Məhkəmə qərarları › İş №3(011)-9278/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9278/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9278/2025 12.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 01 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 01 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini, avtomobilinin cərimə meydançasından saxlanması haqqında tələb edilmədən dərhal buraxılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, Babək prospektində hərəkət edərkən idarə etdiyi **-KD-*** qeydiyyat nişanlı avtomobilini polis əməkdaşı baş serjant X4 tərəfindən saxlanılmışdır. O, barəsində İXP ******* protokol tərtib etmişdir. Guya normativlərin pozulması ilə qanunsuz kontruksiya dəyişiklik etmişdir. Lakin avtomobilində heç bir qanunsuz dəyişiklik yoxdur. Onlar qanunsuz olaraq tex pasportda avtomobilin aksessuar dəyişikliyini “2020” modellə yığılıb yazısının olmadığını bildirərək irad tutmuşdur. Daha sonra avtomobilini 11 saylı cərimə meydançasına aparmağını tələb etmişlər. Lakin orda da ona maşının orda olmağı ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Qeyd edir ki, tex pasportda “2020” modelinə yığılıb yazısının olmalıdır tələbi belə qanunsuzdur. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 01 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarını ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan görünür ki, 22 oktyabr 2025-ci il tarixdə saat 13:33-də Bakı şəhəri, Babək pr 23/15 ərazisində “X9 Rover HSE” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar edilmişdir. X3 barəsində 150 (bir yüz əlli) manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 96.1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. “Yol hərəkəti haqqında” Qanunun 84-cü maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək vəzifəsi var. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 barəsində Bakı şəhəri X10 Şöbəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın konkret nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənmişdir, heç bir sübuta istinad edilmədən qərar qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X2 normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirməsini hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X10 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 01 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar