Məhkəmə qərarları › İş №3(011)-952/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-952/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-952/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə, Bakı şəhəri Xərai DYPŞ-nin TP ******* nömrəli, 13 iyul 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xərai DYPŞ-nin TP ******* nömrəli, 13 iyul 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 13 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə ona cərimə yazılmışdır. Cərimə yazılan tarixdə onun 16 yaşı var idi və ona qanunla cərimə yazıla bilməzdi. Lakin buna baxmayaraq polis əməkdaşı onu cərimə etmişdir. Yazılmış cəriməni ödəmədiyi üçün Xətai rayon məhkəməsi ona 180 saat ictimai işlər cəzası təyin etmişdir. Onun epilepsiya xəstəsi olmasını nəzərə alaraq onun cəzasının ləğv edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, keçirilmiş məhkəmə iclasından xəbəri olmayıb, yaşadığı ünvanı dəyişdirdiyinə görə məktub köhnə ünvana göndərilmiş və o məktub ona çatmamışdır. Odur ki, barəsində tərtib edilmiş TP ******* saylı, 13 iyul 2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xərai DYPŞ tərəfindən tərtib edilmiş 13 iyul 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 13 iyul 2020-ci il tarixdə, saat 17:08-də X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xərai DYPŞ tərəfindən tərtib edilmiş 13 iyul 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13 iyul 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 13 iyul 2020-ci il tarixində, saat 17:08-də M.Hadi küçəsində nəqliyyat vasitəsini idarə edərkən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş xəta törədildiyindən, barəsində 200 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Grand Hospital” tərəfindən verilmiş 30 oktyabr 2014-cü il tarixli protokoldan görünür ki, X3 epilepsiyaya bənzər komponentlərlə gicgah paroksizminə xarakterikdir. Beyin qabığı vegetativ oyanıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının 30 Mart 2020-ci il tarixli Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunmuş, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkün olduğu, eyni zamanda COVİD-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha X1, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq tələb olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 aprel 2020-ci il tarixli Azərbaycan Respublikasının ərazisində “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alaraq Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 05 aprel saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 aprel 2020-ci il tarixli Qərarının 1.4-cü bəndinə əsasən şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir şəxlərdən başqa digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. 1.5. Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. Həmin qərarın 1.7-ci bəndinə əsasən elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həmin qərarın 1.12-ci bəndinə əsasən hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 aprel 2020-ci il tarixli Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərində göstərilmiş, insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələbinə əməl etməyərək həmin qərarda qeyd edilmiş fərdi evlərdən və mənzillərdən insanların çıxışına icazə verildiyi heç bir hal olmadan yaşadığı ünvanı tərk etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xərai DYPŞ-nin TP ******* nömrəli, 13 iyul 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar