Məhkəmə qərarları › İş №3(011)-9551/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-9551/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-9551/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X3 və nümayəndəsi “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şabran rayon prokurorluğu tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 31 oktyabr 2025-ci il tarixli qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şabran rayon prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 31 oktyabr 2025-ci il tarixli qərarda göstərilmişdir ki, X7 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X11 22 may 2025-ci il tarixdən 05 sentyabr 2025-ci il tarixədək olan müddət ərzində sonuncunun Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən obyektində kuryer fəaliyyətinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 barələrində qəbul edilmiş qərara etiraz edərək bildirmişdir ki, ilk olaraq bildirir ki, həmin şəxsi tanımır, elə bir işçisi olmamışdır. Həmin şəxslə nə fiziki, nə də hüquqi cəhətdən əlaqəsi olmamışdır. Sentyabr ayında onlara sənəd gəldikdən sonra həmin şəxsin adını bilmişdir və guya həmin şəxs may, iyun və iyul aylarında onun direktoru olduğu şirkətdə işləmişdir. Lakin həmin şəxs onun işçisi olmamışdır. Onlar "xxxx" MMC-nin mallarını məntəqələrə çatdırmaqla məşğul olurlar. Onlar kuryerlik fəaliyyəti ilə məşğul olmurlar, şəxslərə malları çatdırmırlar, məntəqələr vasitəsi ilə çatdırmaları həyata keçirirlər. Beləliklə göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə müəssisənin direktorunun izahatında qeyd etdiyi xüsusatlarla razılaşaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. həmçinin o, əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu hüquqi şəxs "xxxx" MMC-nin mallarını məntəqələrə çatdırmaqla məşğul olurlar. Belə ki, bütün razılaşmaları "xxxx" MMC həyata keçirir, onlar yalnız həmin malları məntəqələrə çatdırır və oradan gəlir əldə edirlər. Misal üçün 200 ədəd mal çatdırıb, hər mal başına 1 manat gəlir əldə edirlər. Belə olan halda gedib həmin şəxslə müqavilə bağlanması aylıq ona 500 manat verilməsi necə mümkün ola bilər? Burada iki arqumentə toxunmaq istəyir, ilk olaraq bildirmək istəyir ki, Şabran rayon prokurorluğunun qərarında Mahirin izahatının alındığı və onun izahatında 22 may tarixdən 10 iyul tarixədək müqavilə bağlamadan, şifahi razılıq əsasında işlədiyini bildirməsi öz əksini tapır, həmçinin bununla yanaşı, Mahirlə bağlanmış müqavilədən də məlum olur ki, Mahirlə müqavilə 10 iyul 2025-ci il tarixdə bağlanmış, o, yalnız həmin tarixdən sonra onların əməkdaşı kimi fəaliyyət göstərmişdir. İkinci olaraq da bildirmək istəyir ki, bir başa qeyd edilmişdir ki, həmin şəxslə razılaşmanı Mahir həyata keçirmişdir. Həmin tarixdə Mahir onların işçisi olmamışdır, "xxxx" MMC-nin işçisi olmuşdur. İkinci arqument isə ondan ibarətdir ki, sənədlərdə bir başa göstərilmişdir ki, onlar özlərinə məxsus məntəqələr vasitəsi ilə və yaxud "xxxx" MMC-nin məntəqələrini icarəyə götürərək fəaliyyət göstərirlər. Onlar 3-4 məntəqəni icarəyə götürüb çatdırılmanı həyata keçirirlər, amma Şabran rayonunda onların belə məntəqəsi yoxdur, "xxxx" MMC-nin məntəqəsi olmuşdur, Mahir həmin tarixdə "xxxx" MMC-nin işçisi olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X21 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun izahat verərək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini təklif etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şabran rayon prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 31 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X3 və nümayəndəsi “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatlara tənqidi yanaşır və hesab edir ki, həmin izahatlar inzibati məsuliyyətdən yayınmaq üçün verilmişdir. Belə ki, Şabran rayon prokurorluğunda verdiyi izahatında şahid qismində izahatı alınmış X16 bildirmişdir ki, 2025-ci ilin may ayında X17 ona müraciət edərək işlədiyi şirkətin mal daşıma fəaliyyəti ilə məşğul olduğunu və Şabran rayonunda filial təşkil etmək üçün onlara obyekt və işçi lazım olduğunu bildirmişdir. O, onun mağazasının olduğunu müşahidə edərək ondan şirkətin mallarının həmin obyektə daşınıb saxlanmasını və onun da həmin malları əhaliyə paylamağını təklif etmişdir. O isə onun təklifi ilə razılaşmışdır. Mahir Babayevlə aralarında olan razılaşmaya əsasən O, şirkətin mallarını hər gün səhər 09-dan axşam 20-dək kargosunu götürmək üçün mağazasına yaxınlaşan şəxslərə təhvil verməli, həmin malların mühafizəsini təmin etməli, malları təhvil verdikdə isə qutunun üzərində olan kağızın üzərini təhvil alan şəxsə imzalatmaqla həmin kağızın şəklini çəkib şirkətin əməkdaşı Məryəm adlı şəxsə “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərməli idi. Bununla yanaşı şirkət üçün bu işi görməyi müqabilində aylıq 400 manat məbləğində ona ödəniş ediləcəkdi. Lakin aralarında əmək müqaviləsi bağlanılmadı. Bu razılaşmadan sonra 22 may 2025-ci il tarixdə işə başlamışdır. O, Mahir Babayevlə aralarında müəyyən edilmiş iş rejiminə uyğun işləyirdi. Belə ki, gələn malları təhvil alırdı, malların mühafizəsini obyektində təşkil edirdi və müştərilərə onların şəxsiyyətlərini müəyyən etdikdən sonra şirkətin mallarını təhvil verib qutuların üzərindəki kağızı təhvil alan imzaladıqdan sonra həmin hissənin foto şəklini şirkətin əməkdaşları olan qrupa göndərirdi. Həmin qrupda olan mesajların fotoşəkillərini araşdırmaya təqdim etmişdir. İşləməyi müqabilində 2025-ci ilin iyun ayında Mahir Babayev ona 400 manat, bununla yanaşı şirkətin mühasibi kimi tandığı X13 ona 17 iyul 2025-ci il tarixdə 300 manat, 23 iyul 2025-ci il tarixdə 200 manat pul ödəmişdirlər. Bu ödəniş tarixlərindən sonra 05 sentyabr 2025-ci il tarixədək eyni qaydada işləməyə davam etmişdir. Lakin həmin dövr üzrə haqqı ona ödənilməmişdir. Bu barədə o, Mahir Babayev və Rahib Hüseynli ilə əlaqə saxladıqda onlar ona şirkət tərəfindən onlara ödəniş edilmədiyini və bu səbəbdən də onların ona ödəniş edə bilmədiyini bildirmişlər. Nəticədə, o, 05 sentyabr 2025-ci il tarixdən etibarən "xxxx" MMC üçün işləməyi dayandırmışdır. O, malların üzərində "xxxx" adı qeyd olunduğu üçün həmin şirkət tərəfindən işlərin görülməsinə cəlb edildiyini hesab edirdi. Lakin sonradan ona məlum olmuşdur ki, onu işlərə cəlb edən Mahir Babayev "xxxx" MMC-nin əməkdaşıdır və o, həmin şirkətin işlərini yerinə yetirir. Bundan başqa, Şabran rayon prokurorluğunda verdiyi izahatında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, 2024-cü ilin dekabr ayından 2025-ci ilin iyul ayınadək olan müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində menecer, 2025-ci ilin iyul ayından sentyabr ayının əvvəllərinədək əməliyyat meneceri vəzifəsində işləmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X5r. Həmin şirkət “Temu” şirkəti vasitəsilə sifariş edilmiş məhsulların daşınması ilə bağlı kargo şirkətidir. Daşınma üçün lisenziya tələbi olduğundan "xxxx" MMC 2025-ci ilin sentyabr ayında öz fəaliyyətini dayandırmışdır. "xxxx" MMC-də işlədiyi müddət ərzində vəzifələri kargoların vaxtında çatdırılmasını təmin etmək, daxil olmuş şikayətləri araşdırmaqdan ibarət olmuşdur. X11 2025-ci ilin iyun ayında onunla vətəndaş şikayətini araşdırmaq ilə əlaqədar telefon danışığı zamanı tanımışdır. Belə ki, 2025-ci ilin iyun ayında hazırda adını xatırlamadığı vətəndaş MMC-yə şikayət edərək şirkətin Şabran rayon filialından öz sifariş verdiyi malı əldə edə bilmədiyini bildirmişdir. O, şikayət ilə əlaqədar Aydın Vahidova zəng etmişdur. O, ona maaşının ödənilməməsi səbəbilə malları vətəndaşlara təhvil verməkdən imtina etdiyini bildirmişdri. Bu hadisədən sonra Aydın Vahidovun əmək haqqı səhv etmirsə, ödənilmişdir. Bundan sonra isə onunla heç bir ünsiyyəti olmamışdır. Bundan başqa, Şabran rayon prokurorluğunda verdiyi izahatında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, 2025-ci ilin yanvar ayında tanışı X18 2024-cü ilin noyabr ayından etibarən X6 məxsus "xxxx" MMC-də menecer işlədiyini bildirib ona da həmin şirkətdə vakansiya olması ilə əlaqədar işləməyini təklif etmişdir. O da onun bu təklifi ilə razılaşıb Rasim Abutalıbovla tanış olmuşdur. Rasim Abutalıbovla aralarında olan razılaşmaya əsasən o, şirkətin koordinator vəzifəsini yerinə yetirməli idi. Malların çeşidlənməsi, rayonlarda olan məntəqələrə çatdırılması işlərinə nəzarət edir, işçilərin problemlərini Rasim Abutalıbova məruzə etməklə həllini təmin edirdi. Bu işləri görməyi müqabilində ona aylıq 1500 manat məbləğində ödəniş edilirdi. Lakin onunla əmək müqaviləsi bağlanılmamışdır. 01 iyul 2025-ci il tarixdə onunla Rasim Abutalıbov arasında əmək müqaviləsi bağlanılmış və bölgə müdiri vəzifəsinə rəsmi işə götürülmüşdür. İşlədiyi şirkətin direktoru olmuş Rasim Abutalıbov ondan Şabran rayonunda filial açılması üçün obyekt tapmağını istəmişdir. Bununla əlaqədar o, 2025-ci ilin may ayında Şabran rayonuna getmişdir. Orada buna qədər tanımadığı X16 ilə tanış olmuşdur. X23 rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən ətir mağazasının sahibi idi. O, ona şirkət tərəfindən daşınan malların Şabran rayon sakinlərinə çatdırılması üçün onun obyektinin təhvil alma obyekti olmasını, bunun müqabilində ona 300 manat pul verəcəklərini təklif etmişdir. Aydın Vahidovla bu barədə razılaşmışlar. Bununla yanaşı Aydın Vahidov sakinlər öz mallarını təhvil almaq üçün obyektə yaxınlaşdıqda onlara malı təhvil verəcək idi. Onunla aralarında müəyyənləşdirdikləri iş rejiminə əsasən o, həftənin bazar günləri istisna olmaqla, həftənin digər günləri saat 10-dan axşam saat 20-dək ona məxsus obyektə ona təhvil verilmiş şirkət mallarını sakinlərə təhvil verəcək idi. Bu razılaşma barədə şirkətin direktoru Rasim Abutalıbova məlumat vermişdir. Bundan sonra Aydın Vahidov şirkət üçün işləməyə başlamışdır. Bunu da qeyd etməlidir ki, X15 Vahidov arasında əmək müqaviləsi bağlanılmamışdır. Aydın Vahidova may-iyun aylarının ödənişi tam həcmdə edilmişdir. Bundan sonra Aydın Vahidov haqqının artırılmasını xahiş etmişdir. O, bu barədə Rasim Abutalıbova məlumat vermiş və sonuncunun razılığı ilə Aydın Vahidov 500 manat məbləğində haqq ödəniləcəyi barədə razılaşmışlar. Bundan sonra 2025-ci ilin iyul ayında Aydın Vahidov ona onun gördüyü işə görə haqqının ödənilmədiyini bildirmişdir. O, bu barədə Rasim Abutalıbova məlumat vermişdir. Rasim Abutalıbov ona Aydın Vahidovun qeyri-rəsmi işçi olması ilə əlaqədar onun haqqının ödənilməyəcəyini bildirmişdir. Bundan başqa, Şabran rayon prokurorluğunda verdiyi izahatında şirkətin direktoru X7 bildirmişdir ki, 2008-ci ildə tərəfindən "xxxx" MMC təsis edilmişdir. "xxxx" MMC vergi ödəyicisidir, eyniləşdirmə nömrəsi **********-dir. Şirkət qurulduğu ilk vaxtlarda marketinq, sahibkarlıq sahəsində treninqlərin keçirilməsi və konsultasiya xidmətləri, dövlət layihələrinin icrası fəaliyyəti ilə məşğul olurdu. Bununla yanaşı qeyd etməlidir ki, 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Biznesin idarə edilməsi kafedrasının müdiri vəzifəsində işləyir. 2024-cü ilin oktyabr ayında əvvəllər Bakı Mühəndislik Universitetində onun tələbəsi olmuş X18 ona müraciət edərək daşıma fəaliyyəti ilə məşğul olmaq istədiyini, bununla bağlı investisiya lazım olduğunu bildirmişdir. Vüqar Omarov ona gələcəkdə bu fəaliyyətdən gəlir əldə edəcəklərini vəd etmişdir. O da onun fikri ilə razılaşmışdır. Bundan sonra 01 dekabr 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təsisçisi olduğu "xxxx" MMC arasında əməkdaşlıq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən təsisçisi olduğu şirkət onlayn alış-veriş platforması vasitəsilə vətəndaşlar tərəfindən "xxxx" MMC altında Azərbaycan Respublikası ərazisinə sifariş edilən bağlamaların həmin şirkətin göstərişi əsasında Azərbaycan Respublikasının ərazisində hər bir vətəndaşa ayrı-ayrılıqda öz təhvil məntəqələrindən və ya "xxxx" MMC-dən icarəyə (subicarəyə) götürdükləri təhvil məntəqəsindən təhvil verilməsi üzrə xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. Bundan sonra həmin şirkətlə müqaviləyə uyğun olaraq fəaliyyət göstərmişlər. Qanunvericiliyin tələbinə uyğun olaraq 26 may 2025-ci il tarixdə sürətli poçt xidməti ilə əlaqədar lisenziya əldə etmişlər. Vüqar Omarov şirkətdə menecer, X17 regional menecer, X2 isə ofis meneceri vəzifəsində işləyirdi. 2025-ci ilin iyun ayında ona məlumat daxil olmuşdur ki, Vüqar Omarov, Mahir Babayev və İbiahim Abdullayev ölkə ərazisində olan filiallarında vətəndaşları işə cəlb etmiş və onların iş haqlarını ödəməmişlər. X8 məlumatı olmadan şirkət adından vətəndaşları işə cəlb etməyi barədə Baş Prokurorluğa şikayət etmişdir. Şabran rayonu ərazisində təsisçisi olduğu "xxxx" MMC-nin çatdırdığı məhsulların vətəndaşlara çatdırılması üçün təhvil alma məntəqəsinin yaradılması, yüklərin həmin məntəqəyə daşınması və oradan paylanması barədə məlumatı var idi. X24 həmin məntəqədə işçi cəlb etməyindən məlumatı yox idi. X9 şikayəti ilə əlaqədar Şabran rayon prokurorluğuna dəvət olunan zaman bu barədə məlumatı olmuşdur. O, Aydın Vahidov adlı şəxsi tanımır. X25 Omarov işə cəlb etmişdir. Şabran rayonunda olan məntəqələrində kiminsə işləyib-işləməməsi barədə məlumatı olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə “Mahirlə 10 iyul 2025-ci il tarixdə müqavilə bağlandığını, yalnız həmin tarixdən sonra onların əməkdaşı kimi fəaliyyət göstərdiyini, həmin şəxslə razılaşmanı Mahirin həyata keçirdiyini, həmin tarixdə Mahir onların işçisi deyil, "xxxx" MMC-nin işçisi olduğunu, 3-4 məntəqəni icarəyə götürüb çatdırılmanı həyata keçirdiklərini, amma Şabran rayonunda onların belə məntəqəsi olmadığını, həmin məntəqənin "xxxx" MMC-yə məxsus olduğunu və Mahirin həmin tarixdə "xxxx" MMC-nin işçisi olduğunu” qeyd etsə də, Şabran rayon prokurorluğunda verdiyi izahatında şirkətin direktoru X7 “01 dekabr 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təsisçisi olduğu "xxxx" MMC arasında əməkdaşlıq müqaviləsi bağlandığını, həmin şirkətlə müqaviləyə uyğun olaraq fəaliyyət göstərdiklərini, qanunvericiliyin tələbinə uyğun olaraq 26 may 2025-ci il tarixdə sürətli poçt xidməti ilə əlaqədar lisenziya əldə etdiklərini, Vüqar Omarov şirkətdə menecer, X17 regional menecer, X2 isə ofis meneceri vəzifəsində işlədiklərini, 2025-ci ilin iyun ayında ona Vüqar Omarov, Mahir Babayev və İbrahim Abdullayevin ölkə ərazisində olan filiallarında vətəndaşları işə cəlb etmiş və onların iş haqlarını ödəməmələri barədə məlumat daxil olduğunu, Şabran rayonu ərazisində təsisçisi olduğu "xxxx" MMC-nin çatdırdığı məhsulların vətəndaşlara çatdırılması üçün təhvil alma məntəqəsinin yaradılmasını, yüklərin həmin məntəqəyə daşınmasını və oradan paylanması barədə məlumatın olduğunu, X24 həmin məntəqədə işçi cəlb etməyindən məlumatı olmadığını, X25 Omarovun işə cəlb etdiyini, Şabran rayonunda olan məntəqələrində kiminsə işləyib-işləməməsi barədə məlumatı olmadığını” qeyd etmişdir. Bununlad a məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X3 Şabran rayon prokurorluğunda və nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatlar arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, qeyd olunan hal həmin izahatların inzibati məsuliyyətdən yayınmaq üçün verilməsinə və həqiqəti əks etdirməməsinə dəlalət edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin iş materiallarına əlavə edilmiş izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC tərəfindən X9 22 may 2025-ci il tarixdən 05 sentyabr 2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar