Məhkəmə qərarları › İş №3(011)-971/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-971/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-971/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X6 İdarəsi tərəfindən TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Xətai rayon, F.Bayramov-M.Mehdizadə küçəsində baş vermiş qayda pozuntusuna əsasən DYP tərəfindən şikayətçiyə xx.xx.2024-cü il tarixdə protokol tərtib olunaraq TP ******* saylı qərar qəbul edilmişdir. Lakin məlum oldu ki, həmin protokol şəhər təhlükəsizlik kamerasının qarşısında əyləşən polis əməkdaşı planşet vasitəsi ilə monitor arxasında qayda pozuntumun foto şəklini çəkərək barəmdə ARİXM-nin 327.4 1.1, 1.3 və 1.11-ci maddəsilə inzibati protokol tərtib olunaraq 150 manat inzibati cərimə olunmuşdur. xx.xx.2024-cü il tarixdə ***-***-**-** mobil nömrəsi ilə sms göndərərək Bakı şəhər DYPİ 106-cı otağına yaxınlaşmalı olduğunu bildirmişdir. (Bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır). Onunla əlaqə saxladıqda xx.xx.2024-cü il tarixdə törətdiyi qayda pozuntusunun törədildiyi vaxdan (127-5.3. İnzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir) 1 aya yaxın keçməsinə baxmayaraq şikayətçiyə xx.xx.2024-cü il tarixdə yəni 1 ay 9 gün sonra qərar qəbul olunmuşdur. X6 İdarəsinin əməkdaşı xüsüsi vasitə ilə aşkar edilmiş qanun pozuntusunun video və ya foto görüntü olmadan elektron kabinetdə şikayətçiyə inzibati protokol tərtib edərək xx.xx.2024-cü il tarixdə qanunsuz qərar qəbul etmişdir. Əlavə olaraq xüsusi texniki vasitələrlə aşkar edilmiş qanun pozuntusunun 24 saat müddətində elektron kabinetdə yerləşdirilməlidir. Lakin polis əməkdaşı şikayətçiyə "Bizdə belədi, get kimə istəyirsən şikayət elə" demişdir. Məhkəmə iclasında izahat verən şikayətçi şikayət ərizəsini müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yağışlı hava olduğundan, sözügedən küçədə hərəkət edən avtomobillərin hamısı eyni şəkildə əks istiqamətdə hərəkət etdiyindən, özü də həmin axına qoşularaq əks istiqamətdə getmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 “Toyota Corolla” minik markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 17:44də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov-M.Mehdizadə küçəsində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, X2 idarə etdiyi avtomobillə əks istiqamətdə hərəkət etməsi onun məhkəmə iclasında özünün verdiyi izahatla öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə X3 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğu qənaətinə gəlir. Odur ki, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar