Məhkəmə qərarları › İş №3(011)-974/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-974/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-974/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, X1 Baş X6 İdarəsinin 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25094706 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25094706 saylı inzibati tənbeh tədbiri barədə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-5108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X1 Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25094706 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 17 dekabr 2024-cü il tarixdə EQ 25094706 saylı qərarı ilə AR İXM-nin 327.1-1-ci maddəsinə əsasən 100 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır. Belə ki, həmin tarixdə səhər radələrində Yusif Səfərov küçəsi ilə hərəkətin Afiyəddin Cəlilov küçəsinə birləşən hissəsində keçmiş Cavanşir körpüsü ləğv edilməsindən sonra 2 yol ayrıcı yaradılmışdır. Həmin küçəyə köməkçi yolayrıcı ilə daxil olduqda birbaşa avtobus zolağı olan yola daxil olur və yol ayrıcının bitmə xətti avtobus zolağından çıxış, yəni “X4” Qanunun 69-cu maddəsinin 1.11 nömrəsi ilə qeyd edilən xəttindən daha irəlidə qoyulub. Belə olan halda yolayrıcından çıxıb avtobus zolağından sonrakı zolağa daxil olmaq qeyri-mümkündür. Buna dair həmin yolun sonrada videosunu çəkmiş və ərizə elektron verildiyindən ərizəyə əlavə edə bilməmişdir, lakin şikayəti icraata qəbul olunduqdan sonra poçt vasitəsilə göndərəcək. Bundan əlavə olaraq o, həmin 1.11 nişanlanma xəttindən çıxış edə bilməsə də 10 metr öndə həmin xətlənmə yenidən qoyulmuşdur. O da həmin xətlənmədən çıxış etmişdir. AR DİN BDYPİ bunu bildikləri üçün elektron kabinetdə ona video təqdim etməmişdir. Halbuki başqa şəxslərə qeyd olunan maddə ilə bağlı videogörüntü təqdim edilir və buna borcludur. Ona isə yalnız bir şəkil göndərilmiş və orda da həmin zolağın ümumiyyətlə avtobus zolağı olmasına dair heç bir sübut yoxdur. AR DİN BDYPİ tərəfindən məhkəməyə video təqdim olunsa görünər ki, o, digər 1.11 xəttinin ərazisindən həmin avtobus zolağından çıxış etmişdir. Qanunvericilikdə bu zolağın hansı çıxışından çıxılmasına görə məhdudiyyət yoxdur. O, tam qanuni olan zolağdan çıxış etməsə idi belə, digərindən çıxış etdiyi üçün yenə də məsuliyyətə cəlb edilə bilməzdi. Hadisə səhər saatlarında tıxacın kəskin olduğu vaxt baş vermişdir. Videoda da göstərdiyi kimi tıxac vaxtı həmin zolağa keçilməsi tez bir sürətdə keçilməsi təhlükə yaradır və nişanlanma yolayrıcının bitməsinə uyğun nişanlanmalıdır. Sürücü yolayrıcı bitməmiş başqa avtomobillərin üzərindən necə həmin zolağa daxil ola bilər? Bu hallar nəzərə alınmasa belə onun digər zolaqdan çıxdığı video müşahidə ilə dəqiqdir və o, 1.11 nişanlanma xəttinin dairəsi olmayan yerdən çıxa bilməz. Həmçinin video da baxılsa onun həmin zolaqda tam hərəkəti mövcud deyil. Belə olan halda isə o, İXM-nin 327.1-ci maddəsi ilə cərimələnəcək idi. Şikayətə əlavə etdiyi Bak Apellyasiya Məhkəməsinin qərarına əsasən hazırki iş üzrə məhkəməyə müraciət edərkən inzibati orqan qərarı rəsmi qaydada təqdim etmədiyindən həmin qərarı sizə təqdim etməsi ilə bağlı hər hansı məcburiyyət yoxdur. Həmin qərar preyudisial xarakter daşıyır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi X3 və səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə işə şikayətçi X1 və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, şikayətçi X3 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, hazırki iş üzrə məhkəmə iclasında sağlamlığı ilə əlaqədar iştirak edə bilməyəcək. Bundan əlavə olaraq iş materiallarına əlavə olunmuş videodan da görünür ki, daxil olduğu yol ayrıcından avtobus üçün nəzərdə tutulmuş zolaqdan çıxış xəttindən hərəkət qeyri-mümkündür. Qanunvericiliklə də digər zolaqda çıxış etməsi heç bir qanun pozuntusunu özündə əks etdirmir. Azərbaycan Respublikası "X4” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Həmçinin cərimə məbləği tərəfindən ödənilsə belə bu işin hallarının baxılmasını istisna etmir və pozulmuş hüquqlarının bərpasının təmin olunması üçün məhkəmə iclasına iştirakı olmadan baxılmasını və şikayətə əsasən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sürücünün şəxsi kabinetinə əlavə edilmiş Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25094706 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə, saat 08:27-də “Volkswagen Jetta minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəlsinə əsasən 90 (doxsan) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-1-ci maddəsinə əsasən “X4” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25094706 saylı inzibati tənbeh vermə haqqında qərarda X1 “Volkswagen Jetta minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi göstərilmiş və ona 90 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, şəxsin barəsində tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25094706 saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunmuş 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25094706 saylı inzibati tənbeh vermə haqqında elektron qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci amaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti təmin edilməli, Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25094706 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25094706 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar