Məhkəmə qərarları › İş №3(011)-949/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-949/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-949/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şikayət verən şəxs – X1 iştirakı ilə, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 24 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 24 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan onun tərəfindən verilmiş şikayət Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən qismən təmin edilmiş və həmin qərara əsasən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilmişdir. Məhkəmənin qərarında birbaşa qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin asaslı və ya əsassız olmasına qiymət verilməlidir. Lakin Bakı şəhər X4 İdarəsi məhkəmə qərarının tələblərinə zidd olaraq onun iştirakı ilə hər hansı bir araşdırma aparmadan ləğv olunmuş qərara identik olaraq şablon sözlərdən ibarət yeni bir qərar qəbul etmişdir. Birinci qərarda baş vermiş pozuntular aradan qaldırılmamışdır. Bildirir ki, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrəsindən istifadə etdiyi mobil nömrəyə zəng gəldi. Zəngə cavab verdikdə özünü DYP əməkdaşı kimi təqdim edən şəxs onu X4nə dəvət etdi. O orada olarkən zəng edən şəxs ona bildirdi ki, güya o xx.xx.2023-cü il tarixdə Xətai rayonu, S.Orucov küçəsində nəqliyyat vasitəsini idarə edərkən 2 dəfə İXPnin 327.4-cü maddənin tələblərini pozaraq inzibati xəta törətmişdir. Polis əməkdaşı ona video kadr göstərmiş, lakin orada heçnə dəqiq görsənmirdi. O polis əməkdaşından ikinci xətanın videosunu göstərməyi xahiş etdikdə isə bildirdi ki, güya həmin video hələ onlara təqdim edilməyib. Polis əməkdaşının təqdim etdiyi videoda heçnə aydın görsənmirdi, əks təqdirdə İXP-də öz əksini tapmış qaydalara görə video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsinin köməyi onun tərəfindən inzibati xətanın törədilməsi aşkar edilirsə elektron qərar qəbul edilməlidir. Belə olan halda, AR İXP-nin 127.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Onunla əlaqəli məsələdə isə yuxarıda baş verən hallar olmadığı halda və güya onun tərəfindən törədilmiş inzibati xəta xüsusi texniki vasitəsi ilə aşkar edilmişdirsə, maraq nədir onu DYP-ə dəvət edirlər? Niyə elektron qərar qəbul edilir. Bu ona sübutdur ki, onun tərəfindən inzibati xəta törədilmədiyindən xüsusi texniki vasitəsi ilə barəsində elektron qərar tərtib edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. DYP-nin inzibati binasında olarkən ona hər hansı bir protokol təqdim edilmədi və izahat tələb edilmədi. O isə düşünmüşdür ki, yəqin onun tərəfindən inzibati xətanın törədilmədiyinə əmin oldular. Lakin sonradan ona sms vasitəsilə məlumat verildi ki, barəsində inzibati protokol tərtib edilib və onun əsasında da inzibati tənbeh etməyə dair qərar. Bu səbəbdən şikayətinə inzibati protokolu və qərarı əlavə edə bilmir. Əvəzinə sms çıxarışları şikayətə əlavə etmişdir. İXM-də bu kimi inzibati xətalara dair iş üzrə qərarlardan verilən şikayətə şikayətçi tərəfindən qərarın əlavə edilməsi kimi imperativ bir öhdəlik yoxdur. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X4 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin faktiki hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlilləri hər hansı sübutla əsaslandırılmamışdır. İşin hərtərəfli, tam və obyektiv surətdə araşdırılması, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməsi üçün təkrar baxışa göndərildikdən sonra qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. X1 törətdiyi inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar olunmuş və həmin texniki vasitə ilə aşkar edilmiş inzibati xəta hadisəsi ilə bağlı İXM-in tələblərinə uyğun icraat aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X4 İdarəsi tərəfindən İXP ******* nömrəli, 24 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən 24 fevral 2024-cü il tarixdə qəbul olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 3(011)-29/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. İnzibati xəta haqqında 24 noyabr 2023-cü il tarixli, İXP ******* saylı protokola əsasən Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul olunmuş 22 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X4 İdarəsinin 24 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X4 İdarəsinin 24 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar