Məhkəmə qərarları › İş №3(011)-9464/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9464/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9464/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdam rayonu, Novruzlu Ərazi Dairəsi, Novruzlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Xətai rayonu, Babək prospektində polis əməkdaşı ilə mübahisə edərək nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus “Hyundai Elantra” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Babək prospekti ilə üzü şəhər istiqamətində hərəkət edərkən tıxac olduğu üçün avtomobildən düşərək orada xidmət aparan YPX-nın əməkdaşına yaxınlaşaraq yolu açmalarını bildirmişdir. Daha sonra orada olan digər YPX-nın əməkdaşı nalayiq ifadə işlətdiyindən o, əsəbləşib onunla mübahisə etmiş və əsəbi olduğu üçün özündən asılı olmayan səbəbdən ona fiziki müdaxilə etmişdir. Beləliklə o, törətdiyi əməldən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru polis baş serjantı X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Babək prospektində təxminən saat 13:20 radələrində 1 nömrəli tras tədbiri ilə əlaqədar xidmətdə olarkən bir nəfər vətəndaş onlar xidmət başında olarkən onlara yaxınlaşaraq yüksək səslə onlara “sizə nifrət edirəm, camaatı bezdirmisiz” deyərək təxribat yaradaraq öz etirazını bildirmişdir. O da ona sakit olmasını və tədbirlə bağlı yolun bağlandığını bildirmişdir. Lakin sonra daha da qıcıqlanaraq təhqir etmişdir. O isə onu tutaraq polis bölməsinə dəvət etmişdir, lakin həmin vətəndaş ona əl qol hərəkəti edib, təpiklə onu vurmuşdur. Yaxınlıqdakı vətəndaşlar ona sakitləşməsini və polisə qarşı söyüş söyməməsini və onu vurmamasını bildirdikdə dönüb onları da söymüşdür. Nəticədə həmin vətəndaş polis bölməsinə gətirilmiş və orada onun Şəxs olması müəyyən olmuşdur. Məhkəmə iclasında şahid qismində izahat alınmış Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru polis baş serjantı X5 şahid X4 ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İnzibati qaydada tutma haqqında 05 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 13:30-da tutulmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xətai rayonu, Babək prospektində YPX-nın əməkdaşı ilə mübahisə edərək polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 31.4-1 və 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar