Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9473/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, Bakı şəhəri Xətai RPİ-nin X7 Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş 05 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 oktyabr 2025-ci il tarixdə, saat 16:43 radələrində “Opel Astra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş avtoxuliqanlıq inzibati xətasını törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 24 oktyabr 2025-ci ildə Xətai rayonu, Ağ Şəhər istiqamətində avtomobili idarə edərkən sağa sola manevr etmiş, lakin həmin vaxt avtomobilin təkərlərini qaldıraraq idarə etməmişdir. O, heç bir avtoxuliqanlıq əməli törətməmişdir. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai RPİ-nin X7 Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, Şəxs Ağ Şəhər istiqamətində nəqliyyat vasitəsini təhlükəli idarə etdiyi üçün barəsində orada yaşayan sakinlərdən şikayətlər daxil olmuş və bu səbəbdən sürücünün idarə etdiyi avtomobil axtarışda olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon X7 Şöbəsinin Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 05 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 oktyabr 2025-ci il tarixdə, saat 16:43 radələrində “Opel Astra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş avtoxuliqanlıq inzibati xətasını törətmişdir; Şəxs iş materiallarına əlavə edilmiş izahatından görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmişdir. 24 oktyabr 2025-ci il tarixdə 8 Noyabr prospektində avtomobili o, idarə etmiş və manevr qaydasını pozmuşdur. Avtoxuliqanlıq fikri olmamış və görüntüdən görsənir ki, avtomobili pis idarə etmiş və bu əməldən peşmandır; məhkəməyə təqdim olunmuş 01 ədəd diskdə olan videogörüntüyə baxış zamanı müəyyən olmuşdur ki, Şəxs idarə etdiyi “Opel Astra minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin tərkibini yaradan hərəkətlərə yol vermişdir. Belə ki, video görünütdən görünür ki, Şəxs avtomobilin təkərlərini qaldırmaqla onu təhlükəli idarə edərək qayda pozuntusu edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməməsini və avtoxuliqanlıq etməməsi barədə izahatına tənqidi yanaşır və hesab edir ki, onun bu izahatı özünü müdafiə xarakteri daşıyır. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında avtomobili idarə edərkən sağa sola manevr etdiyini, lakin həmin vaxt avtomobilin təkərlərini qaldıraraq idarə etmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş 24 oktyabr 2025-ci il tarixdə 8 Noyabr prospektində **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün idarə etdiyini, manevr qaydasını pozduğunu, avtoxuliqanlıq fikri olmadığını və avtomobili pis idarə etdiyini bildirmişdir. Göründüyü kimi Şəxs eyni hadisəni iki ayrı formada təsvir etmişdir ki, bu da onun izahatında göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığını və inzibati məsuliyyətdən yayınmaqdan üçün verildiyini bir daha sübut edir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hadisənin görüntüsünü özündə əks etdirən videogörüntüyə baxış keçirilərkən də Şəxs avtomobili təhlükəli idarə edərək təkərləri qaldırmaqla qayda pozuntusu etməsi öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmalı, həbs etmənin əvvəli 05 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-9473/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9473/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver