Məhkəmə qərarları › İş №3(011)-932/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-932/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-932/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə rəisi Rauf Ağayev, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1959-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə rəisi Rauf Ağayev tərəfindən Şəxs barəsində 11 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, oğlu ilə bir mənzildə yaşayır. 2021-ci ilin avqust ayında oğlu ailə həyatı qurduqdan sonra aralarında münasibətlər soyumağa başlamışdır. 25 noyabr 2023cü il tarixdə, saat 12:30 radələrində Elnur adlı qonşusu ona zəng edərək qaynaq apparatının olub-olmamasını soruşmuş, o, da olduğunu və verə biləcəyini bildirmiş və aşağı düşmüşdür. Bundan sonra oğlu Rövşən Elnura ləvazimatları verən zaman laqondasını istəmişdir. Onların arasında bunun üzərində mübahisə yaranmış, mübahisə zamanı Rövşən çəkiclə onun avtomobilin baqajına zərbə endirmişdir. Bundan sonra onlar bir-birlərini itələməyə başlamış, bu zaman oğlunun və onun əli xəsarət almışdır. Münaqişə təxminən 10 dəqiqə davam etmiş, yanlarında Elnur adlı şəxs olmuşdur, oğlu ilə bir-birini itələyən zaman ola bilsin ki, əli onun ağzına dəymiş, bunu bilə-bilə etməmişdir. Odur ki, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki. 2021-ci ilin avqust ayında ailə həyatı qurduqdan sonra atası ilə aralarında münasibətlər soyumağa başlamışdır, dəfələrlə aralarında mübahisə baş vermiş və bu barədə polisə müraciət etmişdir. 25 noyabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Elnur adlı şəxsin evində usta kimi işləyən zaman ləvzaimatlar lazım olduğundan Elnur atası Mərdana zəng edərək özünə məxsus olan ləvazimatlar istəmiş , atası da verəcəyini bildirmişdir . O, bundan sonra aşağıya düşən zaman atasının Elnur ilə danışdığını və onun arxasınca təhqirlər etdiyini eşitmişdir. Buna görə də o, atasının ləvzaimatlarına ehtiyacın olmadığını sadəcə onun ləvzaimatları istəmişdir. Atası verməyəcəyini bildirdikdən sonra, o çəkiç götürüb qızıfı sındırıb ləvazimatları almaq istəmişdir., bu zaman atası çəkici zorla əlindən alaraq qəsdən yumruqla dodaq nahiyyəsinə zərbə endirərək xəsarət yetirmişdir. Mübahisə təxmini 5 dəqiqə davam etmişdir, yanlarında Elnur adlı şəxs olmuşdur. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə rəisi Rauf Ağayev yuxarıda göstərilən xüsusatları təsdiq edərək, inzibati xəta haqqında protokolun onun tərəfindən tərtib olunduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Ülvi Qəhrəmanlı tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati hüquq pozuntusunun tərkibi olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin 34-cü PŞ-nin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs hər iki dodağın sağ yarısının selikli qişasına qansızmalıdır, üst dodaqda qansızma fonunda əzilmiş yaracıq, qarının sıyrığı və sağ bazurun qançırı müəyyən edilmişdir .Xəsarətlər bərk küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlmiş və ya sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan, dərəcələri təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar