Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-956/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, X3 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə AR İXM-nin 328.1 və 332.2-cü maddələrinə əsasən 300 manat məbləğində cərimələnmişdir. Xətai Rayon Məhkəməsinin 3(011)-4219/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Daha sonra həmin cəriməni tam ödəmiş, Xətai Rayon Məhkəməsinin 3(011)-4219/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Xətai Rayon Məhkəməsinin 3(011)-4219/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına xitam verilmişdir. Həmin qərarı məhkəmədən götürərək Baş Dövlət Yol Polis İdarəsinə təqdim etmiş, lakin indiyə qədər nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına xitam verilməmişdir. Xətai Rayon Məhkəməsinin 3(011)-4219/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə təqdim etmiş, lakin həmin qərar icra edilmədiyindən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə 300 manat məbləğində cərimə edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 08 yanvar 2024-cü il tarixində 14:40 radələrində Bakı şəhəri, Neftçilər prospekti ünvanında “Kia Sportage” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 300 manat məbləğində cərimə edilmişdir. Xətai Rayon Məhkəməsinin 3(011)-4219/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Xətai Rayon Məhkəməsinin 3(011)-4219/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 88.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına Xətai Rayon Məhkəməsinin 3(011)-4219/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verilmişdir. Lakin Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına xitam verildikdən sonra qəbul edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-956/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-956/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver