Məhkəmə qərarları › İş №3(011)-934/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-934/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-934/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 daxil olmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 10:00 radələrində «Vaz 21063» minik markalı 90BH183 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən dönmə işıqlarında istifadə etmədiyindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hadisə günü spirtli içki içməmiş, sərxoş olmamışdır. Lakin hadisədən bir gün əvvəl yəni xx xxxxxx 2021-ci il tarixdə bir bakal pivə içmişdir. Daha sonra yaşadığı mənzilə getmiş, səhər saatlarında işi olduğundan istifadəsində olan «Vaz 21063» minik markalı 90BH183 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkətə başlamış, bundan sonra yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, xüsusi texniki vasitə ilə müayinə edilən zaman polis əməkdaşı ona sərxoş olduğunu bildirmişdir. O, sərxoş olmadığını xüsusi texniki vasitənin göstəricisilə razı olmadığını bildirmiş, polis əməkdaşları ona əgər sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola imza atmasını getməsini bildirmişlər. Orta məktəbdə oxumadığından yaza bilmir, xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda olan yazı onun tərəfindən yazılmamış, o, sadəcə protokola imza atmışdır. Buna baxmayaraq onun barəsində protokol tərtib edildiyini gördüyündən sərxoş olmadığını sübut etmək üçün həkim müayinəsindən keçərək sərxoş olmamasıyla bağlı akt almışdır. Nadir hallarda spitli içki qəbul edir, ümumiyyətlə səhər saatlarında heç vaxt spirti içki içməmişdir. Qeyd edilən xüsusatların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa oxşar izahat verərək Şəxs tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəfərov Röyyal Siyavuş oğlu izahatında göstərdi ki, BPİ DYPİ-nin YPX inspektoru vəzifəsində çalışır. xx xxxxxx 2021-ci tarixdə saat 10:00 radələrində Bakı şəhərinin Xətai rayonu Nobel prospekti ilə hərəkətdə olan ««Vaz 21063» minik markalı 90BH183 dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, sürücüdən spirt qoxusu gəldiyindən xüsusi texniki vasitə ilə sürücünün sərxoşluğu yoxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olması müəyyən edilmişdir. Sürücüyə tibbi müayinəyə getmək təklif edilmiş, lakin sonuncu alkotestrin nəticəsi ilə razılaşmış, həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Bundan sonra, sürücü barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs həmin tarixdə saat 10:00 radələrində «Vaz 21063» minik markalı 90BH183 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; xx xxxxxx 2021-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və qəbzdən görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti xüsusi texniki vasitəylə müəyyən edilərkən sonuncuda alkoqolun konsentrasiyası 2,999 promill həddində olmuşdur; xx xxxxxx 2021-ci il tarixli 1/49 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə müayinə edilən zaman Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmiş və o, ayıq olmuşdur; Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış ilkin müəyinə ilə sonuncu müayinə arasında 4 saat ərzində fərq böyrəklərin klirenisi ən yüksək olduğu halda belə heç bir tibbi müdaxilə aparılmayıbsa alkoqolun miqdarı orta hesabla təxminən 1,4 % promil ola bilərdi; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X2 Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır. 1) Məhkəmə Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola aldadılaraq imza etməsini inandırıcı hesab edir. Belə ki, həm inzibati xəta haqqında protokol, həm də sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol eyni tarixdə və eyni vaxtda tərtib edilmiş (xx xxxxxx 2021-ci il saat 10-00-da) inzibati xəta haqqında protokola etiraz emiş və imzalamaqdan imtina etmiş şəxsin eyni vaxtda tərtib edilmiş digər protokola imza etməklə “üç bakal pivə içmişəm” qeydi ağlabatan deyildir. Həmçinin, Şəxs həmin yazıların ona məxsus olmadığını, ümumiyyətlə orta məktəb oxumadığından yaza bilmədiyini bildirmişdir. 2) xx xxxxxx 2021-ci il tarixli saat 14-00-da tərtib edilmiş 2/4697 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmiş və o, ayıq olmuşdur. Həmin aktla sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol arasında dörd saat fərq olmuş, həmin fərq ərzində alkoqolun konsentrasiyası 2,999 promill qeyd edilmiş şəxsin ayıq olması barədə akt ona əsas verir ki, Şəxs saxlanılarkən sərxoş olmamışır. Əks halda sonuncu müayinə zamanı Şəxs sərxoşluğu müəyyən olunardı. 3) Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxxx 2021-ci il tarixli məktubuna əsasən Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış ilkin müəyinə ilə sonuncu müayinə arasında 4 saat ərzində fərq böyrəklərin klirenisi ən yüksək olduğu halda belə heç bir tibbi müdaxilə aparılmayıbsa alkoqolun miqdarı orta hesabla təxminən 1,4 % promil ola bilərdi. Göründüyü kimi, ilkin müəyinə ilə sonuncu müayinə arasında 4 saat ərzində fərq olsa belə saat 14:00-da Şəxs alkoqolun miqdarı orta hesabla təxminən 1,4 % promil ola bilərdi ki, qeyd olunan hal müəyyən edilməmişdir. Şəxs tibbi müdaxilənin olmadığını bildirmiş, inzibati orqan tibbi müdaxilənin olması barədə hər hansı sübut təqdim etməmişdir. 4) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edildiyindən, hazırda iki müxtəlif müayinə aktı olduğundan və bir-birinə zidd olduğundan məhkəmə hesab edir ki, şübhələr Şəxs xeyrinə həll edilməlidir. 5) Həmçinin, inzibati xəta haqqında protokol səhər saatlarında, yəni saat 10-00-da tərtib edilmiş, səhər saatlarında şəxsin sərxoş olmaması barədə dəlilləri də inandırıcıdır. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar