Məhkəmə qərarları › İş №3(011)-943/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-943/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-943/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə 25 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gürcüstan vətəndaşı Shakhin Gadjiev iş icazəsi olmadan MMC-yə məxsus avtoservisdə çilingər vəzifəsinə 12.12.2020-ci il tarixdən 16C06EO000101 nömrəli müqavilə ilə işə cəlb olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barələrində 25 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilsə də, inzibati icraatın başlanılması barədə heç bir bildiriş ünvanlarına göndərilməmiş, səlahiyyətli nümayəndələrinin iştirakları təmin edilmədən və izahatları alınmadan barələrində inzibati xəta haqqında protokol tərtib olunmuş və surəti onlara göndərilməmişdir. Odur ki, o, barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gürcüstan vətəndaşı Shakhin Gadjiev iş icazəsi olmadan MMC-yə məxsus avtoservisdə çilingər vəzifəsinə 12.12.2020-ci il tarixdən 16C06EO000101 nömrəli müqavilə ilə işə cəlb olunmuşdur və bununlada hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsinin tələbləri pozulduğundan barələrində 25 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin o, hüquqi şəxsin nümayəndəsi X4 Dövlət Miqrasiya Xidmətinə gəldiyini, lakin izahat verməkdən imtina etdiyini qeyd etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında protokol məhkəməyə təqdim edildiyi təqdirdə, həmin protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını almaq və işin məhkəməyə göndərilməsi barədə və işə məhkəmədə baxılacağı barədə onu məlumatlandırmaq protokol tərtib etmiş şəxs tərəfindən həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, protokolun surəti ona təqdim edilməmiş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmək hüququ ona izah edilməmişdir. Bu səbəbdəndə Şəxs MMC-nin barəsində İXM-in 578.1ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 25 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə geri qaytarılmalıdır. Belə ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmı QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İXM-in 578.1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş 25 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar