Məhkəmə qərarları › İş №3(011)-970/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-970/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-970/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 3-cü ərazi X1 İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 3-cü ərazi X1 İdarəsi tərəfindən 29 yanvar 2024-cü il tarixdə Xətai rayonu, Mehdizadə küçəsi 2-4 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən YTM zamanı məlum oldu ki, YTQ 01-2001, bənd – 10.4, 6.5, YTQ 05-86 bənd 2.9 tələblərinin pozulması faktı müəyyən edilmişdir. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 3-cü ərazi X1 İdarəsinin inspektoru Mikayıl Xəlilzadə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 3-cü ərazi X1 İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Fövqəladə Hallar Nazirliyi X1 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus obyektdə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 25 yanvar 2024-cü il tarixdə KY242069012 nömrəli çıxarış verilmişdir. Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 3-cü ərazi X1 İdarəsinin rəisi vəzifəsini icra edən Niyaməddin Dərgahov tərəfindən qəbul edilmiş 595 nömrəli 25 yanvar 2024-cü il tarixli yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mağazada xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi qərara alınmışdır. 29 yanvar 2024-cü il tarixli 595 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, yanğın-texniki müayinə zamanı bir neçə qanun pozuntuları o cümlədən elektrik təsərrüfatına proflaktiki baxış keçirilməsi barədə aktın təqdim edilməməsi, obyektin odsöndürən balonlarla təmin olunmaması, elektrik təsərrüfatının EQQQ-nin tələblərinə uyğun olmaması və ərazinin yanar tullantılardan təmizlənməməsi aşkar edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, X1 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X1 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 5.1-ci bəndinə əsasən, köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 6.5-ci bəndinə əsasən, elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur: - elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək; nasaz elektrik qurğularından istifadə etmək; -elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək; - dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək; - standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək; - magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək; - elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 10.4-cü bəndinə əsasən otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDIM: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar