Məhkəmə qərarları › İş №3(011)-9710/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-9710/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-9710/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 492-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 492-ci maddələri ilə 30 oktyabr 2025-ci il tarixli, 00100-03227/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********8304 sorğu nömrəli gömrük bəyannaməsi ilə 720 ədəd flakonda "İnmax Tall (60 kapsul)" və invovs dəyəri 4320 ABŞ dolları olan 720 ədəd flakonda “İnmax Hair and nail” qida əlavələri müvəqqəti idxal gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin, xx.xx.2024-cü il tarixli **********1497 sorğu nömrəli gömrük bəyannaməsi ilə 720 ədəd flakonda “İnmax hair and nail” qida əlavələri məhvetmə gömrük proseduru altında rəsmiləşdirilmişdir. Sözügedən bəyannamə əsasında bəyan edilmiş malların məhvetmə prosesini həyata keçirmək üçün hüquqi şəxsin ünvan 1 ünvanında yerləşən anbarında olan qida əlavələrinə gömrük yoxlaması zamanı müəyyən edilmişdir ki, qida əlavələrinin saxlanıldığı otağın gömrük təminatı yerində yoxdur. Mallara baxış zamanı isə yükə dair sənədlərdə göstərilən qida əlavələrinin sayı ilə anbarda olan faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Beİə ki, sənədlərdə ümumilikdə 720 ədəd flakonda "İnmax hair and nail" qida əlavəsi göstərildiyi halda, faktiki olaraq anbarda ümumilikdə 693 ədad flakonda “İnmax hair and nail” qida əlavəsi olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından həmin flakonlar açılaraq içərisində olan kapsullara baxış keçirilmiş və baxış zamanı bütün kapsulların içərisinin boş olduğu, içərisində heç bir maddənin olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, flakonların üzərində həblərin sayı 60 göstərildiyi halda, faktiki olaraq həmin flakonların içərisində müxtəlif sayda kapsullar olduğu müəyyən edilmişdir. Yoxlama tam başa çatdıqdan sonra həmin predmetlər anbarda olan digər otağa yerləşdirilmiş və həmin otaq “AA0Q68912” nömrəli gömrük təminatı ilə təminat altına alınmışdır. xx.xx.2025-ci il tarixdə isə həmin mallar Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postuna gətirilərək 100 nömrəli anbara yerləşdirilmiş və həmin anbar gömrük təminatı ilə təmin edilmişdir. Həmçinin, "İncir Medical and Health Services” MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********5852 sorğu nömrəli gömrük bəyannaməsi ilə invoys dəyəri 4287.50 ABŞ dolları olan 1750 ədəd flakonda “D Max Vitamin D3 50000 İU (30 softqels)” yükü müvəqqəti idxal gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin, xx.xx.2025-ci il tarixli **********7697 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1750 ədəd flakonda “D Max Vitamin D3 50000 İU (30 softgels) qida əlavəsini məhvetmə gömrük proseduru altında bəyan etmişdir. Sözügedən bəyannamə əsasında bəyan edilmiş malların məhvetmə prosesini həyata keçirmək üçün hüquqi şəxsin ünvan 2 ünvanında yerləşən anbarında olan qida əlavələrinə gömrük yoxlaması zamanı müəyyən edilmişdir ki, qida əlavələrinin saxlanıldığı otağın gömrük təminatı yerində yoxdur. Mallara baxış zamanı isə yükə dair sənədlərdə göstərilən qida əlavələrinin sayı ilə anbarda olan faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, sənədlərdə 1750 ədəd flakonda “D Max Vitamin D3 50000 İU (30 softqels)” qida əlavəsi göstərildiyi halda, faktiki olaraq anbarda ümumilikdə 1746 ədəd flakonda “D Max Vitamin D3 50000 İU (30 softgels)“ qida əlavəsi olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından həmin flakonlar açılaraq içərisində olan kapsullara baxış keçirilmiş və baxış zamanı bütün kapsulların içərisinin boş olduğu, içərisində heç bir maddənin olmadığı müəyyən edilmişdir. Həmçinin, flakonların üzərində həblərin sayı 30 kapsula göstərildiyi halda faktiki olaraq həmin flakonların içərisində müxtəlif sayda kapsullar olduğu və qutuların ikisində karton arakəsməsinin üzərində Azərbaycan dilində firma adı “Herba Flora" firması və ünvanı qeyd olunmuşdur. Həmin mallar Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postuna gətirilərək 100 nömrəli anbara yerləşdirilmiş və həmin anbar gömrük təminatı ilə təmin edilmişdir. Bununla da idxalatçı Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 492-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş 30 oktyabr 2025-ci il tarixli, 00100-03227/25 nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs tərəfindən gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsi, daşınması, yüklənməsi, boşaldılması, bir yerdən başqa yerə yüklənməsi, qablaşdırılması, qablaşdırma zədələrinin düzəldilməsi, yenidən qablaşdırılması və ya daşınma üçün qəbul edilməsi, həmin mallardan prob və nümunələr götürülməsi, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılması kimi Azərbaycan Respublikası İXM-nin 491.1 və 491.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi göstərilsə də, hüquqi şəxs Şəxs MMC-nin əlavə olaraq təqsirləndirildiyi Azərbaycan Respublikası İXM-nin 492-ci maddəsinin hansı hissəsində nəzərdə tutulan əməli törətməsi qeyd olunmamışdır. Həmçinin, yuxarıda qeyd olunan anlaşılmazlığın aradan qaldırılması üçün inzibati xəta haqqında iş dəfələrlə təxirə salınmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə bildirişləri göndərilməklə məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi xahiş edilsə də, səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 492-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş 30 oktyabr 2025-ci il tarixli, 00100-03227/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar