyat vasitəsini normativ tələblər pozulmaqla avadanlığını dəyişdirməklə və mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə idarə etməsi qənaətinə gəlinərək barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar