Məhkəmə qərarları › İş №3(011)-9936/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-9936/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-9936/2025 26.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 06 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və 18 noyabr 2025-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmaması göstərilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi üçün müəyyən edilmiş sonuncu müddət 30 aprel 2024-cü il tarixli olmuşdur ki, qeyd olunan tarixdən qanunla müəyyən edilmiş 1 illik kəsici müddət ötmüşdür. Üstəlik inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmaya kobud pozuntular ilə tərtib edilmişdir. Belə ki, Şəxs MMC fəaliyyətini 17 dekabr 2024-cü il tarixində "xxxx" MMC-yə qoşulma yolu ilə dayandırmasına baxmayaraq protokol faktiki olaraq mövcud olmayan hüquqi şəxs barəsində tərtib edilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 06 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və səlahiyyətli orqanın nümayəndəsinin çıxışını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında maraqlı şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən "xxxx" MMC hüquqi şəxslər "xxxx" MMC və Şəxs MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmiş və onların hüquqi varisidir. Lakin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmadan xx.xx.2024-cü il tarixdən fəaliyyətini dayandırmış hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, yuxarıda sadalanan hallarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 06 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar